`ASAN Radio` 1 yaşında

`ASAN Radio` 1 yaşında
  24 Dekabr 2016    Oxunub:3224
Bu gün ASAN Radio 100 FM-in 1 yaşı tamam olur.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan “ASAN Radio” 24 dekabr, 2015-ci il tarixdə yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olaraq “ASAN Radio” sosial, elm, idman, mədəniyyət və digər sahələrində maraqlı, faydalı verilişlər hazırlayaraq dinləyicilərə təqdim edir.

“ASAN Radio” həm “ASAN xidmət” mərkəzlərində təmsil olunan, həm də digər dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır, vətəndaşlarla dövlət qurumları arasında əlaqəni möhkəmləndirir.

Xəbər istehsalçısı olan “ASAN Radio” məlumatları dinləyicilərə operativ şəkildə çatdırır. Bundan başqa, asanradio.az saytı radionun istehsalı olan audio və videomaterialları, ölkədə, xaricdə baş verən hadisələrlə bağlı xəbərləri oxuculara təqdim edir.

“ASAN Radio” həm də gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, BDU-nun jurnalistika fakültəsinin tələbələri burada təcrübə keçərək radio yayımçılığının müasir metodlarını öyrənirlər.

“ASAN Radio” sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, videoreportajlar yayımlayır.

“ASAN Radio” Azərbaycan və dünya musiqisindən seçmələri dinləyicilərə təqdim edir.

“ASAN Radio” beynəlxalq əlaqələr və radiokörpülər qurur, ölkəmizdə və beynəlxalq miqyasda keçirilən mötəbər tədbirləri canlı yayımlayır, sosial aksiyalarda iştirak edir.

Müxtəlif dövlət qurumları, həmçinin bizneslərini inkişaf etdirən özəl strukturlar “ASAN Radio”nu etibarlı tərəfdaş olaraq seçir və təbliğat platformasından yararlanırlar.

“ASAN Radio” Bakıda və Abşeron yarımadasında 100 FM tezliyində yayımlanır. Bundan başqa, radionu asanradio.az saytı vasitəsilə və xüsusi olaraq “ASAN Radio” üçün hazırlanan mobil tətbiqlərdən istifadə etməklə dinləmək mümkündür.

AzVision.az kollektivi adından həmkarlarımızı təbrik edirik.


Teqlər:  





Xəbər lenti