Qənimət Zahidin pul aldığı məmurlar – SENSASİON SİYAHI

  01 Fevral 2017    Oxunub : 24892
Qənimət Zahidin pul aldığı məmurlar – SENSASİON SİYAHI
“Azərbaycanın bəzi məmurları müxalif KİV-ləri, xüsusən AXCP-nin orqanı olan “Azadlıq” qəzetini və onun eyni adlı saytını maliyyələşdiriblər”.

Bu iddia çıxış edən haqqin.az saytı bildirir ki, məmurları onların fəaliyyətini tənqid etməməyin əvəzində Qənimət Zahidə pul veriblər. Əksər hallarda pullar qəzetin əməkdaşı Xaqani Əliyevin vasitəsilə çatdırılıb. Rüşvət alandan sonra Q.Zahid onların barəsində tənqidi materialların dərcini bir müddət dayandırıb.

Məlumata görə, 2014-cü ildə “Azadlıq” qəzeti “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevin korrupsiya fəaliyyəti barədə ifşaedici məlumatlar dərc edib. Pirverdiyev Q.Zahidə müraciət edib və təklif edib ki, mənimsəmələr və korrupsiya barədə məqalələrin dərcini dayandırsın. Q.Zahid razılaşıb, lakin əvəzində iri məbləğdə pul tələb edib. Bu məqsədlə E.Pirverdiyevin nümayəndələri Q.Zahidlə Moskvada və Kiyevdə görüşüb, ona tələb olunan məbləğdə pulu veriblər.

Misir Mərdanov təhsil naziri olduğu dövrdə “Azadlıq” qəzetinin müxbiri Xaqani Əliyevə birdəfəyə 10 min manat verib. Habelə M.Mərdanov hər ay Qənimət Zahidə 2 min manat göndərib.

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov Baş prokuror olduğu dövrdə Qənimət Zahid ona zəng edərək qəzetə maddi yardım üçün müraciət edib və 5 min dollar istəyib. E.Həsənov bu məbləği dərhal baş redaktora göndərib və bundan sonra da maliyyə yardımı göstərməyə hazır olduğunu çatdırıb.

Bunlarla yanaşı? “Azadlıq” qəzetinin əməkdaşı Xaqani Əliyev qəzetdə nəqliyyat naziri Ziya Məmmədovun barəsində tənqidi məlumatların yayılmamasının əvəzində nazirin nümayəndəsindən bir dəfəyə 10 min manat pul və 20 ton qəzet kağızı alıb.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qohumu Ramazan Zeynalov isə qəzetin əməkdaşı Xaqani Əliyevə birdəfəyə 10 min manat verib.

Məlumata görə? “Azadlıq” qəzeti “Təzəpir” məscidinin bərpası zamanı yol verilən korrupsiya faktları ilə bağlı tənqidi məqalə dərc edib. Bu məqalənin dərcindən sonra Milli Məclisin deputatı Cavanşir Paşazadə Qənimət Zahidlə görüşüb. Tərəflər deputatın özünün və onun qardaşı Allahşükür Paşazadənin barəsində tənqidi məqalələrin dərc olunmaması barədə razılığa gəliblər. Əvəzində Cavanşir Paşazadə çox illər ərzində qəzetə və Qənimət Zahidin özünə əvəzsiz maliyyə yardımı göndərib.

Hərbi prokuror Xanlar Vəliyevin mətbuat katibi “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovla əlaqə yaradıb və ona təklif edib ki, pul müqabilində hərbi prokuror barəsində qəzetdə tənqidi məqalələrin dərc olunması dayandırılsın. S.Şərifov Q.Zahidlə əlaqə saxlayandan sonra bu sövdələşmə təklifinə müsbət cavab verib, nəticədə tərəflər anlaşma əldə ediblər.

Maliyyə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların və “Azərsu” ASC-nin nümayəndələri tərəfindən də tənqidi materialların dərc olunmamasının əvəzində “Azadlıq” qəzetinə pul verilib.

Dövlət Yol Polisinin şöbə rəisi Müşfiq Rəhimov “Azadlıq” qəzetinin müxbiri Xaqani Əliyevə birdəfəyə 10 min manat verib.

Belə məlum olur ki, müxalifət KİV-lərinə yerli icra hakimiyyəti başçıları da pul veriblər. Belə ki, “Azadlıq” qəzetinin müxbiri Xaqani Əliyevə Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev birdəfəyə 5 min manat, Nəsimi rayon icra hakimiyyətinin başçısı isə 15 min manat verib.

“Azadlıq” qəzeti ötən il Xızı rayonunda Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin də iştirak etdiyi ov zamanı ehtiyatsızlıq üzündən adam ölümü barədə məqalə dərc edib. Qəzet pul alandan sonra bu mövzuda yazmağı ümumiyyətlə dayandırıb.

Eyni zamanda Daşkəsən rayonu icra hakimiyyətinin başçısı Əhəd Abıyevin barəsində tənqidi məqalələrin dərc olunmaması üçün “gününsəsi.info” saytının rəhbəri Pərviz Həşimliyə torpaq sahəsi verdiyi məlum olub. Quba rayon icra hakimiyyətinin başçısı Yavər Məmmədovun isə eyni məqsədlə müxtəlif jurnalistlərə pul göndərdiyi bildirilir.

Məlumata görə, Q.Zahid iş adamlarından da pul alıb. Belə ki, Zülfüqarlı qardaşlarının işinin mətbuatda işıqlandırılması üçün onların vəkili Aslan İsmayılov Qənimət Zahidlə razılığa gəlib. Lakin Zülfüqarlı qardaşlarının verdiyi böyük məbləğdə pul Qənimət Zahid və Şahvələd Çobanoğlu tərəfindən mənimsənilib, yazılar isə dayandırılıb.

(Qeyd edək ki, Etibar Pirverdiyev və Aslan İsmayılov artıq özləri haqqında deyilənləri təkzib ediblər)

Teqlər: