`Azərbaycan böhrandan uğurla çıxıb` - PA-nın şöbə müdiri

`Azərbaycan böhrandan uğurla çıxıb` - PA-nın şöbə müdiri
  15 Fevral 2017    Oxunub:2231
İl ərzində Prezident Administrasiyasına daxil olan müraciətlərdə qaldırılan məsələlərin böyük əksəriyyəti müsbət həll olunub.

AzVision.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib. Onun sözlərinə görə, vətəndaşlar onların müraciətlərinə həssas münasibət göstərilməsindən, narahatlıq doğuran məsələlərin araşdırılaraq çox qısa zamanda həll olunmasından razı qaldıqlarını bildiriblər: “Prezident Administrasiyasına daxil olan müraciətlərin xeyli hissəsi cəmiyyəti düşündürən, vətəndaşları narahat edən məsələlər barəsində fikir və mülahizələrdən, həmçinin ölkənin iqtisadi və siyasi inkişafına müsbət təsir göstərən təkliflərdən ibarətdir. Təkliflər cəmiyyətin problemlərinə biganə qalmayan insanların ürək sözünü və vətəndaşlıq mövqeyini ifadə etdiyinə görə, onların hər biri diqqətlə öyrənilir və baxılıb həyata keçirilməsi üçün müvafiq qurumlara göndərilir. Bu təkliflərin bəziləri hətta müvafiq qanunvericilik aktlarında edilmiş dəyişikliklərdə öz əksini tapır”.

S. İsmayılov deyib ki, təkliflər əslində cəmiyyətin, ümumiyyətlə, ölkə vətəndaşlarının ictimai fəallıq indeksi hesab edilir: “Ona görə də hər bir təklif diqqətlə öyrənilir, onların daha real, əsaslı olanları həyata keçirilir və gələcəyə hesablanmış təkliflər perspektiv inkişaf proqramlarında nəzərə alınır”.

PA rəsmisi əlavə edib ki, 2016-cı ildə dünyada iqtisadi çətinliklər və böhran davam etsə də, Azərbaycanın bu böhrandan uğurla çıxması, öz imicini qoruyub saxlaması, ölkənin gözəl gələcəyinə təminat verən əsas layihələri inamla davam etdirməsi olduqca sevindiricidir: ““Yaşıl dəhliz” buraxılış sisteminin yaradılması xarici ticarət dövriyyəsinin genişlənməsinə təkan verməklə yanaşı, turizmin inkişafına da öz müsbət təsirini göstərməkdədir. Heç şübhəsiz ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanı ilə yaradılan və artıq tətbiqinə başlanılan “ASAN Viza” sistemi də ölkəmizdə turizmin inkişafına yeni impuls verəcəkdir”.

PA rəsmisi əlavə edib ki, təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarəti Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi səyyar və kameral üsulla həyata keçirir:

“Qaydada göstərildiyi kimi, kameral nəzarət yerlərə getmədən alınmış hesabat, məlumat və digər sənədlər əsasında aparılır. Eyni zamanda, kameral nəzarət vasitəsilə məsələnin hərtərəfli öyrənilməsi mümkün olmadıqda, səyyar nəzarət formasından istifadə olunur. Bu da yol verilmiş pozuntu hallarının operativ aradan qaldırılmasına, müraciətlərlə məşğul olan məmurlara və digər vəzifəli şəxslərə praktiki kömək göstərilməsinə imkan yaradır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti