Milli Məclisdən Bordyujaya və İrana etiraz

Milli Məclisdən Bordyujaya və İrana etiraz
  30 Dekabr 2016    Oxunub:2781
Milli Məclisin bu gün keçirilən iclasında bir sıra məsələlər müzakirə olunub.

AzVision.az xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bir qrup tarixçi müəllimin ona müraciət etdiyin bildirib: “Müəllimlərin dediyinə görə, 8-ci sinifdə rus dilini bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur”.

Deputat tarixçi həmkarlarından bu məsələni diqqətdə saxlamağı xahiş edib: “Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var ki?!”

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu məsələ diqqətdə saxlanmalıdır.

Daha sonra çıxış edən deputat Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, İran Şuşadakı tarixi məscidin bərpası ilə bağlı Ermənistana yardım göstərir. Millət vəkili İranın müdafiə naziri Hüseyn Dehqanın “İsrailin baş naziri Benyanim Netanyahunun Azərbaycana səfərinə dözə bilməyəcəyik” deyə səsləndirdiyi fikirlərinə də münasibət bildirib: “Xalq arasında bir deyim var: “Sərt olub nə edəcəksən?”. Azərbaycan İsraillə əlaqələrini bundan sonra da davam etdirəcək”.

Millə vəkili çıxışı zamanı Ermənistanın ötən gün Azərbaycanla sərhəddə törətdiyi təxribatdan söz açıb: “Bu, Ermənistanın növbəti təxribatıdır və Ermənistan Rusiyanı bu prosesə qoşmaq istəyir. Ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətdi. Bu adam artıq baş katiblikdən getməlidir”.

Milli Məclis sədri Oqtay Əsədov isə qeyd edib ki, Bordyujanın açıqlaması çox savadsız idi: “Buna Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Ona görə də, məsələni çox da şişirtmək lazım deyil”. Spiker onu da əlavə edib ki, Azərbaycan İranın daxili işlərinə qarışmır.

Deputat Siyavuş Novruzovun qaldırdığı məsələyə münasibət bildirən AMEA-nın Tarix İnstitunun direktoru, deputat Yaqub Mahmudov qeyd edib ki, bir tarix var, o da Azərbaycan tarixidir. Millət vəkili bu təxribatın qarşısının alınmalı olduğunu vurğulayıb.

Spiker Oqtay Əsədov isə bildiridb ki, həmin kitabları yazanlar üzə çıxarılmalıdır: “Araşdırın, görək bunu kim yazıb”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti