DİN biometrik pasportların istehsalına başladı

DİN biometrik pasportların istehsalına başladı
  04 Sentyabr 2013    Oxunub:1231
Ödədikləri rüsumdan asılı olaraq vətəndaşlar on, beş və ya bir iş günü ərzində pasportlarla təmin olunacaqlar.

Sentyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Bakı Regional Mərkəzinin yeni tikilmiş inzibati binasında biometrik pasportların istehsalına və vətəndaşlara təqdim olunmasına start verilib. Tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi və mənimsənilməsi məqsədilə Baş İdarənin əməkdaşları Kanada, Almaniya, İsveçrə, Estoniya, Xorvatiya və digər ölkələrə ezam olunaraq müxtəlif kurs, seminar və treninqlərdə iştirak ediblər. Yeni nəsil pasportların istehsalı üçün İsveçrənin "Trüb AG" şirkəti ilə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, müvafiq texniki avadanlığın və proqram təminatının Azərbaycana gətirilməsi və quraşdırılması, pasport blanklarının hazırlanması təmin olunub.

Regional Mərkəzin 3 mərtəbəli yeni inzibati binasının birinci mərtəbəsində elektron növbələri tənzimləyəcək müvafiq köşklər quraşdırılıb.Zalda eyni vaxtda 24 vətəndaşdan sənədlərin qəbulu, həmçinin 24 nəfərin öz növbəsini gözləməsi nəzərdə tutulur. Gün ərzində orta hesabla 700-dən artıq şəxsin sənədlərini qəbul etmək mümkün olacaq.

Qəbul salonunda fotoşəkillərin çəkilməsi üçün biometrik fotokabinalar, əl-barmaq izlərinin alınması üçün müasir daktiloskopik avadanlıqlar, məlumatların dərhal bazaya ötürülməsi, həmçinin xüsusi yoxlamaların keçirilməsi üçün müvafiq proqram təminatı ilə təchiz edilmiş kompüterlər və digər texniki vasitələr yerləşdirilib.
Ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq vətəndaşlar on, beş və ya bir iş günü ərzində pasportlarla təmin olunacaqlar.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 10 vətəndaşa yeni biometrik pasportları təqdim edib.

AzVision.az


Teqlər:





Xəbər lenti