“Bizdə yoxsulluq, işsizlik cəmi 5 faizdir" - Vitse-spiker

“Bizdə yoxsulluq, işsizlik cəmi 5 faizdir" - Vitse-spiker
  06 May 2017    Oxunub:2576
“Bu gün ölkəmizdə yoxsulluq və işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir”.
AzVision.az-ın məlumatına görə, bunu Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yazıb.

Vitse-spiker bildirib ki, sosial infrastruktur layihələri çərçivəsində minlərlə məktəb, tibb ocağı inşa edilib, 90-dan çox yeni salınmış qəsəbədə 250 mindən çox məcburi köçkün mənzillə təmin olunub.

“Qürurvericidir ki, respublikamızda savadlılıq 100 faiz səviyyəsindədir. Elə bütün bunlara görədir ki, ötən il BMT İnkişaf Proqramının hazırladığı “İnsan inkişafı naminə əmək” adlı məruzədə insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına Azərbaycan da daxil edilib”.

B.Muradova qeyd edib ki, ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin keyfiyyətinin daha da artırılmasına, regionların potensialının inkişafına, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olunub, bölgələrimizin siması dəyişib, ölkə iqtisadiyyatının dayanıqlılığı möhkəmlənib:

“Uğurların göstəricisidir ki, bu dövr ərzində ümumi daxili məhsulun 3 dəfədən çox artdığı Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinə malikdir. Ölkədə yüksək iqtisadi artım əhalinin sosial rifahının yüksəlməsi ilə də müşayiət olunub, adambaşına düşən milli gəlir 2003-cü illə müqayisədə 8 dəfə artıb, Azərbaycan aşağı gəlirli ölkədən yüksək-orta gəlirli ölkəyə çevrilib. Dünya Bankının “Doing Business” hesabatında 65-ci yerdə olan ölkəmiz Davos Ümumdünya İqtisadi Forumunun ötənilki hesablamalarına görə, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında daha 3 pillə irəliləyərək 37-ci pilləyə yüksəlib və bu sahədə MDB məkanında yenə də birincidir. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə, - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, - Azərbaycan birinci-ikinci yerləri bölüşür”.

Vitse-spiker vurğulayıb ki, mühüm antikorrupsiya tədbirlərindən biri də Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində “ASAN xidmət” mərkəzlərinin yaradılmasıdır: “Dövlətlə vətəndaş arasında sıx təmas xətti olan bu qurum korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olmaqla əsas hədəfi vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, icra müddətlərinin qısaldılması və vaxt itkisinin azaldılmasından ibarətdir. Artıq “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatıb. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, “artıq bir Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət” öz funksiyalarını və coğrafiyasını genişləndirərək “ASAN kommunal”, “ASAN qatar”, “ASAN viza” kimi müxtəlif xidmətlərini təqdim edir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bahar-Muradova  





Xəbər lenti