Prezident: `ASAN Xidmət`in funksiyalarının genişləndirilməsi diqqət mərkəzindədir

Prezident: `ASAN Xidmət`in funksiyalarının genişləndirilməsi diqqət mərkəzindədir
  10 Yanvar 2017    Oxunub:3359
“ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub, göstərilən xidmətlərin sayı artırılıb.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkə başçısı bildirib ki, “ASAN viza”nın fəaliyyətə başlaması ölkəmizə turist axınının daha da sürətlənməsinə geniş imkanlar açıb. 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb.

Prezident “ASAN xidmət”in coğrafiyasının və funksiyalarının genişləndirilməsinin diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Dövlət rəhbəri, həmçinin vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı bundan sonra da diqqət mərkəzində olacaq: “2016-cı ilə Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə qoyulub: Ötən ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olundu. Digər neft ölkələrindən fərqli olaraq, Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə etdi. Azərbaycanda görülən işlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilib. Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 30-cu yerdə qərarlaşdırıb. Böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yeri açılıb”.

2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli olması vacibdir deyən dövlət başçısı sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə taxıl, pambıq, barama, çay və şərab istehsalının artırılması, valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışıb, istehsal olunan məhsullar üçün yeni bazarların tapılmasının vacibliyini vurğulayıb.

Ölkədə infrastrukturun yaradılması, qazlaşdırmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə əlaqədar tapşırıqlar verən prezident hərbi potensialın gücləndirilməsi ilə bağlı əlavə tədbirlərin görüləcəyini söyləyib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti