"İslamofobiya, radikalizm tüğyan edir" - Şeyx

"İslamofobiya, radikalizm tüğyan edir" - Şeyx
  06 May 2017    Oxunub:1677
“Siyasi, iqtisadi, milli və dini zəmində narahatlıqlar yaşanan zəmanəmizdə Mədəniyyətlərarası Dialoqa dair növbəti Forumun Bakıda keçirilməsi məntiqi qərar kimi dəyərləndirilməlidir”.
AzVision.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda keçirilən paneldə deyib. Onun sözlərinə görə, müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirən Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşamağa, inkişaf etməyə qadirdir:

“Məhz bu möhkəm mənəvi bünövrə üzərində təşəkkül tapmış Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrəti olan dövlətə çevrilib. Dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tuğyan etdiyi, miqrant böhranı yaşandığı bir dövrdə Azərbaycanın dövlət başçısı prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Prezident İlham Əliyev qətiyyətli siyasi iradəsi sayəsində dünya miqyasında multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizdə və beynəlxalq müstəvidə geniş miqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğlə yanaşı ümumbəşəri dəyərlərə diqqət və himayəsi Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoq istiqamətində söz sahibinə çevrilməsinə ali xidmətdir”.

QMİ sədri qeyd edib ki, milli və mənəvi dəyərlərinə sadiq, demokratik, dünyəvi Azərbaycan din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğu nümunəvi dövlət modelini, mədəniyyətlərarası dialoq və əməkdaşlığın yüksək təzahürü olan multikultural həyat tərzini qloballaşan dünyaya təqdim edir.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Bakı-Forumu   Şeyx  





Xəbər lenti