Azərbaycanın XİN rəhbəri: `Allah eləməsin, nəsə olsa...`

Azərbaycanın XİN rəhbəri: `Allah eləməsin, nəsə olsa...`
  09 Fevral 2017    Oxunub:2727
“Biz Metsamor AES-lə bağlı vəziyyətdən narahatıq”

AzVision.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, bu stansiya tamamilə köhnəlib və “Çernobl variantı”na keçib: “Xoşbəxtlikdən “Rosatom” əlavə vəsaitlər verir. Lakin prinsipcə bu, istifadəyə yararlılıq müddətini başa vurmuş elektrik stansiyasıdır. Allah eləməsin, nəsə baş versə, bundan tək Ermənistan yox, hamı zərər görəcək”.

Qeyd edək ki, ötən ay Metsamor Atom Elektrik Stansiyasının (AES) yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza Ermənistanda əhalinin narahatlığını artırıb. Ölkə vətəndaşları stansiyanın fəaliyyətinin təcili dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara şikayət məktubu ünvanlayıblar.

Stansiyaya yaxın ərazidə yaşayan insanlar eyni hadisənin yenidən təkrarlanacağından qorxurlar. Metsamorun fəaliyyətinin real təhlükə olduğunu bildirən vətəndaşlar stansiyanın bağlanması üçün dəfələrlə aidiyyəti qurumlara şikayət ərizələri ünvanlayıblar. Ötən il isə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə məktub göndərilib. Problemin həllini tapmadığını görən vətəndaşlar yenidən beynəlxalq təşkilatlara müraciət ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti