"Ən yüksək pilləni fəth etdik" - Təhsil naziri

"Ən yüksək pilləni fəth etdik" - Təhsil naziri
  23 May 2017    Oxunub:1606
“Paytaxtımızda təşkil olunmuş möhtəşəm idman bayramı - IV İslam Həmrəyliyi Oyunları ölkəmizin idman, mədəniyyət tarixinə ən yaddaqalan zəfər günləri kimi yazılacaq”.
AzVision.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov yazıb. Nazir bildirib ki, Azərbaycanlı idmançılar ölkəmizin şərəfini daha da yüksəklərə qaldıraraq xalqımızı möhtəşəm qələbələri ilə sevindirib və dünyanın 54 ölkəsi arasında kürsünün ən yüksək pilləsini fəth ediblər.

“Fəxrlə deyə bilərik ki, IV İslamiada tarixə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyinin beynəlxalq təntənəsi kimi həkk olunacaq. Böyük sevinc hissi ilə bildirmək istəyirəm ki, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirməsi olan 18 nəfər idmançı 8 idman növü üzrə milli yığma komandaların tərkibində “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edib. Onlardan 6 nəfəri bu oyunların mükafatçısı olub 4 qızıl, 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıblar.Qazanılan uğur münasibətilə idmançılarımızı təbrik edirəm”.

M. Cabbarob qeyd edib ki, bu yarışlarda xüsusi missiya ilə iştirak edən könüllülərin fəaliyyəti ayrıca qeyd olunmalıdır: “Bütövlükdə IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin müxtəlif ali təhsil müəssisələrində təhsil alan 11 mindən çox könüllü fəaliyyət göstərib. Onlar bu tədbirdə ölkəsinin yüksək səviyyədə təmsil etmək şövqü ilə çalışıblar. İslam Oyunlarının bağlanış mərasimində ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın könüllülərə səmimi təşəkkürü bunu bir daha təsdiq edir. Fəxrlə deyə bilərik ki, son illərdə könüllülük Azərbaycanda bu cür möhtəşəm tədbirlərin ayrılmaz atributuna çevrilib. Bir sözlə, könüllülər də idmançılarımızla birgə tarix yazdılar. Əziz könüllülər, sizi bu missiyanız münasibəti ilə bir daha ürəkdən təbrik edirəm! Qalibiyyətimiz mübarək!”

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Mikayıl-Cabbarov  





Xəbər lenti