“Çatam Houz” Milli Şuranı Londona dəvət etməyib

 “Çatam Houz” Milli Şuranı Londona dəvət etməyib
  03 Sentyabr 2013    Oxunub:1017
Bir neçə gündür mediada Böyük Britaniyanın Kral İnstitutu tərəfindən Milli Şura rəhbərliyinin Londona səfərinin təşkil ediləcəyilə bağlı məlumatlar yayılır.

Rəsmi olmayan və gizli mənbələrə istinadən verilən bu xəbərdə deyilir ki, səfər sentyabrın 8-də başlayacaq və 2 gün davam edəcək.

Modern.az saytı araşdırma apararaq, adıçəkilən İnstitut tərəfindən Milli Şuraya hər hansı dəvətin olub-olmadığını müəyyən etməyə çalışıb. Beynəlxalq Münasibətlər üzrə Böyük Britaniya Kral İnstitutu - “Çatam Hauz”un rəsmi saytında bu görüşlə bağlı heç bir məlumat yoxdur.

Lakin bu İnstitutda Azərbaycanda gözlənilən prezident seçkilərilə bağlı müzakirələr planlaşdırılıb. “Azərbaycan seçkilərdən əvvəl və sonra” adlı bu müzakirələr 17 sentyabr 2013-cü il tarixində Londonda keçiriləcək. “Çatam Hauz”dakı bu müzakirəyə rəsmi olaraq Azərbaycandan məruzəçi kimi REAL hərəkatının rəhbərlərindən biri - hüquqşünas Erkin Qədirli dəvət edilib.

Bununla bağlı Kral İnstitutunun rəsmi dəvətnaməsindəki qeydlərdə bildirilir ki, toplantı zamanı seçkilərdən əvvəlki periodda olan məsələlər müzakirə olunacaq.

“REAL hərəkatının, Milli Şuranın seçkilərdə iştirak perspektivləri, ölkənin hazırkı rəhbərliyinin idarəçiliyi, post-neft dövrü iqtisadiyyatı və ictimai narazılığın idarə edilməsi ilə yaxınlaşan keçid dövrünə dair məsələlər gündəlikdə olacaq. Erkin Qədirli siyasi səhnədəki mövcud gərginliklə bağlı məruzə edəcək. İlkin çıxışdan sonra bir saatlıq sual-cavablarla müşayiət olunacaq müzakirələr aparılacaq”-deyə rəsmi açıqlamada vurğulanır. Açıqlamada toplantının qapalı keçiriləcəyi vurğulanıb. “Giriş yalnız xüsusi dəvətlədir”-deyə sənəddə qeyd olunub.

Xatırladaq ki, bir qədər öncə yayılan məlumatda bildirilib ki, Milli Şuradan Londona gedəcək heyətdə qurumun sədri Rüstəm İbrahimbyov, Müsavat başqanı İsa Qəmbər, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, EL hərəkatının sədri Eldar Namazov təmsil olunacaq. Səfər zamanı Milli Şura üzvlərinin Böyük Britaniyanın bir sıra rəsmi şəxsləri, eyni zamanda ictimai sektor nümayəndələri ilə görüşünün gözlənildiyi qeyd olunub.

1920-ci ildə yaradılmış Beynəlxalq Münasibətlər üzrə Kral Araşdırmaları İnstitutu dünyanın nüfuzlu məkanlarından sayılır. Qraf Çatamın İnstituta bağışladığı mülkün adı ilə bu institut “Çatam Houz” da adlanır. İnstitutun məqsədi beynəlxalq arenadakı əsas problemlərin öyrənilməsi və anqlo-amerikan qarşılıqlı münasibətlərini möhkəmlətməkə Amerika auditoriyasının ümumi dəstəyini almaqdır.

“Çatam-Houz” öz daxili qaydalarına əsasən, görüşlər və diskussiyalar təşkil edir. Bu qaydalara görə, iştirakçılar aldıqları informasiyadan azad şəkildə istifadə edə bilərlər, ancaq onlar toplantıda çıxış edənlərin adlarını və işlədikləri yeri açıqlamaq ixtiyarında deyillər. Bundan başqa informasiyanı hardan aldıqları barədə xatırlatma vermək də qadağandır.

Kral Araşdırmaları İnstitutu Şura tərəfindən idarə olunur. Şuranın sədri lord Marşall Naytsbridc, direktor isə professor Viktor Balmer-Tomasdır.
Qurum Afrika, Şimali və Cənubi Amerika, Asiya, Avropa, Yaxın Şərq, Rusiya və Avrasiyanın beynəlxalq iqtisadiyyat və müdafiə sahələrində təhqiqatlar aparır.


Teqlər:  





Xəbər lenti