Rüstəm İbrahimbəyovun sonuncu sirri

Rüstəm İbrahimbəyovun sonuncu sirri
  23 Avqust 2013    Oxunub:1924
(Sensasion təfərrüatlar)

Prezidentliyə namizədlərin qeydə alınması prosesi sona yaxınlaşır. Putinin Bakı səfəri qarşıdan gələn seçkilər ətrafındakı ehtirasları şübhəsiz ki, bir qədər soyutdu. İkibaşlı imperiyanın hakimiyyət sükanından bərk-bərk yapışan monarxın barmaqları arasında sıxılıb qalmış Rüstəm İbrahimbəyov bizim siyasi kahkəşanda heç cür peyda olmadı ki, olmadı.
Hakimiyyətin rəqibləri inandırmağa çalışırlar ki, ikibaşlı qartalı Bakıda yaxşıca yediriblər deyə o, müxalifətdən ən azı iki illiyə üz döndərib. Növbəti seçkilərə qədər... Ya da növbəti İbrahimbəyova qədər.

Bu Məsih-xilaskardan, İbrahimbəyovun elə öz sözləri ilə desək, “kirli Azərbaycan”, yəni protest elektoratının özü də imtina etdi. Bu narazılar müxalifətin birinci, belə görünür ki, həm də axırıncı mitinqinə yekdilliklə “yox” deyib ona məhəl qoymadılar. Bəs MDB məkanında mitinqlər olmadan hakimiyyəti necə dəyişmək olar?

Postsovet məkanında hakimiyyətin dəyişdirilməsinin formulu hələ geosiyasi fəlakət yaradan yenidənqurma inqilabı dövründən başlayaraq ta məxməri-rəngli inqilablar dövrünə qədər dəyişməz qalıb: mitinqlər köhnə hakimiyyətləri yıxmaq, seçkilər isə yeni hakimiyyətləri yaratmaq (daha dəqiq desək, formalaşdırmaq) üçündür.

“Əhlikef inqilab” ideoloji kələfdən dönüb adi şəbəkə toru oldu. Bu zaman yüzlərlə şəbəkə istifadəçisi “İbrahimbəyovu vətəndaşlıqdan məhrum edək, ya etməyək” sualına cavab axtara-axtara siyasi mübarizəni nəhəng sosial zibilxanaya döndərdilər. İnqilab havadan asılı qaldı. Buna isə çox bayağı, primitiv bir izah var. O da inqilabın ilhamvericisinin məhz özünün xarici ölkə vətəndaşlığını təsdiqləyən pasportudur.

İbrahimbəyovun pasportu məsələsi ətrafında gedən mübahisələr müasir Azərbaycan cəmiyyətinin daha bir fundamental problemini üzə çıxardı. Bu da institusional demokratiyaya hazırlığın olmaması gerçəyidir. Əfsanəvi Bayıldakı boş meydan heç də gözoxşayan mənzərə deyildi. Orada özünü ifadə etmək istəyən insanların sayı xeyli az idi. Nə İbrahimbəyov, nə də köhnə müxalifət narazı sinfin əsas hissəsini ayağa qaldırmağa nail olmadılar. Bakının həmin o burjuylaşmış növbənov çılğın ofis nəsli mitinq meydanına gəlmədi. İnqilabın iflasa uğramasının siyasi səbəbləri haqda bu qədər...

Mən hakimiyyətlərin yıxılmasının MDB məkanında formalaşan politoloji formuluna təsadüfən müraciət etmədim. Bunun səbəbi odur ki, problemli demokratiyaya malik ölkələrdə (avropalılar bizi belə adlandırmağı xoşlayır) elitaların dəyişdirilməsi kvazi-zorakı yollarla, məxməri inqilablar üsulu ilə həyata keçirilir. Müqəddəs və mütləq hökmdarlar yalnız xalqın qəzəbi ilə coşub-daşan meydanlar önündə geri çəkilməyə məcbur olur. İnqilablar mütləqiyyətlə mübarizədə hüquqi müstəviyə tərəf heç vaxt meyllənmir. Əgər inqilab hüquqa müraciət edirsə, bunun daha harası inqilab oldu?! Yalnız bəri başdan məğlubiyyətə məhkum olmuş, yaxud uduzulmuş inqilablar hüquqa və qanuna üz tutub şikayətlənirlər...

Sual olunur: əgər sən rəqibindən bir baş üstünsənsə, hakimlik, münsiflər səni niyə bu qədər qorxudur? Diqqət edin, Putin sınıb-dağılmış Azərbaycan inqilabının son qalıqlarını da dəfn edəndən sonra İbrahimbəyovun ətrafındakı adamların hədələyici tonu, məğrur üz ifadəsi, lovğalığı, ağayana arxayınçılığı, ədalı manerası öz yerini hüquqla və qanunlarla spekulyasiya və manipulyasiya etmək dəsti-xəttinə verdi. İnqilabdan sonrakı situasiyada hər şey əvvəlki yerinə qayıtdı.

Hər şey inqilaba qədərki dövrdə olduğu kimi oldu. Rüstəm İbrahimbəyovun o mənhus pasportunun ruhu gərgin havada yenidən sərsəricəsinə dolaşmağa başladı. Müxalifətin əsas pasportu ətrafında yenidən mübahisələr başladı. Uğursuz inqilabçılar - Namazovun siyasi dəstəsi bu mübahisələrin gedişində “kirli Azərbaycan”a üz tutmalı oldu. Gəlin bunu etiraf edək ki, bizim ölkəmiz iki hissəyə bölünüb: bir hissəsi qoltuğunda “aypəd” tutub, digəri isə ayaqyolusu həyətində olanlara bənzəyir. Bu, iki sivilizasiyanın yolayrıcıdır. Doğrudur, “aypəd”ə can atanlar da var, amma “aypəd” partiyası hələ də müxalifətdədir. Elə bu “aypəd” azlığı özünün siyasi simpatiyasına və partiya mənsubiyyətinə rəğmən İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürüldüyü ilk gündən dağınıq və pərakəndə qüvvələrin gülməli konsensunun legitimliyinə və məqsədəuyğunluğuna şübhə etməyə başlamışdı. Çünki digər dövlətlərin də qarşısında öhdəliyi olan xarici ölkə vətəndaşı müxalifətin vahid namizədi olmuşdu.

Lakin inqilab öz qəzəb anında onlara bel bağlamırdı. İnqilab Azərbaycanın digər hissəsinin – ayaqyolusu həyətdə olanların dəstəyinə güvənirdi. Azərbaycanın bu hissəsi isə hüquqi prosedurların incəlik və təfərrüatlarına əsla vaqif deyildi, bunlardan başı çıxmırdı. Bu kəsim hüquq və qanunlardan çox uzaqdır.

Hüquqla məşğul olmaq hələ qədim Roma dövründən bəri cəmiyyətin ali təbəqəsinin müstəsna səlahiyyəti sayılıb...

İlk narazılıq, ola bilər ki, hətta heyrət hissi Əliyev hakimiyyətini sərt tənqid etməsi ilə seçilən qatı müxalifətçi, hüquqşünas Erkin Qədirlinin sifətində göründü. E.Qədirli R.İbrahimbəyovun namizədliyinin irəli sürülməsinin elə səhəri günü özündə bu həqiqəti cəmiyyətə uca səslə çatdırmağa cəsarət tapdı: axı bu, Azərbaycan qanunlarına ziddir, belə vahid namizədi sadəcə olaraq qeydə almayacaqlar!

Qoltuğunda “aypəd” tutan E.Qədirli heç vaxt olmadığı qədər haqlı idi. Amma onun arqument və dəlilləri cahil oxlokratiyanın divarlarına dəyib çilik-çilik oldu. Oxlokratiya şivən saldı: “Biz nəyin bahasına olursa olsun bu hakimiyyəti İbrahimbəyovun namizədliyini qeydə almağa xalq və inqilab adından məcbur edəcəyik. İbrahimbəyov da özünün hətta Rusiya pasportu və Los-Anceles villası ilə birgə prezident kimi and içəcək”.

Belə deyənlərin bu sözlərini oxlokratik liderlər Əli Kərimli ilə İsa Qəmbər də təkrarladılar. Bu nəğməni sonuncularla bərabər Eldar Namazov da ifa etdi. Halbuki hüquq və qanunlar ilk gündən qalibin tərəfində idi. Qalibi isə mühakimə etmirlər. Və artıq edə də bilməzlər!

Konstitusiya nə deyir?

Azərbaycan Konstitusiyasının 100-cü maddəsinə görə, Azərbaycan Respublikasının yaşı 35-dən az olmayan, 10 ildən artıq müddətdə Azərbaycan Respublikasında daimi yaşayan, seçki hüququ olan, habelə ağır cinayətə görə mühakimə edilməyən, digər dövlətlərin qarşısında heç bir öhdəliyi və ikili vətəndaşlığı olmayan ali təhsilli vətəndaşları Azərbaycan prezidenti seçilə bilərlər.

2003-cü ildə başlıca tələb - 10 ildən artıq müddətdə ölkədə daimi yaşamaq tələbi ətrafında yaranmış müzakirə və mübahisələrlə (bu mübahisələr o dövrün əsas siyasi mühacirləri olan eks-prezident Ayaz Mütəllibov və eks-spiker Rəsul Quliyevin müraciətləri əsasında başlamışdı, amma onları seçki marafonuna heç yaxın da buraxmadılar) əlaqədar Konstitusiya Məhkəməsi 2003-cü il, avqustun 1-də konstitusiyanın 100-cü maddəsinin şərhi ilə bağlı xüsusi qətnamə qəbul elədi. O sənəddəki “...digər dövlətlər qarşısında öhdəliyi olmayan” ifadəsi prezidentliyə namizəd olmaq istəyən şəxslərlə bağlı tələbləri dəqiq göstərir. Konstitusiya Məhkəməsi konstitusiyanın bu maddəsinə istinad edərək şəxsin prezident seçkilərində namizədliyini irəli sürməyinə qadağa qoyan öhdəliklərin dəqiq şərhini verib. Burada söhbət digər dövlətlər qarşısındakı öhdəliklərdən, o cümlədən digər dövlətlərdən sığınacaq, yaşamaq (oturum) hüququ, vətəndaşlıq və s. almaqla bağlı yaranan öhdəliklərdən gedir.

Konstitusiya Məhkəməsinin qətnaməsində xarici dövlət qarşısındakı vergi öhdəliyi məsələsinə də birmənalı qiymət və şərh verilir. Xarici dövlət qarşısındakı vergi öhdəlikləri də şəxsin prezident seçkilərinə qatılmasını qadağan və istisna edir.

Konstitusiya Məhkəməsinin tezisləri

Beləliklə, Konstitusiya Məhkəməsi prezidentliyə namizədlər üçün maneələri hələ 10 il qabaq müəyyən edib:

1. Digər dövlətdə qeydiyyatda olmaq;

2. Vergi;

3. Ölkə ərazisini təyin olunmuş vaxtdan artıq müddətə tərk etməyin mümkün olmaması;

4. Siyasi-hüquqi öhdəliklər.

Siyasi mühacirlər A.Mütəllibovla R.Quliyevin yolunu 10 il qabaq məhz bu 4 bənd kəsmişdi. Onlar sonralar öz hüquqlarını Avropa İnsan Haqları Məhkəməsində qorumağa çalışdılar. Amma Strasburq məhkəməsi bu siyasi mühacirlərin şikayətlərinə baxmaqdan imtina elədi. Çünki onların şikayətləri Avropa Konvensiyasının müddəlarına zidd idi. Avropa Konvensiyasının həmin müddəaları Strasburq məhkəməsinə Avropa Şurasına üzv ölkələrin yalnız qanunverici orqanlarına (parlamentlərinə) keçirilən seçkilərlə bağlı şikayətlərə baxmaq səlahiyyəti və hüququ verir. Başqa sözlə, Azərbaycanda prezident seçkiləri məsələsi Strasburq məhkəməsinin yurisdiksiyasına daxil deyil.

Buna görə də müxalifətin Konstitusiya Məhkəməsinin qətnaməsinə etiraz bildirməyə heç nəzəri şansı da yox idi. Üstəlik, Konstitusiya Məhkəməsi öz hüquqi şərh və analizində digər qabaqcıl dövlətlərdəki presedentə istinad edirdi. Xarici vətəndaşların seçkidə iştirakını məhdudlaşdıran analoji hüquqi normalar bir qədər əvvəl Litvada da tətbiq edilib (Litva konstitusiyasına görə, xarici dövlətlərə bağlılığı və ya onların qarşısında öhdəliyi olan şəxslər nə Litva Seyminə (parlamentinə), nə də prezident seçilə bilməzlər).

Rusiyanın özündə də prezident postuna iddia edən, amma başqa xarici dövlətin vətəndaşı olan şəxs dövlət başçısı seçilə bilməz.

Bu hüquqi norma dövlətçilik fəlsəfəsi baxımından da qanunauyğun və ədalətlidir, çünki o, özündə xalqın təmsilçiliyi kimi hüquqi ideyanı təcəssüm etdirir.

Bu suala cavab verin: digər dövlət(lər)lə möhkəm siyasi-hüquqi tellərlə sıx bağlı olan bir vətəndaş (şəxs) öz ölkəsinin dövlət müstəqilliyini və suverenliyini necə təmin edə bilər? Əgər orta əsrlər tarixindəki təcrübəni - hansısa xarici dövlətin təbəələrinin digər dövlətlərin hökmdarlarının sülalələrinin nümayəndələri ilə ailə qurandan sonra həmin dövlətlərin hökmdarı (şahzadəsi) olması praktikasını (bəzən onlar da öz kilsələrindən ayrılıb ona müharibə elan edirdilər) nəzərə almasaq, tarixdə belə nümunələr olmayıb.

İndi də gəlin seçkidə xarici vətəndaşların iştirakı mövzusu ətrafındakı siyasi müzakirə və münahisələrdən xeyli əvvəl qəbul olunmuş Azərbaycan Konstitusiyasının müəlliflərinin ekspert rəylərinə baxaq. Əgər məqsədimiz 1995-ci il konstitusiyası mətninin müəlliflərinin başlıca niyyətini aydınlaşdırmaqdırsa, onda əsas qanunvericilərdən biri olan Şahin Əliyevin ekspert rəyinə nəzər yetirməyimiz lazım gəlir. Hüquqşünas özünün elmi-praktik şərhində qeyd edir ki, xarici dövlət qarşısında öhdəliyin olmaması tələbi, eləcə də ikili vətəndaşlığı olan şəxsin prezidentliyə namizədliyini irəli sürməsinin qadağan edilməsi dövlət başçısının fəaliyyətinə sonradan kənardan təsir göstərilməsinin qarşısını almağa hesablanıb.

Dəmir məntiqdir!

Doğrudan da, deyək ki, Qarabağ münaqişəsinə dolayı yolla cəlb olunmuş və Azərbaycanın ərazi bütövlüyünü artıq pozmuş qonşu dövlətin vətəndaşı olan şəxs bir prezident kimi ərazi bütövlüyünün və dövlətin suverenliyinin qarantı rolunda necə çıxış edə bilər?

Bəs İbrahimbəyov nə deyir?

Müxalifət liderlərindən biri “İbrahimbəyov məsələsi”nin əsas təşəbbüskarı olan Eldar Namazova hələ mart atında - İbrahimbəyovun birləşmiş müxalifətin vahid namizədi elan olunmasından xeyli əvvəl belə bir sual vermişdi: potensial lider-dissident öz sənədlərini Azərbaycan qanunlarına uyğun şəkildə qaydaya-sahmana salıbmı?

Axı kinorejissor məşhur fiqur olduğundan onun ikili vətəndaşlığı yeddi qıfıl arxasında gizlədilə bilməyən faktdır.

Namazov onda şimallılara xas nordik soyuqqanlılıqla hamını inandırmağa çalışırdı ki, İbrahimbəyovun məsələsi sahmana salınıb, qanunlarla bağlı heç bir problem yoxdur və ola da bilməz.

“Hüquqşünasların böyük bir qrupu bu işə cəlb olunub” - sanki Simurq quşu kimi təzədən doğulan Milli Şuranın “boz kardinalı” bu sözləri yorulub-usanmadan təkrarlayırdı.

Son günlərə qədər hamını, o cümlədən özünü, hətta İbrahimbəyovun özünü də heç bir hüquqi problemin olmadığına tövrünü pozmadan, inanılmaz təmkin və sakitliklə inandıran Namazov tutaq ki, yalançıdır, yaxud da təxribatçı və ya paranoikdir. Amma bəs müxalifət liderlərinin özünə, onların özlərinin də dediyi kimi, “bu hakimiyyətlə son onilliyin ən əsas döyüşü” ərəfəsində “İbrahimbəyov işi”ni götürüb oxumaqda və onu öyrənməkdə nə mane olurdu?

Axı müxalifət liderləri yetkin və bişmiş adamlardır. Üstəlik, onlardan bir çoxunun, məsələn, Əli Kərimlinin, Əvəz Temirxanın, Sülhəddin Əkbərin, hələ neçəsinin ali hüquq təhsili var (İsa Qəmbəri bu məsələdə bağışlamaq olar, o, ixtisasca şərqşünasdır). Gözünüzün önünə düşmənlə döyüşmək üçün savaş meydanına atılan və qəfildən, tamamilə gözlənilməz şəkildə silahının darağında bircə dənə də gülləsinin, ehtiyatda bircə dənə də qumbarasının olmadığını, silah-sursatını götürməyi unutduğunu görən bir ordunu gətirin...

Belə ordunu hansı aqibət gözləyər? O, döyüş meydanına girər-girməz son əsgərinə qədər məhv ediləcək.

Özünü, öz perspektivlərini, öz gələcəyini və əlbəttə ki, öz reputasiyasını Rüstəm İbrahimbəyov brendi ilə tamam-kamal bağlamış Azərbaycan müxalifəti indi təxminən belə bir ağır vəziyyətə düşüb. Ona həyat bahasına stavka edilmişdi! Müxalifət hər şeyini bu oyuna qoymuşdu. Bununla yanaşı müxalifətçilərin heç biri İbrahimbəyovun ikili vətəndaşlığı və onun başqa dövlətlər qarşısında öhdəliklərinin olması probleminin ölkənin milli qanunvericiliyinə uyğun olub-olmaması məsələsinin detal və təfərrüatlarına varmağa hətta heç cəhd də etmədi. Tutaq ki, buna bilikləri çatmadı, ixtisasları imkan vermədi. Amma bəs bilavasitə bir azərbaycanlı vəkildən, hüquqşünasdan hüquqi məsləhət almaq da çətin idimi? Allaha şükür, müxalifət düşərgəsində xeyli hüquqşünas var.

Hazırkı hakimiyyətin rəqiblərini hətta hüquqşünas Erkin Qədirlinin həyəcan təbili də yuxudan oyatmadı. Təkrar edirəm, məqalənin əvvəlində də yazdığım kimi, E.Qədirli R.İbrahimbəyovun namizədliyinin irəli sürülməsindən bircə gün sonra bu məsələni gündəmə gətirmişdi.

Yeri gəlmişkən, E.Qədirli vurğunu kinorejissorun ikili vətəndaşlığı məsələsindən də çox onun Rusiya və ABŞ qarşısındakı əmlak və vergi öhdəlikləri məsələsinin üstünə salmışdı. Həyəcan təbili daha çox bu sonunculara görə çalınırdı. Məsələ burasındadır ki, İbrahimbəyovun özü çoxsaylı müsahibələrində Moskva və Los-Ancelesdəki mal-mülkü barədə fəxrlə danışır, bu faktları gizlətməyə heç çalışmırdı da. Söz yox ki, o, Rusiya pasportunun və “yaşıl kart”ının (“qrin-kart”) olması faktını əvvəlcə inkar edirdi.

Bundan az sonra kimsə bunu İbrahimbəyova guya irad tutaraq deyib ki, nəyisə gizlətməyin və ya yalan danışmağın mənası yoxdur, kartları açmaq lazımdır. İbrahimbəyov da açıb, bununla da vəziyyətini daha da pisləşdirib...

İbrahimbəyovun prezident seçkilərində iştirakı ölkənin Əsas qanununun 100-cü maddəsinin birbaşa və kobud şəkildə pozulması deməkdir.

Birincisi, yalnız ən azı son 10 il müddətndə Azərbaycan ərazisində daimi yaşayan şəxs Azərbaycan prezidentliyinə namizəd ola bilər. R.İbrahimbəyov isə 2003-cü ildən 2008-ci ilə qədər praktiki olaraq ölkədə olmayıb. Özü də burada söhbət Azərbaycan vətəndaşının yox, Rusiya vətəndaşı Rüstəm Məmməd oğlu İbrahimbəyovun ölkədə olmaması faktından gedir. O İbrahimbəyovun ki, hələ 2004-cü ildə Rusiya Federasiyasının 510198972 nömrəli ümumvətəndaşlıq pasportunu alıb. Nə qədər qəribə də olsa, R.İbrahimbəyov Azərbaycan Respublikasının pasportunu Rusiya pasportunu alandan xeyli sonra - yalnız 2005-ci il, noyabrın 11-də alıb (bu pasportun nömrəsi belədir - P4246820).

Beləliklə, R.İbrahimbəyov əgər hətta son 10 ildə öz tarixi vətəninə arabir gəlib-gedibsə də bunu başqa dövlətin vətəndaşı, yəni əcnəbi vətəndaş kimi edib.

Bundan əlavə, R.İbrahimbəyov digər xarici dövlətin - ABŞ-ın ərazisinə də “qrin kart”la girib-çıxıb. Burada vacib bir qeydə ehtiyac var. Rəsmi adı “United States Permanent Resident Card”, qeyri-rəsmi adı isə “yaşıl kart” olan “qrin kart” şəxsiyyəti təsdiq edən
və bir növ identifikasiya kartı demək olan bir sənəddir. Bu sənəd ABŞ ərazisində daimi yaşayan şəxslərə daimi oturmaq hüququ verir.

Virtualaz.org saytının redaksiyasında belə bir təkzibolunmaz sübut var ki, İbrahimbəyov Avropa İttifaqına daxil olan ölkələrdən ABŞ-a məhz bu sənəd - ona ABŞ-da oturmaq hüququ verən “qrin kart” əsasında gedib.

Beləliklə, Azərbaycan Konstitusiyasının 100-cü maddəsinin və Azərbaycan Konstitusiya Məhkəməsinin 01 avqust, 2003-cü il tarixli qətnaməsinin tələblərinə görə, Rusiyanın ümumvətəndaş pasportunun və ABŞ-ın “qrin kart”ının sahibi olan cənab İbrahimbəyovun prezident seçkilərində iştirak etmək hüququ sadəcə olaraq yoxdur.

Lap belə fərz edək ki, Rusiya prezidenti Vladimir Putin R.İbrahimbəyovu Rusiya vətəndaşlığından məhrum elədi. Bəs kinorejissor “qrin kart”dan imtina edib yaxa qurtarmağa necə macal tapacaq? Lakin gəlin yenə də fantastik bir məsələni təsəvvür edək.

Fərz edək ki, məsələyə şəxsən Barak Obama özü qarışır və İbrahimbəyov seçkiyə sayılı günlər qalanda ABŞ-ın sənədindən də yaxa qurtarır. Bəs R.İbrahimbəyov Rusiyadakı daşınmaz əmlakına görə bu ölkənin hökuməti qarşısındakı vergi öhdəlikləri məsələsini necə həll edəcək? Bəs kinorejissor hələ 90-cı illərdə ABŞ-da aldığı mənzilə görə Amerika xəzinəsinə 15 il ərzində vergi ödəməsi, bu ölkənin hökuməti qarşısında vergi öhdəliyi daşıması faktını hara soxub gizlədəcək? Əgər ABŞ-ın Daxili Gəlirlər Xidməti, yəni vergi polisi sabah R.İbrahimbəyovun tutaq ki, son iki il ərzində vergiləri ödəməsi sahəsində hansısa bir qanun pozuntusu faktı tapıb rejissora sadəcə olaraq ölkədən çıxmaq qadağası qoysa, bəs onda nə olacaq?

Ölkəmizdə dövlət hakimiyyətinin mənbəyi olan Azərbaycan xalqı gözəl günlərin birində prezidentsiz qala bilər. Xalq bu halda neyləyər?! Ya da ki, bizim prezidentin Los-Ancelesin hansısa polis məntəqəsində dəmir barmaqlıqlar arxasında oturması kimi bir mənzərəni gözünüzün önünə gətirirsinizmi heç?!

R.İbrahimbəyovun nəinki bu seçkilərdə qalib gəlmək, hətta elementar seçki marafonuna qatılmaq şansı ilk gündən heç nəzəri baxımdan da yox idi. Əziz oxucular, indi özünüz düşünün: R.İbrahimbəyovun namizədliyində israr edən və onu müxalifətin vahid və alternativsiz namizədi statusunda təsdiqləyən müxalifət liderləri bu zaman hansı məqsədləri güdürdülər? Onlar bununla kimə kömək edirdilər? Nəyə bel bağlayırdılar? Planları nəyə heablanmışdı? Doğrudanmı onlar bu qədər sadəlövh, hər şeyə tez inanan adamlardır?

Mən buna inanmıram. Buna inanmaq mümkün deyil. Mən güclü nifrət hissi ilə yaşayan insanların sadəlövh olmasına inanmıram. Nifrət hissi sadəlövh adamlardan ötrü həddən artıq ağır yükdür. Bizim müxalifət isə insanları yalnız bir şeyə - dərin, anlamsız və şiddətli nifrət öyrədə bilər.

R.İbrahimbəyovun Azərbaycanı bir qədər yaxşı, ədalətli və güclü ölkəyə çevirə biləcəyinə inanan insanlar son nəticədə insafsızcasına aldadıldılar. Sən demə, İbrahimbəyov heç ilk gündən mövcud deyilmiş. Onu üfürüb düzəldiblərmiş. Bir mif kimi. O, özü çox tez əriyib-dağılıb getdi. Yenə də bir mif kimi...

Mənim İbrahimbəyova yazığım gəlmir. Axı miflər buna layiq deyil. Mənim bu böyük yalandan sonra özlərini alçaldılmış, təhqir olunmuş, sonda da üz döndərilib atılmış hiss edən adamlara yazığım gəlir. Hər şey bitdi. Heç başlamağa macal tapmadan bitdi... (virtualVirtualaz.org )


Teqlər:  





Xəbər lenti