Canəli, Rasim və zibilliyə atılan körpənin anası

Canəli, Rasim və zibilliyə atılan körpənin anası
  10 Fevral 2017    Oxunub:83167
Ləman Ələşrəfqızı
AzVision.az üçün

Canəli Əkbərov məsələsi hələ aktuallığını itirməyib. Çeşidli yazılar yazılır, xalq artistini içi mən qarışıq əksəriyyət qınayır, tənqid edir, hətta arada ifrata varanlar da olur ki, Canəlinin danışdıqları o söhbətlərin yanında heç nədir.

Məsələn, xalq artisti Rasim Balayev. Ondan soruşublar ki, Canəli Əkbərovun sənət dostları haqqında dediklərinə siz necə yanaşırsınız? O da qısa-konkret belə deyib: “Canəli qudurub”. Burada deyiblər, ağıllısı Gülüm olanın başına külüm olar. Sən demə, bunlar hamısı bir bezin qırağıymış! Eləcə məqam gəzirlər ki, biri bir zibil qaynatsın və onlar da bu zibili o qədər qurdalasınlar ki, ta içindən körpə çıxana qədər...

Hə.. Bugünlərdə zibillikdən tapılan körpə də Canəli qədər müzakirə mövzusudur. Əslində bu cür faktlar dünyanın hər yerində var, hətta adət-ənənələrə bağlı ölkə olan Azərbaycanda da. Biz sovet uşaqları Bəxtiyar Vahabzadənin “Atılmışlar”ı ilə böyüyən nəsilik. İndi Bəxtiyar müəllim çoxdan dünyasını dəyişib, biz uşaqlığımızın xoş xatirələrini düşünə-düşünə üzü qüruba tərəf gedirik, qocalırıq. Amma “atılmışlar” mövzusu həmişə aktualdır və qocalmaq bilmir. Həmişə də bu mövzu gündəmə gələndə özüylə bərabər bir sual da gətirir: Kimdir günühkar?

Bu dəfə də belə oldu. Qələminə hörmət etdiyim bir xanım yazar uşağı doğub zibilliyə atan anadan bir kəlmə yazmadığı halda, ataya hücuma keçdi. Ona yazdım ki, axı uşağı ata doğmayıb?! Canəli Əkbərovun dediklərinə kiçik bir düzəliş etsək, bəlkə ata “əclafın dal ayağıdır”, vicdanını itirib, bəlkə təsadüfi münasibətdən doğulan bu körpədən heç xəbəri yoxdur?! Bəs ana? Axı analar uşağa atadan bir köynək daha yaxındırlar. Körpəni 9 ay qarnında daşıyan Kəsin adı Anadır axı! Ana ona qanından qan, canından can verib, onun hənirini hər gün bətnində hiss edib. Onunla danışıb, söhbətləşib, ona nəğmə oxuyub, nağıl danışıb.

Və bütün bunlardan sonra biz niyə nağıl danışmalıyıq ki, ay aman, lüt-üryan, sadəcə sellofan paketə qoyub düz zibilliyin içinə körpə atıblar və bunu atan Yer Üzünün ən şərəfsiz atasıdır. Anası yox ha, məhz atası.

Qətiyyən bu məsələdə atanı haqlı çıxarmaq niyyətində deyiləm. Lütfən, düzgün anlayın. Ata da ana qədər məsuliyyət daşıyır. Amma əgər günahkar axtarışına çıxırıqsa, mütləq “günah keçisi” qismində kişini görməyək. Günahkarların siyahısı o qədər zəngindir ki! Orada sən də varsan, mən də varam, hər birimiz toplum, cəmiyyət olaraq günahkarıq. Çünki, ya zəlzələdən, ya vəlvələdən uşaq zibilliyə atılıbsa, bunun altından müxtəlif səbəblər çıxacaq. Ən birinci səbəb də adətən körpənin nigahdankənar doğulması olur.

Nigahdankənar uşaq doğan qadın bizim gözümüzün düşmənidir. Ona sıralarımızda qətiyyən yer yoxdur. O, dünyanın ən əxlaqsız qadınıdır. Bizi bu məsələdə problemin detalları, incəlikləri, qadının hansı şəraitdə nigahdankənar uşaq doğması maraqlandırmır. Bəlkə o, sadəcə təcavüz qurbanıdır? Bəlkə bir səhv ucbatından yanlışlığa yol verib? Yox, bizə bu, qətiyyən maraqlı deyil. Bizə nəticə maraqlıdır. Əlahəzrət fakt!

Mən bunun nümunəsini bir dəfə çəkilişə getdiyim Qızıldaşda görmüşəm. Qızıldaşda 8 saylı texniki peşə məktəbinin yataqxanasında. Bilmirəm indi orada vəziyyət necədir, amma bir–iki il qabaq ora əxlaqsızlıq yuvası idi. Qızıldaşın daş karxanalarında işləyən cavanlar o yataqxananın daimi müştəriləriydi və 16-17 yaşlı gənc qızlardan biri də bir sürücüdən uşaq dünyaya gətirmişdi. Uşaq doğulandan sonra ata aradan çıxmışdı, amma gənc ana, yataqxana rəhbərliyinin, qəsəbə sakinlərinin hər cür qınağına, təhqirinə, təzyiqinə baxmayaraq, körpəsinə sarılmışdı. Darısqal yataqxana otağının bütün divarları bu körpənin şəkilləriylə bəzədilmişdi.

Mən bilən sonradan ata - Qızıldaşın daş karxanasında işləyən o qızıldiş gəlib uşağına sahib çıxdı. Amma çıxmasa da belə, o körpəni bağrına basan bir anası vardı. O vaxt Günay adlı o qızı, çoxlarının əxlaqsız kimi baxdığı gənc ananı öpüb bağrıma basmışdım. Balasına sahib çıxdığı, onu atmadığı üçün.

Qaldı bu gün zibilliyə atılan körpəyə... Onun dramını heç kim bilmir. Amma düşünürəm ki, bu körpənin anası ancaq bir halda günahsızdır: Doğuş zamanı ölübsə.


Teqlər:





Xəbər lenti