Rəsul Quliyevin partiyasından təkzib

 Rəsul Quliyevin partiyasından təkzib
  26 Avqust 2013    Oxunub:984
“Milli Şuradan getmirik...”
“Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuradan gedir”.

Virtualaz.org saytının məlumatına görə, eks-spiker Rəsul Quliyevin Partiyası avqustun 26-da Milli Şuradan çıxacaq. Sayt partiyanın artıq öz qərarını verdiyini də iddia edib: “Sadəcə qərar avqustun 26-da rəsmən açıqlanacaq və Rəsul Quliyevin partiyası Milli Şuranı tərk etdikdən sonra prezident seçkilərində iştirakla bağlı boykot qərarını verəcək”.

Qeyd edək ki, Milli Şuranın avqustun 23-də keçirilən sessiyasında qurumun prezidentliyə yeni vahid namizədi olaraq Cəmil Həsənli seçilib. Sessiyada iştirak edən ACP sədri Sülhəddin Əkbər bu qərarla razılaşmadıqlarını bəyan edib və C.Həsənlinin namizədliyinə səs verməyib.

Rəsul Quliyev də Cəmil Həsənlinin namizədliyini qəbul etməyərək, bu seçimin uğursuz olduğunu aşağılayıcı bir dildə bəyan edib.
Lakin bu iddia öz təsdiqini tapmayıb. ACP sədrinin birinci müavini Vaqif Mahmudov 25 avqustda “Yeni Müsavat”a açıqlamasında Milli Şuradan çıxdıqları barədə yayılan xəbərin yalan olduğunu bildirib: “Həmin xəbər doğru deyil. Milli Şuradan çıxmaq məsələsi ümumiyyətlə ACP-də müzakirə olunmayıb. Heç kim də partiya daxilində Milli Şuradan çıxmaq haqda heç bir fikir səsləndirməyib. Partiyamızın gündəmində Milli Şuradan çıxmaq məsələsinin müzakirəyə çıxarılması da yoxdur”.

Ədalət naminə qeyd edək ki, ACP rəhbərlərinin son günlər Milli Şuraya qarşı verdikləri açıqlamalar onu oxuyan hər kəsdə qənaət yarada bilər ki, bu firqə Şuranı tərk edəcək.

Əlavə edək ki, Rəsul Quliyevin Mili Şuradan gedəcəyi barədə məlumatı onun müşaviri Zəminə Dünyamalıyeva yayıb .

Yayılan məlumata partiya sədri Sülhəddin Əkbərin də mövqeyini öyrəndik. O, yayılanlarla bağlı bunları dedi: “Açıq Cəmiyyət Partiyasında Milli Şuradan çıxmaqla bağlı heç bir müzakirə olmayıb və bizim belə bir qərarımızın olması barədə yayılan məlumat yanlışdır. Biz ACP olaraq Milli Şuranın ikinci vahid namizədi seçilərkən tamam başqa mövqe tutduq. Yəni Cəmil Həsənlinin namizəd seçilməsi prosedurunda onun lehinə səs vermədik. Amma bu, bizim partiyanın Milli Şuradan çıxması anlamına gəlməməlidir. Demokratik düşərgə rahat olsun, ACP Milli Şuradan çıxmayacaq”.



Teqlər:  





Xəbər lenti