`Qocalıq yaxşı şey deyil` - Musa Yaqub

`Qocalıq yaxşı şey deyil` - Musa Yaqub
  09 Yanvar 2017    Oxunub:6179
“İnsanlar nə qədər bir-birini başa düşərsə, həyat da qaynayır”
Azərbaycanın tanınmış şairi Musa Yaqub AzVision.az-ın suallarını cavablandırıb. Şairlə qısa müsahibəni təqdim edirik:

-Musa müəllim necəsiniz? Yeni ili necə qeyd etdiniz?

-Kefim çox yaxşıdır. Yeni ili nəvələrimlə, ailə üzvlərimlə birlikdə İsmayıllının Buynuz kəndində qarşıladım. Şəhərə yenicə qayıtmışam. Allah nə qədər ömür verəcəksə, o qədər yaşayacağıq.

-Yeni ildə planlar da, hesablar da yeni olur. Sizin planlarınız nədən ibarətdir?

-Yaradıclıq fərdidir. Onu planlamaq olmur. Nə zaman ilham gəlsə, şeirimi yazacağam. Poeziya nəfəs almaq, yaşamaq, qidalanmaq kimi bir şeydir. Nə vaxt gəlsə, onu yerinə yetirəcəyəm. Bu, şairlik borcumdur. Konkret olaraq şeirlərimi kitab halında hazırlayıram. “İndi bildim nağıldır” adlı şeirlər və poemalardan ibarət kitab olacaq. Ümumi götürdükdə yaradıcılıqda plan olmur.

-Kitabın adını “İndi bildim nağıldır” qoyacağınızı dediniz. Dünyanı necə bir nağıl hesab etmək olar?

-Nağıl şirindir. Nağıl deyəndə ağıla gözəl ömür, təbiət, macəralar gəlir. Əslində həyatın özü də xatirəyə dönəndən sonra gözəl bir nağıla bənzəyir. Bu da var ki, nağıllar həmişə gözəl olmur. Ailə nağılları, kədərli nağıllar, məhəbbət nağılları, macəra nağılı, həyatla, təbiətlə, el- oba ilə birlikdə olan nağıllar var. Onlar da həyat kimi qarışıqdır.

-Sizin həyatınızda bu saydığınız nağıllardan ən çox hansı üstünlük təşkil edib?

-Ömrün hər hissəsi əzizdir. Bu yaxınlarda bir şair yoldaşım 1963-cü ildə qəzetdə çap olunan “Meşələr” şeirimi göndərib. Şeiri yazdığım günlər gözümün qabağına gəlir. Gözəl günlər idi. Şeir çap olunanda çox sevinmişdim. Ondan sonra bəlkə mindən çox şeirlərim çap olunub. Amma o sevinc həmişə yadımdadır.

-Artıq 79 ilin “kürəyini” yerə vurmusunuz. Fikrinizcə, insan həyatının hansı çağında ömrü bütün gözəlliyi ilə yaşayır?

- Deyirlər, qocalmaq, yaşlanmaq yaxşı şeydir. Mən isə düşünürəm ki, qocalıq yaxşı şey deyil. Sadəcə olaraq ömrü yaşamaq üçün qocalıq sənin həyatının bir hissəsi olmalıdır.

Qocalıq o zaman ləzzətli olur ki, yaxşı ömrün və xidmətində duranlar olur. Çünki qocalıq bir az ağır tərəzidir. O tərəzidə hər şeyi çəkmək olar. Uşaq kimi bir az kövrəlirsən, dünyanı daha yaxşı dərk edirsən. Ancaq ən şirin çağlar cavanlıqdır. Ürəyinin qaynayan vaxtı olur. Məhəbbət dövrünü yaşayırsan.

Bizim gəncliyimizdə yaşayış ağır idi, aclıq və müharibə var idi. Bunun müqabilində ümidimiz çox idi. Bizi irəli ümid aparırdı. Ümidsiz yaşamaq çətindir. İnsanda ümid olmayanda balaları da gözünə yazıqlaşır.

-İnsan yaşlandıqca həyatı, insanı, dünyanı tanıyır. Tanımadığı heç nə qalmır.

-Dünya elə cür dəyişilib forma alır ki, hər şey sənə təzə gəlir. Əvvəlki dəyərlər bəzən itir, sənin yaşadığın o dairə başqalaşır. Dostlar qalır, amma səninki olmur, sənə qalmır.

Elə şeylər var ki, onlar dəyişilir. Həyat elə qaynayır, insanları elə hala salır ki... Düzdür, biz zamandan, ömürdən gileylənirik, ancaq bunun təbiətə, torpağa, günəşə, yerə dəxli yoxdur. Onu dəyişən insandır. İnsanlar nə qədər bir -birini başa düşərsə, həyat da qaynayar. Qapılar bir- birnidən uzaq düşəndə isə hər şey dəyişir.

-Sizdə nələr dəyişilib?

-Mən onu hiss etmirəm. İndi xarakteri saxlamaq çətindir. Hər yerdə, hər vaxt dəyişmək olmaz. Müəyyən şeylər dəyişilirsə, o məcburiyyətdir. Şair Xaqani deyir:

“ Başdan-başa xəstə və yorğun,
Hünərim yox,
Yonqar kimi, yonmuş məni dövran,
Xəbərim yox”.

Xəbərin olmayan şeylər var ki, adam bir az dəyişir. Amma əsas xətt dəyişmir.

Söhbətləşdi: Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti