İmtahanda rekord qıran tələbələr: “Xaricdə oxumaq istəyirəm” (FOTO)

İmtahanda rekord qıran tələbələr: “Xaricdə oxumaq istəyirəm” (FOTO)
  12 Aprel 2017    Oxunub:14080
Qalib Sarayev və Yaşar Nəsibov Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının birinci mərhələsində mümkün 100 baldan 99 bal toplayıblar.
AzVision.az xəbər verir ki, onların hər ikisi növbəti turda yüksək bal toplayaraq yeni yaradılan Bakı Mühəndislik Universitetində magistr təhsili almaq istəyirlər.

Qalib Sarayev bildirib ki, DİM tərəfindən keçirilən magistraturaya qəbul imtahanının birinci mərhələsində mümkün 100 baldan 99 bal toplayıb:

“8 aprel 1995-ci ildə Balakən rayonunda anadan olmuşam. Balakən şəhəri Humanitar və Texniki təmayüllü liseyi qızıl medalla bitirib, 1-ci ixtisas qrupu üzrə imtahan verərək 667 balla ali məktəbə qəbul olmuşam. Magistratura imtahanına özəl hazırlıq mərkəzlərindən birində 7 ay hazırlaşmışam. Məqsədim ən yüksək bal toplayaraq birinci olmaq idi. Nəzərə alsaq ki, imtahanda sualların bir hissəsi informatika fənnindən idi, təbii ki, oxuduğum universitetin, ixtisasımın çox faydası oldu. Özümə olan güvənim səbəbilə ikinci mərhələdə də yüksək bal toplayacağıma inanıram. İkinci turu müvəffəqiyyətlə keçib, İT sahəsində birinci olduğu üçün Bakı Mühəndislik Universitetini seçəcəyəm. Gələcəkdə təhsilimi xaricdə davam etdirib, bu sahədə ölkəmizin inkişafına xidmət etmək istəyirəm. İmtahanlarda uğur qazanmaq üçün birinci özünə inam olmalı və ciddi hazırlaşmaq lazımdır”.



Yaşar Nəsibov respublika üzrə birinci olmağı qarşısına məqsəd qoyub:

“1995-ci ildə Şəki şəhərində anadan olmuşam. 2012-ci ildə Şəki şəhər Nizami adına 7 saylı tam orta məktəbi qızıl medalla bitirib, 679 balla ali məktəbə qəbul olmuşam. Universitet müəllimlərinin obyektiv yanaşması nəticəsində 5 il ərzində Prezident təqaüdü ilə oxudum. Təhsilimi magistratura pilləsində davam etdirməyi düşünürdüm. Ən əsası respublika birincisi olmağı qarşıma məqsəd qoymuşdum. Bunun üçün kurs axtarışına başladım və ən məsləhətli kursda hazırlaşmağı qərara aldım. Sentyabr ayında hazırlıqlara start verdim. Düzdür, ilk vaxtlar çətinliklərim oldu, iş, dərs və kurs bir arada çox çətin olurdu.

Ancaq zaman keçdikcə müəllimlərin səmimiliyi, daima tələbələri diqqət mərkəzində saxlamağı, bizim hər birimizə xüsusi diqqət göstərməyi sayəsində çətinliklərin öhdəsindən asanlıqla gəldim. Uğur qazanmaq üçün ailənin və yaxın insanların dəstəyi çox böyük amildir. Əsas prioritet mənim üçün ilk turda yüksək nəticə göstərmək idi. Təbii ki, 2-ci tur üçün də hazırlaşacağam. İlk turda mümkün 100 baldan 99 bal topladım. Ümid edək ki, yaxşı olar. Bakı Mühəndislik Universitetinin MBA səviyyəsi üzrə təhsil almaq istəyirəm. İmtahana hazırlaşanlara tövsiyyəm odur ki, bu günün işini sabaha qoymasınlar. Əgər qarşıya məqsəd qoyulubsa, onun üçün əlindən gələni etmək lazımdır”.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti