700 bal toplayan qız: "Xaricdə oxumaq istəyirəm" (FOTO)

700 bal toplayan qız: "Xaricdə oxumaq istəyirəm" (FOTO)
  04 May 2017    Oxunub:93306
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 3 nəfər 700 bal toplayıb.
AzVision.az-ın əldə etdiyi məlumata görə, qəbul imtahanda bütün suallara doğru cavab verməklə rekorda imza atan abituriyentlərdən biri Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Məmmədzadə Arzu Ramil qızıdır. O, II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında ən yüksək - 700 bal toplayıb.

A.Məmmədzadə AzVision.az-a bildirib ki, qəbul imtahanından 700 bal toplaması ona və ailəsinə böyük sevinc bəxş edib.

"Sevincimin həddi-hüdudu yoxdur. 2 ildir ki, gecə-gündüz hazırlaşıram. Allaha şükürlər olsun ki, əziyyətim hədər getmədi. İmtahanda çətinlik çəkmədim. Sualların hamısını bilirdim".

A.Məmmədzadə xaricdə oxumaq istədiyini söyləyib: "Təhsilimi xaricdə davam etdirmək istəyirəm. Əgər alınmasa, Azərbaycanda bakalavrı oxuyub, magirstraturanı xaricdə davam etdirərəm".

Hansı ali təhsil müəssisəsini seçəcəyinə gəlincə, A.Məmmədzadə hələ qərar vermədiyini deyib.

"Hansı ixtisas və universitetdə oxumaq barədə qərar verməmişəm. Amma beynəlxalq münasibətlər fakültəsində oxumaq istəyərəm. Müəllimlərimlə məsləhətləşib, son qərarımı verəcəyəm"



Xatırladaq ki, imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   İmtahan   700-bal  





Xəbər lenti