Ombudsman soyqırımla bağlı bəyanat verdi

Ombudsman soyqırımla bağlı bəyanat verdi
  18 Mart 2017    Oxunub:1485
"Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra tarixi keçmişimizi daha yaxşı öyrənmək imkanı əldə olunub, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxıb, beləliklə, təhrif edilmiş hadisələr aşkarlıq müstəvisində daha aydın görünməkdədir. Xalqımıza qarşı zaman-zaman törədilmiş və beynəlxalq miqyasda heç vaxt tarixi qiymətini almamış soyqırımı hadisələri də bu qəbildəndir"

AzVision.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar dünya birliyinə, beynəlxalq təşkilatlara, ombudsmanlar institutlarına, diplomatik nümayəndəliklərə və digər qurumlara ünvanlanmış bəyanatında yer alır.

Bəyanatda deyilir: XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olub.

Sənəddə qeyd olunur ki, bu qanlı faciələrin ən dəhşətlisi 31 mart 1918-ci il tarixdə azərbaycanlılara qarşı törədilən soyqırımıdır və özünün ağır nəticələri ilə seçilir. 1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb. Silahlı erməni-bolşevik birləşmələrinin Bakıda və digər yerlərdə martın 31-də və aprelin 1-2-də törətdiyi kütləvi qırğınlar nəticəsində yüz minlərlə azərbaycanlı, o cümlədən Bakı və ətraf kəndlərin 30 mindən çox sakini milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb. Bu zaman ermənilər bir çox qədim binaları, o cümlədən dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını, ziyarətgahları, məscidləri top atəşinə tutaraq dağıdıb, insanların meyitlərini yandırıblar.

Bəyanatda azərbaycanlıların soyqırımının əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirildiyi və bunun ağır nəticələri barədə məlumat verilir. Qeyd olunur ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Eyni zamanda, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.

“Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni qatillərinin vəhşiliyini və vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb”, - deyə bəyanatda vurğulanır.

Soyqırımı cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən olunub. Ombudsmanın bəyanatında xatırladılır ki, konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Bəyanatda daha sora deyilir: Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz siyasəti nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisini, eləcə də yeddi ətraf rayonu işğal edib, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt olunub, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulub. Bu işğal zamanı da erməni millətçiləri və terrorçuları Azərbaycanın Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində soyqırımları törədiblər.

Zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası ölkəmizin işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd məlum qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatların da bununla bağlı müvafiq qətnamə və qərarları var. Bu sənədlərdə Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması birmənalı olaraq tələb edilir. Lakin işğalçı ölkə buna məhəl qoymur, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Bəyanatda buna misal olaraq, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində törətdikləri təxribatlardan bəhs edilir. Qeyd olunur ki, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunlarının təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olub və ağır yaralanıblar. Beləliklə, beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub.

Sənəddə təəssüf hissi ilə vurğulanır ki, bütün bunlar XXI əsrdə, yüksək mədəni, iqtisadi inkişaf səviyyəsinə nail olmuş dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Hər bir vandalizm, separatçılıq, milliyyətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət verilmədikcə, bütün bəşəri cəmiyyət təhlükə qarşısında qalacaq.

Sənəddə Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətdə göstərdiyi səylər diqqətə çatdırılır. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin, zəbt olunmuş torpaqlardan işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini qətiyyətlə vurğulayır. Son dövrlərdə dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir və problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır. Artıq 14 dövlətin parlamentləri ermənilər tərəfindən 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıb, habelə ABŞ-ın 21 ştatının qanunverici orqanlarında müvafiq qətnamələr qəbul edilib. Bununla belə 31 mart – Azərbaycanlıların soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib.

Dünya birliyinə və mötəbər beynəlxalq qurumlara ünvanlanan bəyanat belə bir inamla yekunlaşır: Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, insan hüquqlarının kütləvi şəkildə pozulmasına son qoyulacağına, uzun müddət davam edən bu münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına kömək göstəriləcəyinə əminliyimizi ifadə edirik. Beynəlxalq təşkilatları ikili standartlara yol vermədən haqlı mövqeyimizi dəstəkləməyi tələb edir, ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, soyqırımı törətmiş Ermənistana qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanırıq.

Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, UNESCO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

AzVision.az


Teqlər: Ombudsman   Soyqırım  





Xəbər lenti