`Mehriban Əliyeva çox böyük işlər görüb` - Prezident (VİDEO)

`Mehriban Əliyeva çox böyük işlər görüb` - Prezident (VİDEO)
  21 Fevral 2017    Oxunub:4837
"Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır".

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

Ölkə başçısı bildirib ki, Mehriban Əliyeva YAP sədrinin müavinidir: “Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri 700 minə yaxınlaşır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məslicinin deputatıdır. Deputat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinini həlli işində çox böyük addımlar atıb, seçicilərlə daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır”.



Dövlət başçısı əlavə edib ki, millət vəkili kimi Mehriban xanım Əliyevanın çox geniş beynəlxalq fəaliyyəti var: “Bu fəaliyyət nəticəsində qazandığımız dostların sayı artıb. 2004-ci ildən Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidentidir. Fond onun rəhbərliyi altında nəinki Azərbaycanın, hesab edirəm ki, regionun nüfuzlu ictimai təşkilatına çevrilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox layihələrə və proqramlara start verilib. Bunların arasında xüsusən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı qeyd edilməldir. Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə 3 mindən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib. Digər layihələr də ölkəmizin hərtərəfli inkişafına xidmət göstərib”.

İlham Əliyev bildirib ki, Heydər Əliyev Fondunun xətti ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib: “Bir çox hallarda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti ehtiyacı olan insanlara yardım göstərmək və imkan daxilində az müdafiə olunan vətəndaşlara dəstəyini göstərmək məqsədini güdür. Heydər Əliyev Fondunun mədəniyyət və incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynayıb. Milli sərvətimiz olan muğamın yenidən inkişafı və beynəlxalq arenaya çıxması Fondun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü sayəsində mümkün olub. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Muğam bizim mədəni sərvətimizdir və gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun böyük rolu olub”.

İlham Əliyev əlavə edib ki, Heydər Əliyev Fondu dünyada Azərbaycanla bağlı çoxsaylı təqdimat, tədbirlər keçirib: “Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti Azərbaycanın müasir, dinamik inkişaf edən ölkə, eyni zamanda Azərbaycan xalqının öz tarixi köklərinə çox bağlı xalq olmasını daha da anlayıb. Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin üzvü və İcraiyyə Komitəsinin üzvüdür. Onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynayıb. 2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun yüksək təşkilatçılığı ilə mümkün olub. 2015-ci ildə Birinci Avropa Oyunlarının da yüksək səviyyədə keçirilməsi Təşkilat Komitəsi və Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olub. Bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək böyük nailiyyətdir. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman oyunu kimi qalacaq. Təsadüfi deyil ki, bu il IV İslam Həmrəylik Oyunlarının keçirilməsi də Mehriban Əliyevaya həvalə edilib, Təşkilat Komitəsinin sədri odur. Əminəm ki, İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə keçirəcəyik”.

Prezident deyib ki, Mehriban Əliyevanın beynəlxalq aləmdə yüksək nüfuzu var: “Məhz öz fəaliyyəti nəticəsində o, bir çox ölkənin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilib. 10 ildən artıqdır ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxs yoxdur ki, bu iki mötəbər təşkilatın xoşməramlı səfiri olsun. Bu, eyni zamanda onun dinlərarası, mədəniyyətlərarası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biridir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva bu işə çox önəmli töhfələr verir. 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan Heydər Əliyev ordeni ilə təltif edilib. Bu çoxşaxəli fəaliyyət, eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb. Eyni zamanda Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, həm də çox xeyirxah insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük sevgi və rəğbətlə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkənin inkişafına öz dəyərli töhfəsini verəcək. Bu təyinat münasibəti ilə onu təbrik edir və yeni-yeni uğurlar arzulayıram”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti