Məmmədyarov Londonda Qarabağdan danışıb

Məmmədyarov Londonda Qarabağdan danışıb
  04 Sentyabr 2013    Oxunub:982
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Londona səfəri çərçivəsində Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda ölkəmizə və regionumuza maraq göstərən beynəlxalq ekspertlərlə görüş keçirib.

XİN mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş əsnasında nazir Məmmədyarov Azərbaycan Respublikasının xarici siyasətinin prioritetləri və dünya birliyi ilə əlaqələri, eləcə də Azərbaycan-Böyük Britaniya münasibətləri və ölkəmizin Avropa İttifaqı və NATO ilə əməkdaşlığı haqqında geniş məlumat verib.

Azərbaycan iqtisadiyyatının enerji sektorunun ölkəmizlə yanaşı regionun da inkişafına böyük töhfə verdiyini deyən nazir Məmmədyarov, Azərbaycanın qeyri-neft sektorunda da geniş iqtisadi potensialın mövcud olduğunu qeyd edib və son illər ərzində bu sahənin inkişaf etdirilməsinə mühüm sərmayələr qoyan ölkəmizin qonşu dövlətlər və Avropa İttifaqı ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsindən danışaraq, bu münaqişənin regionun inkişaf potensialının tam şəkildə istifadə edilməsi üçün ən ciddi maneə olduğunu vurğulayıb.

Görüş zamanı nazir Məmmədyarov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti