Buraxılış imtahanları pulsuz olacaq

Buraxılış imtahanları pulsuz olacaq
  13 Dekabr 2016    Oxunub:1826
Nazirlər Kabineti (NK) “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”nı təsdiqləyib.
AzVision.az xəbər verir ki, yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrində ümumi orta və tam orta təhsil səviy­yə­ləri­ndə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Yekun qiymətləndirilmə üçün Mərkəz tərəfindən buraxılış imtahanı keçirilir. Buraxılış imtahanının test tapşırıqlarının və inşasının məzmunu NK-nın təsdiqlədiyi "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)"na uyğun olaraq, Mərkəz və Təhsil Nazirliyi (TN) tərəfindən birgə müəyyən edilir. Buraxılış imtahanlarının keçiriləcəyi günləri və imtahanların aparılması texnologiyasını Mərkəz və Təhsil Nazirliyi birgə müəyyən edirlər.

Buraxılış imtahanının keçirilməsi Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilir və təhsilalanlar üçün ödənişsizdir.

Ümumi orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.

Tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti 2 olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.

Şagirdin təhsil sənədinə yazılacaq yekun qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən sonra 10 günədək müddətdə elan edilir.

Səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi (attestasiyası) məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada Mərkəz tərəfindən baxılır. Həmin şagirdlər Mərkəz tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.

Xatırladaq ki, Azərbaycanda cari ilin aprel ayında təsdiq edilmiş Dövlət İmtahan Mərkəzinin Nizamnaməsinə əsasən, DİM publik hüquqi şəxsdir (TQDK və DQMK kimi mərkəzi icra hakimiyyəti orqanı deyil) və gələn ildən DİM-ə müvafiq Fərmanla həvalə olunmuş vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti