Prezident Davosda bir sıra görüşlər keçirib - Fotolar (Yenilənib)

Prezident Davosda bir sıra görüşlər keçirib - Fotolar (Yenilənib)
  18 Yanvar 2017    Oxunub:2588
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin Azərbaycana son səfəri məmnunluqla xatırlandı. BP ilə SOCAR arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, BP-nin Azərbaycanda ən böyük investor olduğu qeyd edildi, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gedən işlər müzakirə olundu. Söhbət zamanı “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələrinin uğurlu icrası və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.



Prezidenti İlham Əliyev Davosda Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ilə görüşüb. Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən maliyyə və investisiya sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirdi. Lüksemburq ilə Azərbaycan arasında hava nəqliyyatı ilə yük daşımaları sahəsində uğurlu əməkdaşlığın olduğunu deyən Ksavyer Bettel ölkəsində İKT, kosmik sənaye, bank və maliyyə sahələrinin inkişaf etdiyini, bu sahələrdə Azərbaycanla əməkdaşlığa hazır olduqlarını dedi.

Prezident İlham Əliyev Azərbaycanın müxtəlif sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda da İKT-nin inkişafına xüsusi diqqət ayrıldığını, hökumətin bu sahəyə böyük investisiyalar yatırdığını bildirdi. Azərbaycanda kosmik sənayenin də inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin bu sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı.

Söhbət zamanı qarşılıqlı investisiya, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.



Ölkə başçısı Davosda həmçinin Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru Şamşir Vayalil ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli əməkdaşlığın olduğu qeyd edildi. Azərbaycan ilə “VPS Healthcare” şirkəti arasında səhiyyə sahəsində əlaqələrin yaxşı perspektivlərinin olduğu vurğulandı, bu sahədə əməkdaşlıqla bağlı məsələlər ətrafında müzakirələr aparıldı.



Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ilə də görüşü keçirilib. Görüşdə “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ətraf mühitin qorunması, məişət tullantılarının yandırılması sahəsində bu şirkətlər qrupunun gördüyü işlər və imkanları barədə dövlətimizin başçısına məlumat verdi. Erik Olsen Azərbaycanı əməkdaşlıq baxımından cəlbedici ölkə kimi dəyərləndirərək respublikamızla əlaqələr qurmağa hazır olduqlarını vurğuladı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az



Teqlər:  





Xəbər lenti