3 ayda “ASAN viza” xətti ilə 40 min viza verilib

3 ayda “ASAN viza” xətti ilə 40 min viza verilib
  10 Aprel 2017    Oxunub:1488
Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

Bu il Cənub Qaz Dəhlizi ilə bağlı önəmli hadisə kimi Bakıda artıq üçüncü dəfə keçirilən Məşvərət Şurasının iclasını qeyd edən Prezident İlham Əliyev deyib ki ki, bu iclasın yekunu olaraq ölkəmizin liderlik rolunun qeyd edildiyi qətnamə qəbul olunub. Ölkə başçısı bildirib ki, Cənub Qaz Dəhlizinin tezliklə istifadəyə verilməsi həm bizim, həm layihədə iştirak edən, həm də gələcəkdə bu layihədən xeyir götürəcək ölkələr üçün önəmlidir.

Prezident İlham Əliyev nəqliyyat sektorunda da bu ilin əvvəlində yaxşı nəticələrin qeyd edildiyini bildirib, Astaraçay çayı üzərindən keçən körpü vasitəsilə mart ayında Azərbaycandan İrana birinci qatarın yol salındığını diqqətə çatdırıb, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də bu il istifadəyə verilməsinin nəzərdə tutulduğunu deyib.

Dövlətimizin başçısı bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərində 25 faiz artımın olduğunu qeyd edərək, bunu Azərbaycanda mövcud olan sabitlik, yaradılan müasir infrastruktur, ölkəmizdəki 6 hava limanı, gözəl yolların, otellərin inşası, müalicəvi turizmin inkişafı ilə əlaqələndirib. Bildirib ki, 3 ay ərzində “ASAN viza” xətti ilə 40 min viza verilib. Səksəndən çox ölkə vətəndaşı elektron vizalar alır. Bu gün Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyən Prezident İlham Əliyev gələn ay ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini dedi və bunun böyük idman bayramı olacağını vurğulayıb.

Qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlətimizin başçısı Azərbaycan brendinin dünyada təbliğ edildiyini, müxtəlif ölkələrdə ticarət evlərinin yaradıldığını, ticarət-ixrac missiyalarının həyata keçirildiyini qeyd edib. Bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılmasının, yeni ixrac bazarlarına çıxışın təmin edilməsinin, logistika mərkəzlərinin yaradılmasının vacibliyini söyləyib.

Prezident İlham Əliyev bildirib ki, il ərzində infrastruktur layihələrinin icrasına diqqət yetiriləcək. Bunlar elektrik enerjisi ilə təminat, qazlaşdırma, içməli su, yolların inşası layihələridir. “Sovetski” adlanan ərazinin abadlaşacağını, yeni gözəl istirahət məkanının yaradılacağını qeyd edən dövlətimizin başçısı sosial-infrastruktur layihələrinin icra olunduğunu, modul tipli 3 məktəbin tikildiyini, əlavə 12 belə məktəbin inşasının nəzərdə tutulduğunu söylədi. Bu ilin birinci rübündə 13 tibb müəssisəsi də tikilib və ya əsaslı təmir edilib. Bu il Abşeron və Ağcabədi olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub.

Bölgələrdə məşğulluğun artırılmasının daim diqqətdə saxlanılmasının vacibliyini bildirən dövlətimizin başçısı sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesinin davam edəcəyini vurğulayıb. Qeyd edib ki, xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmalıdır. Bu il Quba və Mingəçevirdə “ASAN xidmət” mərkəzlərinin açılacağını deyən Prezident İlham Əliyev Şəki və İmişlidə də belə mərkəzlərin binalarının tikintisinin aparıldığını diqqətə çatdırıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Prezident   NazirlərKabineti  





Xəbər lenti