“Ermənistan depressiyada yaşayan bir ölkədir” - Dövlət başçısı

“Ermənistan depressiyada yaşayan bir ölkədir” - Dövlət başçısı
  18 Mart 2017    Oxunub:1381
“Yanvar ayının ortalarından bu günə qədər mənim xarici səfərlərimin coğrafiyasına nəzər salsaq görərik ki, Azərbaycan çoxşaxəli və uğurlu xarici siyasət aparır. Son iki ay ərzində mən 7 dəfə xaricə səfər etmişəm”.
AzVision.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bayram şənliyində nitq söyləyərkən deyib.

“Azərbaycan dünyanın aparıcı, ən mötəbər Davos Forumunda və Münxen Konfransında ləyaqətlə təmsil olunub. Dünyanın həm biznes, həm də siyasi elitasından bizə olan hörmət göz qabağındadır. Avropa Komissiyasına mənim uğurlu səfərim olubdur. Bu səfər nəticəsində Avropa Komissiyası ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara start verildi. Onu da qeyd etməliyəm ki, bu da nadir hadisədir. Bu danışıqların aparılması üçün layihəni Azərbaycan təqdim edib və bu layihə qəbul edilibdir. Ümid edirəm ki, yaxın zamanlarda danışıqlarda fəal proses başlanacaq və tezliklə bu mühüm saziş bağlanacaq. Qətərə, Pakistana, İran İslam Respublikasına mənim rəsmi səfərlərim olubdur. Müsəlman ölkələri ilə bizim əlaqələrimiz möhkəmlənir. Xalqımız yaxşı bilir ki, Azərbaycan İslam həmrəyliyi üçün çox böyük işlər görür, çox böyük töhfələr verir. Bunu İslam aləmi qiymətləndirir. İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri dəfələrlə bizim siyasətimizə ən yüksək qiymət vermişlər. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə fəal iştirak edib.

Biz son 5 ildə bu təşkilata uğurlu sədrlik etmişik. Bu yaxınlarda Fransaya rəsmi səfərim də çox uğurlu keçdi. Fransa dünyanın aparıcı ölkələrindən biridir və mənim səfərimi izləyən vətəndaşlar gördülər ki, ölkəmizə çox böyük hörmət, çox böyük maraq var. Biz həm siyasi, həm iqtisadi, həm enerji sahələrində və digər sahələrdə uğurlu əməkdaşlıq edirik. Onu da qeyd etməliyəm, Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb”.

Prezident bildirib ki, xarici siyasətimizin və ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: “Əfsuslar olsun ki, bu məsələnin həlli istiqamətində ciddi irəliləyiş yoxdur. Mən bunun səbəbləri haqqında dəfələrlə bildirmişəm. Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Ona görə biz və beynəlxalq ictimaiyyət, vasitəçilər onları məcbur etməlidirlər. Bunun başqa yolu yoxdur. Çünki indi Ermənistan danışıqları boykot etməyə çalışır, özünü təcrid vəziyyətinə salır. Vasitəçilər, Minsk qrupunun həmsədr ölkələri artıq açıq bəyan edirlər ki, tezliklə substantiv, yəni, mənalı danışıqlar bərpa edilməlidir. Ona görə hesab edirəm ki, Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilməyəcəyini nə qədər tez anlasa, bu, onlar üçün də o qədər yaxşı olacaq. Biz bu vəziyyətlə barışmayacağıq. Biz gücümüzü artırırıq. Hərbi gücümüzü, siyasi gücümüzü, beynəlxalq mövqelərimizi möhkəmləndiririk”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan nəinki bölgədə, artıq dünya miqyasında önəmli ölkəyə çevrilib: “Ermənistan isə bütün ümidlərini itirmiş, depressiyada yaşayan bir ölkədir və bunun səbəbi Ermənistanı qanunsuz yollarla zəbt etmiş kriminal xunta rejimidir. Erməni xalqı üçün ən böyük təhlükə elə Ermənistanın indiki rəhbərliyidir”.

AzVision.az


Teqlər: Azərbaycan   Prezident   Novruz   Ermənistan  





Xəbər lenti