Türkiyənin məşhur jurnalistləri Bilik Fondunda oldular

Türkiyənin məşhur jurnalistləri Bilik Fondunda oldular
  18 Mart 2017    Oxunub:1467
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olan bir qrup tanınmış jurnalist martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda görüş keçiriblər.

Türk Ocaqları Antaliya şöbəsinin başkanı, Antalya Gazeteciler Cemiyeti və Akdeniz Gazeteciler Federasyonu Başkanı, Türkiye Gazeteciler Konfederasyonu Genel Başkan Yardımcısı Mevlüt Yeni, Burdur Gazeteciler Cemiyeti Başkanı Kürşat Tuncel, Yenigün-Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Akdeniz Gazete Sahipleri Derneği Başkanı Ahmet Duran Yenigün, Akdeniz Gazeteciler Federasyonu Yönetim Kurulu üyesi Ali Buldu, Antalya Gazeteciler Cemiyeti Başkan Yardımcısı İdris Taş, Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Osmaniye Gazeteciler Cemiyeti Başkanı Ali Cihangir, Antalya Gazeteciler Cemiyeti Başkan Yardımcısı Mustafa Taş, o cümlədən məşhur Təbrizli şair Səməd Behranginin bacısı qızı Fərəhnaz Zəfəraninin təmsil olunduğu nümayəndə heyəti Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüblər.

Millət vəkili Qənirə Paşayeva qardaş Türkiyədən ölkəmizə qonaq gələn mətbuat yetkililəri, onların rəhbəri olduğu qurumlarla gələcək əməkdaşlıq perspektivindən danışıb, bu istiqamətdə Bilik Fondunun layihələr həyata keçirəcəyinə əminliyini ifadə edib. Millət vəkili həm Azərbaycanın, həm də Türkiyənin güclü dövlətlər kimi regionda böyük nüfuza malik olduqlarını diqqətə çatdıraraq, iki güclünün əbədi birliyi qarşısında yadelli düşüncənin tab gətirə bilməyəcəyini söyləyib. Qənirə Paşayeva bütün münasibətlərin qorunaraq, inkişaf etdirilməsində medianın mühüm əhəmiyyət daşıdığını bildirib.

Millət vəkili bir neçə təkliflər irəli sürüb və bu təkliflər həm qonaqlar, həm də Bilik Fondu tərəfindən yüksək maraqla qarşılanıb. Belə qərara alınıb ki, təkliflərin layihələri hazırlansın və fəaliyyətə başlanılsın.

Bilik Fondunun icraçı direktoru qonaqları ölkəmizdə, xüsusən də maarifləndirmə missiyası daşıyan Fondda görməkdən məmnunluq ifadə edib. O.Səmədov hər bir qonaqla tanış olduqdan sonra gələcək fəaliyyət planının hazırlanmasına ehtiyac olduğunu deyib. Fondun "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Türkiyə-Rusiya-Azərbaycan məktəblilərinin Bakıda "Qardaşlıq sazişi" imzaladıqlarını xatırladan icraçı direktor həmin dövrdə gərgin münasibətlərin aradan qaldırılmasında rəsmi Bakının qardaşlıq mövqeyi sərgilədiyini, o cümlədən rəsmi Ankaranın da dəfələrlə adekvat münasibət göstərdiyini deyib. O.Səmədov bildirib ki, mətbuat həm siyasi, həm mədəni, həm hümanitar münasibətlərə xələl gəlməsinin qarşısında sipər olmalıdır, bu məzmunda layihələrin həyata keçirilməsinə Bilik Fondu həmişə hazırdır.

Türkiyəli qonaqlar da səfər çərçivəsində yaşadıqları təəssüratları bölüşüblər. Qardaş Azərbaycan mətbuatı ilə sıx əlaqədə olduqlarını bu əlaqələrin nümunə kimi beynəlxalq mətbuat aləminə çıxarılmasının məqsədəuyğun olduğunu bildiriblər. Çıxış edən hər bir natiq qeyd edib ki, Türkiyə dövləti ilə Azərbaycan dövlətinin qardaşlığı ölkələrin bütün sahələrini eyni səviyyədə əhatə etməli və məhz mətbuat bu bağların qırılmaz olduğuna çalışmalıdır.


Teqlər:





Xəbər lenti