Prezident dəyişiklikləri təsdiqlədi

Prezident dəyişiklikləri təsdiqlədi
  12 Dekabr 2016    Oxunub:2307
Azərbaycan prezidenti İlham Əliyev “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, qanunda edilən dəyişiklikdə deyilir:

“ Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununu “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6, maddə 469; 2006, № 11, maddə 932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009, № 6, maddə 394; 2010, № 7, maddə 600; 2011, № 2, maddə 70; 2015, № 4, maddə 354) aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:

“Maddə 12-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi

12-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.

12-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

12-1.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.”

Bundan başqa İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. “Dini etiqad azadlığı haqqında” qanunun 12-1-ci maddəsinə “dini ekstremist fəaliyyətlə məşğul olma” məzmunlu 3-1-ci bənd, habelə “Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir” məzmunlu hissə əlavə edilib.

Qeyd edək ki, dəyişikliklər dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumun ləğvi, dini ekstremizm əleyhinə aparılan əməliyyatlar zamanı əməliyyat zonasının hüquqi rejimi ilə bağlı yeni tələblər, eyni zamanda dini fanatizm zəminində milli, irqi ayrı-seçkiliyin salınması, bunun maliyyələşdirilməsi ilə bağlı 5 ilədək azadlıqdan məhrumetmə sanksiyalarını əhatə edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti