`ASAN Viza` ölkəmizə 30 milyon xeyir verəcək

`ASAN Viza` ölkəmizə 30 milyon xeyir verəcək
  17 Dekabr 2016    Oxunub:2165
“ASAN Viza” sistemi Azərbaycana gələn turistlərə turizm agentliklərinin iştirakı olmadan birbaşa viza almağa şərait yaradacaqdır. Həmçinin aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində turist vizalarının verilməsi prosesi sadələşdiriləcəkdir.

AzVision.az xəbər verir ki, bu bardə məlumat Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində yer alıb.

Qeyd olunub ki, imzalı və möhürlü mehmanxana təsdiqinə, istirahət məqsədilə səfər edən turistlər üçün aidiyyəti dəvət məktubunun və bəyannamənin doldurulmasına qoyulan tələblərə yenidən baxılacaq, sənədlərin elektron versiyasının təqdim edilməsi və tam səhifəlik vizalar əvəzinə möhürlənmiş vizaların verilməsi prosedurlarının icrasına başlanılacaqdır. Yaradılmış işçi qrup elektron viza sisteminin asanlığını və çevikliyini artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə işləyəcəkdir.

Sərhəd buraxılış məntəqələrində yaranmış sıxlığın öncədən müəyyənləşdirilməsi üçün dövlət sərhəd məntəqələrinə yaxın ərazilərdə və Bakı şəhərindən rayonlara gedən yol qovşaqlarında sərhəddə sıxlıq dərəcəsini nümayiş etdirən elektron məlumat lövhələrinin quraşdırılması, onların mütəmadi fəaliyyətinin təmin edilməsi və məlumatların müntəzəm yenilənməsi istiqamətində müvafiq işlər görüləcəkdir. Gözləmə hallarının və bunun nəticəsində yaranan vaxt itkisinin minimuma endirilməsi, sıxlığın aradan qaldırılması, turist məmnunluğunun artırılması və turistlərin ölkəmizə axınının sürətləndirilməsi məqsədilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhəd buraxılış məntəqələrindən əlavə sürətli keçidlə buraxılması məqsədilə müvafiq işlər görüləcəkdir.

Viza prosedurlarının sadələşdirilməsi nəticəsində turist sayının çoxalmasının 2020-ci ildə real ÜDM-in 20 milyon manat birbaşa və 10 milyon manat dolayı olmaqla, ümumilikdə 30 milyon manat artmasına gətirib çıxaracağı proqnozlaşdırılır. Əsas icra göstəricisi sadələşdirilmiş viza prosedurları nəticəsində gələn turistlərin sayında artımın yaranmasıdır (İranlı turistlərin artımına dair məlumat əvvəlki bəndlərdə nəzərə alındığı üçün burada qeyd olunmamışdır).

Bu prioritetin iş yerlərinin yaradılması baxımından yalnız dolayı təsirləri olacaqdır.
Qeyd etmək vacibdir ki, viza prosedurlarının sadələşdirilməsi hədəf ölkə qruplarından turist axınını artırmaqla yanaşı, digər prioritetlərin reallaşdırılması üçün də mühüm rol oynayacaqdır.

AzVision.az



Teqlər:  





Xəbər lenti