Bakı Forumu ilə bağlı önəmli açıqlamalar

Bakı Forumu ilə bağlı önəmli açıqlamalar
  05 May 2017    Oxunub:2307
Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mətbuat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə forumun gündəliyi barədə məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb.
“Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri tarix boyu qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşamışlar və bu gün də yaşayırlar. Azərbaycanda mədəniyyətlərin dialoqu hər hansı süni ideologiyaya söykənmir. Bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir və milli dəyərlərimizdə önəmli rol oynayır. Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir”.

Forumun coğrafiyasının ilbəil artdığını söyləyən nazir bildirib ki, iki gün ərzində çox mühüm və maraqlı görüşlər, tədbirlər keçiriləcək və müzakirələr aparılacaq.

Ə.Qarayev, həmçinin vurğulayıb ki, forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Forum nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır”.

Nazir bildirib ki, bu forum ölkəmizdə həyata keçirilən ən böyük mədəni layihələrdəndir: “Bu möhtəşəm tədbir çərçivəsində reallaşacaq görüşlər və müxtəlif mövzulu seminarlarda dinləniləcək məruzələr yeni ideyaların, fikirlərin ortaya çıxmasına, dövlətlər və xalqlar arasında münasibətlərin daha da yaxşılaşmasına təkan verəcək. Ümumiyyətlə, forum çərçivəsində 40-dək sessiya və tədbir keçiriləcək. Forumda 120-dək ölkə rəsmisi, 50-dək beynəlxalq təşkilatın nümayəndəsi, 50-dən çox qeyri-hökumət təşkilatı iştirak edir. Ümumilikdə tədbirə təqribən 800-dən çox xarici nümayəndə qatılıb. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxildir. Ölkəmizdə ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində eyni tədbirdə iştirak edir və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır. Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Azərbaycanın təklifi ilə hökumət rəhbərləri və nazirlərin təmsil olunacağı Dünya Forumu Nazirlər Görüşü keçiriləcək. Həmçinin ilk dəfə Bakı prosesinə yeni element kimi ekstremizmə qarşı mübarizədə parlamentlərin mədəniyyətlərarası dialoqunun roluna xüsusi yer verilib”.

Nazir eyni zamanda, Azərbaycan Respublikası və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən birgə “Mədəniyyətlərarası dialoqda liderlik naminə Bakı prosesi mükafatı”nın elan edilməsinin nəzərdə tutulduğunu deyib.

Ə.Qarayev vurğulayıb ki, forum BMT-nin televiziyasında və saytında canlı yayımlanacaq.

Azərbaycanın böyük tarixi keçmişə malik olduğunu söyləyən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasser belə bir tədbirə himayədarlıq etdiyinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu forumun ciddi mövzusu var və dünyanı sülhə, əmin-amanlığa səsləyən möhtəşəm tədbirin təşkili olduqca təqdirəlayiqdir: “Mədəniyyətlərarası dialoqla sülhə nail olmaq mümkündür. Bakı prosesi bu baxımdan mühümdür. Mədəniyyətlərarası dialoq vacib elementdir. Mədəniyyətlərarası dialoqu gücləndirmək ekstremizmə qarşı mübarizədə çox vacibdir. Forumda irəli sürüləcək bir sıra təklif və təşəbbüslər, mükafatlar elan ediləcək. Mükafatın təsis olunması çox mühüm bir təşəbbüsdür. Mən Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi önəmi yüksək qiymətləndirirəm”.

UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Nashif deyib ki, Bakı prosesinin bu gün qlobal problemlərin səsləndirildiyi bir platformaya çevrilməsi olduqca əhəmiyətlidir.

Təmsil etdiyi qurumla Azərbaycan arasında mövcud əlaqələri yüksək qiymətləndirən xanım Nada əl-Nashif bildirib ki, Bakı belə nüfuzlu tədbirlərə ev sahibliyi etməklə dünyada mövcud olan sülh proseslərinə öz töhfəsini verir. O deyib: “UNESCO-nun hər iki tədbirinin təşkilinə Azərbaycan dövləti böyük dəstək verdi. Biz IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bir sıra tədbirlər keçirməyi nəzərdə tuturuq. UNESCO ümumilikdə forum çərçivəsində 13 tədbir keçirir və təşkilatdan 25 nəfər buradadır”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı üzrə kabinet rəhbəri Mario Lubetkin və Dünya Turizm Təşkilatının Baş katibinin turizm və sülh üzrə müşaviri və Yaxın Şərq üzrə regional direktoru Əmr Abdel-Qaffar budəfəki Forumun kifayət qədər maraqlı və zəngin proqramı olduğunu söyləyərək bildiriblər ki, forumda mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda bəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq.

Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı üzrə plenar sessiyalar keçiriləcək.

Vurğulayıb ki, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ilə birgə "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" mövzusunda xüsusi plenar sessiya keçiriləcək.
Sonda mətbuat konfransının iştirakçıları jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Bakı-Forumu  





Xəbər lenti