`ASAN xidmət`ə müraciətlərin sayı 13 milyonu keçib

`ASAN xidmət`ə müraciətlərin sayı 13 milyonu keçib
  11 Yanvar 2017    Oxunub:3003
Ötən il “ASAN xidmət” mərkəzlərində xidmətlərə görə vətəndaş məmnunluğu 100 faizə yaxın olub .

Bunu bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov qeyd edib ki, son illər respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilməkdədir: “Bu islahatların tərkib hissəsi olaraq Sizin təşəbbüsünüzlə dörd il öncə Azərbaycanda yeni qurum - “ASAN xidmət” təsis edilib. Müəllifi olduğunuz “ASAN xidmət”in yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi olub. Sizin qarşımızda qoyduğunuz əsas vəzifə dövlət xidmətlərinin göstərilməsində yeni standartlara nail olunmasıdır. Bu standartlar, dövlət və özəl xidmətlərin, vahid məkanda operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi əsasında formalaşdırılıb.

Yüksək diqqətinizə çatdırmaq istərdim ki, hazırda respublikamızda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. 2016-cı ildə Qəbələ “ASAN xidmət” mərkəzi və Masallı “ASAN həyat” kompleksi fəaliyyətə başlayıb. Sizin hər bir “ASAN xidmət” mərkəzinin açılışında iştirakınız “ASAN” əməkdaşları üçün böyük şərəf və məsuliyyətdir. Bu qayğınız bizi daha böyük əzmlə işləməyə sövq edir”.

O əlavə edib ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşlarımıza 230-dan çox xidmət göstərilir: “Bu xidmətlər 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən təqdim edilir. Bundan əlavə, 2016-cı ilin dekabrında fəaliyyətə başlayan “ASAN Kommunal” Mərkəzində “Azəriqaz”, “Azərsu”, “Azərişıq” şirkətlərinin 45 növ kommunal xidmətləri göstəriləcək. Mərkəzlərin əhatə etmədiyi regionlarda 10 səyyar avtobus vasitəsilə xidmət göstərilir. Səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə ilk “ASAN Qatar” təhvil verilib”.

Agentliyin sədri bildirib ki, 2016-cı ilin sonunadək “ASAN xidmət”ə edilən ümumu müraciət sayı 13 milyonu keçib, 12 milyon 369 min xidmət göstərilib. 108 Çağrı mərkəzi indiyədək 1 milyon 210 min zəngi qəbul edərək cavablandırıb: “ASAN xidmət” mərkəzlərində 1 milyon 970 min şəxsiyyət vəsiqəsi, 715 min ümumvətəndaş pasportu verilib, 300 minə yaxın sürücülük vəsiqəsi dəyişdirilib. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə 735 min, notariat sahəsində 1 milyon 865 min xidmət göstərilib. 82 minədək kommersiya hüquqi şəxsi qeydiyyata alınıb, əmlak məsələləri ilə bağlı 454 min xidmət göstərilib, 2016-cı ildə sahibkarlara 2605 lisenziya verilib. Toplanmış dövlət rüsumları hesabına büdcəyə, ümumilikdə, 69 milyon manat, 2016-cı ildə isə 20 milyon manat ödənilib”.

O vurğulayıb ki, ötən il mərkəzlərdə xidmətlərə görə vətəndaş məmnunluğu 100 faizə yaxın olub. Bu göstərici “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bütün dövlət orqanlarının birgə əməyinin nəticəsidir:

“Möhtərəm cənab Prezident, Sizin vurğuladığınız kimi, “ASAN xidmət”in fəaliyyəti dövlət qulluqçusu-vətəndaş münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Bu məqsədlə Dövlət Agentliyi tərəfindən etik davranış, psixoloji və digər mövzular üzrə 1142 təlim keçirilib. Bu təlimlərdə 20 minədək şəxs iştirak edib. Qeyd etmək istərdik ki, hazırda “ASAN xidmət”də 2300-dən çox gənc əməkdaş çalışır. Onların 51 faizini qadınlar təşkil edir. Sizin tapşırığınıza əsasən yeni nəsil dövlət qulluqçularının formalaşdırılması məqsədilə 10 mindən çox gənc fəaliyyətimizə könüllü qismində cəlb olunub. 700-dən çox könüllü “ASAN kadr” portalı vasitəsilə işlə təmin edilib. Könüllülər 200-dən çox yerli və beynəlxalq layihələr icra ediblər. Könüllülərimiz, həmçinin sosial şəbəkələrdə də fəal iştirak edib, Sizin apardığınız xarici və daxili siyasətin aktiv təbliğatçıları olublar”.

İ.Kərimov deyib ki, vətəndaşlarımızın dövlət xidmətləri barədə rəyi fəaliyyətimizin əsas keyfiyyət göstəricisi olub: “Fəaliyyətimizlə bağlı məmnunluq əmsalı ilə yanaşı, həmçinin daxil olmuş şikayətlər barədə də Sizə məlumat vermək istərdim. 2016-cı il ərzində “ASAN xidmət”ə daxil olmuş müraciətlərin 0.17 faizi üzrə şikayət olub. Bütün şikayətlər operativ şəkildə araşdırılıb və öz həllini tapıb. Zati-aliləri, Dövlət Agentliyinin qarşısında qoyduğunuz digər vəzifə dövlət xidmətlərinin elektronlaşdırılması və innovasiyaların tətbiq edilməsidir. Hər il 34 dövlət orqanı üzrə 441 elektron xidmət qiymətləndirilib və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib. 43 innovativ və startap layihəsi təqdim olunub, onlardan 22-si artıq tətbiq edilib. “ASAN ödəniş” sisteminə 97 dövlət orqanı inteqrasiya edilib. Dövlət qurumları tərəfindən göstərilən xidmətlərin vahid reyestri yaradılıb. Reyestrə 118 dövlət orqanının 756 xidməti daxil edilib.

Sizin tapşırığınıza əsasən “ASAN xidmət” standartlarının bütün dövlət xidmətlərində tətbiqi məqsədi ilə “ASAN Index” yaradılıb. Bu ildən dövlət xidmətləri “ASAN Index” vasitəsilə qiymətləndiriləcək və onların reytinqi müəyyən ediləcək”.

Agentliyin sədri qeyd edib ki, elektron xidmətlər sahəsində görülmüş tədbirlər nəticəsində Azərbaycan 2016-cı ildə BMT-nin “Elektron Hökumətin İnkişafı İndeksi” üzrə 193 ölkə arasında 12 pillə irəliləyərək 56-cı yerdə, “Elektron İştirak İndeksi” üzrə isə 30 pillə irəliləyərək 47-ci yerdə qərarlaşıb: “Möhtərəm cənab Prezident, “ASAN xidmət” konsepsiyası dövlət xidmətlərinin səmərəliliyinin artırılması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə yanaşı, həmçinin korrupsiya və rüşvətxorluğa qarşı effektiv institusional vasitə kimi çıxış edib. 2016-cı il “Qlobal Korrupsiya Barometri” ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını göstərib. Ölkəmizin göstəriciləri bu sahədə Avropa İttifaqı və postsovet ölkələri ilə müqayisədə daha yüksək olub. Təsadüfi deyil ki, bu sahədə effektiv model axtarışında olan dünya birliyi Azərbaycan brendinin tətbiqi ilə yaxından maraqlanır və bu innovativ xidmət təcrübəsindən faydalanır. “ASAN xidmət”in BMT, Dünya Bankı, Avropa Parlamenti və Afrika İttifaqında, 15-dən çox Avropa və digər dövlətlərdə, o cümlədən beynəlxalq media vasitələrində təqdimatı olub. Sizin dəfələrlə qeyd etdiyiniz kimi, bu, Azərbaycanın intellektual məhsul yaratmaq potensialının göstəricisidir. “ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi üzrə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətlərə layiq görülüb, xüsusilə BMT-nin bu sahədə ən ali mükafatı ilə təltif edilib.

Möhtərəm cənab Prezident, 2017-ci il ərzində Dövlət Agentliyi qarşısında qoyduğunuz vəzifələrin icrası ilə bağlı məruzə edirəm ki, bu il Mingəçevir və Qubada regional “ASAN Həyat” kompleksinin istifadəyə verilməsi, Şəki və İmişlidə isə iki kompleksin inşasına başlanılması nəzərdə tutulur. Bakı şəhərində daha iki “ASAN Kommunal” Mərkəz yaradılacaq”.

İ.Kərimov xatırladıb ki, ölkəmizdə turizmin inkişafı ilə bağlı silsilə tədbirlər çərçivəsində “ASAN Viza” sistemi tətbiq edilib: “Sizin tapşırığınızın icrası ilə bağlı məruzə etmək istəyirəm ki, bu gündən etibarən “ASAN Viza” sistemi tam fəaliyyətə başlayacaq. Bu sistem Xarici və Daxili İşlər nazirlikləri, Dövlət Təhlükəsizlik, Dövlət Sərhəd, Dövlət Miqrasiya xidmətləri ilə birlikdə yaradılıb və bütün informasiya bazaları ilə inteqrasiya olunub. Sosial xarakterli “Ailə Biznesinə ASAN Dəstək” – “ABAD” layihəsi üzrə Masallıda pilot layihənin icrasına başlanılıb. Bu il ərzində Balakəndə Dövlət Neft Şirkəti ilə birlikdə “ABAD park” kompleksinin və İsmayıllıda yerli icra hakimiyyəti ilə birlikdə “ABAD” mərkəzin təşkili nəzərdə tutulur. Eləcə də elektron lisenziya portalı bu il İqtisadiyyat Nazirliyi ilə birlikdə istifadəyə veriləcək və sahibkarlar lisenziya və icazələri dövlət orqanlarına getmədən, elektron qaydada əldə edə biləcəklər.

Möhtərəm cənab Prezident, söz veririk ki, 2017-ci ildə “ASAN xidmət” kollektivi yüksəkkeyfiyyətli xidmətlərini göstərməkdə davam edəcək, dövlət orqanlarının fəaliyyətinə vətəndaşlarımızın inamını daha da gücləndirəcək, mövcud olan nöqsanları aradan qaldıracaq. Əmin edirik ki, fəaliyyətimizlə Sizin yüksək etimadınızı doğruldacaq, qarşımızda qoyduğunuz ciddi vəzifələri vicdanla icra edəcək, vətəndaşlarımızın sosial problemlərinin həllində əməyimizi əsirgəməyəcəyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti