Yetim uşaqların evi olacaq

  26 Avqust 2013    Oxunub : 6367
Yetim uşaqların evi olacaq
Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın tədbirlər planına əsasən, Təhsil Nazirliyi tərəfindən hazırlanmış "Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi"ni təsdiqləyib.

Komissiyanın məlumatına görə, qrup evi Azərbaycanda yaşayan 0-18 yaş arası sağlamlıq imkanları məhdud olan uşaqlar da daxil olmaqla, çətin həyat şəraitində olan və öz bioloji ailəsinə qaytarılması, həmçinin yaxın müddətdə övladlığa, qəyyumluğa və himayədar ailəyə verilməsi mümkün olmayan uşaqların ailə mühitinə yaxın şəraitdə saxlanması, təhsilini, təlim-tərbiyəsini, maddi-məişət şəraitini və hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə təşkil olunur. Qrup evində olan uşağa təyin olunmuş pensiya, aliment, müavinət və digər sosial ödənişlər uşağın adına açılmış bank hesabına köçürülür. Uşağa ayrılmış maliyyə vəsaitlərindən yalnız yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları ilə razılaşdırılmaqla, uşağın qanuni maraqları üçün və Azərbaycanın Mülki Məcəlləsinə uyğun olaraq istifadə edilir.

İlk peşə-iхtisas, orta iхtisas və ya ali təhsil müəssisələrində təhsilini davam etdirən uşaqlar təhsil müddəti bitənədək qrup evində qalmaq hüququna malikdirlər.

Uşaq qrup evini, qayğı başa çatdıqdan sonra valideynlərinə (onları əvəz edən şəxslərə) qaytarıldıqda, övladlığa götürüldükdə, 18 yaşı tamam olduqda (18 yaşından yuxarı olan şəxs təhsilini bitirənədək) və ya əmək fəaliyyətinə başladıqda, nikaha daxil olduqda tərk edə bilər.

AzVision.az

Teqlər: