`Yeni Müsavat` təkzib verdi

`Yeni Müsavat` təkzib verdi
  16 Dekabr 2016    Oxunub:1937
“Yeni Müsavat” qəzetinin 16 dekabr 2017-ci il tarixli sayında dərc edilmiş məqalələrdən birində YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov haqqında həqiqəti əks etdirməyən, təhrif olunmuş informasiya yer alıb.

Bu barədə AzVision.az-a YAP-ın mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, bununla əlaqədar olaraq, YAP-ın mətbuat xidməti “Yeni Müsavat” qəzetinə təkzib verib. Adıçəkilən qəzet isə öz növbəsində yayılan informasiyanın əsl həqiqəti əks etdirmədiyini nəzərə alaraq mövqeyimizi bəzi redaktələrlə özünün internet səhifəsində (musavat.com) yerləşdirib.

Həmin təkzibi olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq.

Hüseyn Paşayev: “Əli Əhmədov YAP-ın yaradılması təşəbbüsü ilə çıxış etmiş məşhur “91-lər”dən biridir”

“Yeni Müsavat” qəzetinin 16 dekabr 2017-ci il tarixli sayında “Dağılan tifaq-müxalifət hökuməti və parlamenti necə ələ keçirdi?” sərlövhəli yazıda vaxtıilə tanınmış müxalifət təşkilatlarında olmuş, YAP yarandıqdan və ya hakimiyyətə gəldikdən sonra bu partiyaya keçmiş, hazırda yüksək vəzifələrdə, parlamentdə olan bir sıra məşhur insanların adı qeyd edilib. Bu sırada YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədovun da adı yer alıb. Əli Əhmədovun AMİP-də olduğu, sonradan YAP-a keçdiyi qeyd edilib.

Əli Əhmədovun vaxtıilə AMİP-də olduğu barədə yazılanların həqiqəti əks etdirmədiyi barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev təkzib verib. Hüseyn Paşayevin redaksiyamıza ünvanladığı təkzib məktubunda qeyd edilir ki, bəzi kütləvi informasiya vasitələri yüksək dövləti vəzifə daşıyan, ölkənin siyasi həyatında önəmli yeri və mövqeyi olan ayrı-ayrı nüfuzlu şəxslər haqda həqiqət olmayan yazılar yazırlar. Bu tip yazılardan sonuncusu “Yeni Müsavat” qəzetinin 16 dekabr 2017-ci il tarixli sayında özünə yer tapa bilib:

“Birbaşa qeyd etmək istəyirəm ki, qəzetdə Əli Əhmədovun ünvanına edilən qeydlər həqiqəti əks etdirmir. Məqsədi-məramı bilinməyən, informasiya xarakteri daşımayan, həqiqətin əks olunmadığı belə bir yazını dərc etməsini, özünü çoxtirajlı hesab edən bir qəzetin material qıtlığı ilə üzləşməsi kimi izah etmək olarmı? Heç kim düşünməzdi ki, bu, belədir.

Adıçəkilən qəzetdə “Dağılan tifaq-müxalifət hökuməti və parlamenti necə ələ keçirdi?” sərlövhəli məqalədə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədovun barəsində cəmiyyətdə yanlış fikir formalaşdırmağa cəhdi olmuşdur. Bununla əlaqədar bir daha xatırlatmağı lüzum bilirəm. Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP-ın yaradılması təşəbbüsü ilə çıxış etmiş məşhur “91-lər”dən biridir. Əli Əhmədov Bakı Dövlət Universitetinin dossenti olaraq Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə partiya yaradılması təşəbbüsünü öz imzası ilə təsdiq etmiş, həyatını təhlükə altına qoyaraq, bu tarixi hərəkata qoşulub. Nəhayət, Əli Əhmədov Yeni Azərbaycan Partiyasının yaradılması və partiya quruculuğu proseslərində ən yaxından iştirak etmiş bir şəxs olub”.

AzVision.az


Teqlər:  





Xəbər lenti