Müdafiə təyinatlı məmulatların istehsalı 1,9 dəfə artıb

  14 Aprel 2017    Oxunub : 733
Müdafiə təyinatlı məmulatların istehsalı 1,9 dəfə artıb
Müdafiə təyinatlı məmulatların istehsalının həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz artıb. Əldə olunan artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan məhsulların 87 faizini müdafiə və xüsusi təyinatlı 13 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.
AzVision.az-ın xəbərinə görə, bu barədə Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclasında bildirilib.

Qeyd olunub ki hesabat dövründə müdafiə təyinatlı məmulatların yaradılması üzrə nazirliyin Elmi-Tədqiqat İnstitutu (ETİ) və Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən dövlət sifarişi xətti ilə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla davam etdirilib. Ümumilikdə, cari ildə nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılır.

Kollegiyada qeyd olundu ki, ilk dəfə “ADEX-2016“ ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilən “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsinin üzərində aparılan işlər uğurla başa çatdırılıb və cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib. Sınaqlar zamanı milli zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

Bildirilib ki, ağırlığı 12,3 tona çatan, 3000 kiloqrama qədər faydalı yük və 10 nəfər şəxsi heyəti tam təhlükəsiz şəraitdə daşımaq imkanına malik olan “Tufan” zirehli nəqliyyat vasitəsi 100 faiz Azərbaycan dizaynerlərinin və mühəndislərinin kreativ fikirlərini və təcrübəsini özündə birləşdirən məhsuldur. “Tufan” milli zirehli nəqliyyat vasitəsinin üzərində quraşdırılmış 12,7; 14,5; 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu da nazirliyin müəssisələrində istehsal olunub.

AzVision.az

Teqlər: Azərbaycan   Silah