Telekanallardan girovun qardaşının ittihamlarına cavab

Telekanallardan girovun qardaşının ittihamlarına cavab
  23 Yanvar 2017    Oxunub:2224
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyevin qardaşı İlham Quliyev yerli telekanalları ittiham edib. Onun sözlərinə görə, telekanallar Kəlbəcər girovlarına və onların ailə üzvlərinə laqeyd münasibət göstərir.

AzVision.az məsələ ilə bağlı telekanallardan münasibət öyrənməyə çalışıb.

“ATV xəbər”in baş redaktoru Vaqif Aydınoğlu bildirib ki, Kəlbəcər girovları ilə bağlı informasiyaları hər zaman yayımlayırlar: “ATV-də bununla bağlı problem yoxdur. Girovların ailə üzvlərinin müsahibələrindən tutmuş Qırmızı Xaçın gətirdiyi məktublara qədər hər şeyi efirə vermişik”.

"Space" televiziyasının icraçı direktoru Kamil Şahverdiyev isə qeyd edib ki, hər həftə Kəlbəcər girovları ilə bağlı məlumatlar, sujetlər yayımlanır, bölgə müxbirləri girovların ailə üzvləri ilə görüşüb xəbər hazırlayır.

“Girovlara laqeyd münasibət ola bilməz, mövzu hər zaman aktualdır. Bundan sonra da bu məsələdə daha diqqətli olacağıq”.

"ARB TV" nin strateji inkişaf və media direktoru İsmayıl Həsənov bildirib ki, bu mövzuda istər dövlətin, istərsə də müəyyən təşkilatların mövqeyini bülletinlərində kifayət qədər işıqlandırıblar. “Gileylənəcək, bizi ittiham edəcək bir şey görmürük. Biz onların Ermənistanda saxlanma şəraiti, keçirilən saxta məhkəmə barədə informasiyaları kifayət qədər işıqlandırmışıq”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti