“Ermənilərin törətdiyi 373 terrorda 2000-dən artıq azərbaycanlı həlak olub”

“Ermənilərin törətdiyi 373 terrorda 2000-dən artıq azərbaycanlı həlak olub”
  03 Mart 2017    Oxunub:4619
Ermənilərin Azərbaycanda törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub.
AzVision.az-ın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada təhlükəsizliyi ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün çox mühüm bir məsələdir:

“Son dövrlərdə Azərbaycana yaxın olan Mərkəzi Asiya və Yaxın Şərqin bir sıra ölkələrində cərəyan edən proseslər beynəlxalq əmin-amanlığı qorxulu təhlükələrlə, o cümlədən terrorizm, ektremizm və digər qorxulu təhdidlərlə üzləşdirib. Bu gün İŞİD və digər terrorçu təşkilatlar ölkələrin ərazilərini işğal edərək beynəlxalq təhlükəsizliyə təhdid yaradır”.

DTX rəisi əlavə edib ki, Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulur və beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verir.

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX, Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilir.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, deputatlar, universitet rektorları, tələbələr iştirak edirlər.

Konfransdan öncə DTX-nın Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin “Biz terrora “yox” deyirik” mövzusunda rəsm işlərinin, həmçinin müvafiq ədəbiyyat, təbliğat vasitələrinin sərgisinə baxış keçirilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Azərbaycan   Terror   Erməniterroru   Ermənistan  





Xəbər lenti