`Azərbaycan dövləti öz vətəndaşını darda qoymur` - Prezident

`Azərbaycan dövləti öz vətəndaşını darda qoymur` - Prezident
  18 Avqust 2013    Oxunub:1069
`Qax rayonunda çox əlamətdar bir gündür. Biz gözəl Olimpiya Mərkəzinin açılışına toplaşmışıq, gözəl mərkəzdir. İndi tanış oldum, görürəm ki, bütün imkanlar vardır. Gənclər, uşaqlar idmanla məşğul olacaqlar, yaşlı nəslin nümayəndələri də istifadə etməlidirlər, bütün şərait vardır. Bilirəm ki, Olimpiya Kompleksinin tikintisi Qax sakinlərinin çoxdankı arzusu idi və artıq bu arzu reallaşıb. Əminəm ki, burada məşğul olacaq idmançılar Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıracaqlar`

AzVision.az xəbər verir ki, bu sözlərlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında çıxış edib.

O, qeyd edib ki, gələcək Olimpiya, dünya çempionları burada yetişəcək və beləliklə, Azərbaycan idmanı inkişaf edəcəkdir.

`Əlbəttə, belə komplekslərin tikintisi, ilk növbədə, idmanın kütləviliyini təmin edir. Əlbəttə ki, çempionlar da, rekordlar da lazımdır. Ancaq, ilk növbədə, gənclər gərək idmanla məşğul olsunlar ki, sağlam olsunlar və sağlam həyat tərzi sürsünlər. Buna görə ölkəmizin müxtəlif yerlərində belə komplekslər tikilir. Artıq Azərbaycanın regionlarında 39 Olimpiya mərkəzi vardır. Beləliklə, Qaxda da idmanla gözəl şəraitdə məşğul olmaq üçün bütün imkanlar vardır. Bu gün mən digər tədbirlərdə də iştirak edəcəyəm. Bu tədbirlər də rayonun ümumi inkişafını göstərir. Rayonda turizmin potensialı çox böyükdür. Bu potensialdan səmərəli istifadə etmək üçün əlbəttə ki, kompleks tədbirlər lazımdır. Bu gün Şəki-Qax avtomobil yolunun açılışını da qeyd etdik. Bu yol, ilk növbədə, insanların rahatlığı üçün tikilib. Eyni zamanda, məsafə böyük dərəcədə qısalır. Beləliklə, turizmin inkişafı, Bakı ilə Qax arasındakı məsafəni azaltmaq üçün çox gözəl imkanlar vardır`

Prezidentin sözlərinə görə, bu, böyük investisiya layihəsidir və tamamilə yeni bir yol çəkilib.

` Beləliklə, Qaxa gediş-gəliş daha da rahat olacaqdır. Yolun açılışında növbəti təklif də verildi ki, biz Qax-Zaqatala yolunu da tikək. Bu imkanlar vardır. Onu da biz yəqin ki, gələn ilin investisiya proqramına salacağıq`.

İ.Əliyev Keçən dəfə burada olarkən yeni otelin açılışında iştirak etdiyini xatırlayıb:

`Bu gün Konfrans Mərkəzi açılır. Bu da çox əlamətdar hadisədir. İndi Azərbaycanda bütün bölgələrdə beynəlxalq konfranslar keçirilir. Təbii ki, Bakıda və eyni zamanda, bölgələrdə. Bax bu gün Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü zirvə görüşü keçirilib. Yüzlərlə qonaq gəlmişdir - dövlət başçıları, nümayəndə heyətinin üzvləri. Azərbaycanın gözəl bölgəsində belə bir tədbir keçirilib. Vaxt gələcək Qaxdakı Konfrans Mərkəzində də beynəlxalq tədbirlər keçiriləcəkdir. Bunu etmək üçün ilk növbədə, şərait lazımdır - infrastruktur, yol və xidmət sektoru`.

`Qaxın çox gözəl təbiəti, gözəl iqlimi vardır. Əlbəttə ki, bunlar turizmin inkişafı üçün böyük potensialdır`,deyən prezident, bu şimal-qərb zonasının turizm imkanlarının çox geniş olduğunu vurğulayıb:

` Əminəm ki, gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir. Nəzərə almalıyıq ki, Qaxın əsas infrastruktur layihələri də öz həllini tapmaqdadır. Bu gün, biz eyni zamanda, içməli su layihəsinin də istifadəyə verilməsini qeyd edəcəyik. Yəqin ki, bütün başqa rayonlarda olduğu kimi, Qaxda da içməli su problemi insanları narahat edirdi. Son bir həftə ərzində bir neçə şəhərdə içməli su layihələri həyata keçirildi. Kürdəmirdə, İsmayıllıda, Oğuzda, bu gün isə Qax rayonunda. Yəni, iki həftə ərzində dörd şəhərin onilliklər boyu yığılıb qalmış problemi öz həllini tapıb. Bu problemin həlli də Azərbaycan dövlətinin gücünü göstərir, Azərbaycan hökumətinin sosial siyasətini əks etdirir. Çünki mən həmişə qeyd edirəm ki, bu layihələrə qoyulan vəsait sırf sosial xarakter daşıyır. Azərbaycanın artan iqtisadi gücü, maliyyə imkanları, ümumiyyətlə, ölkəmizdə gedən inkişaf bizə imkan verir ki, bu layihələri icra edək`.

Ölkə prezidenti içməli su layihəsinin əhəmiyyətindən danışıb:

`Deyə bilərəm ki, infrastruktur layihələri arasında ən vacib məsələdir. İçməli su həyat deməkdir, sağlamlıq deməkdir. Qaxa verilən içməli su bütün yüksək standartlara cavab verir. Xatırlayıram ki, keçən dəfə Qaxda olarkən biz bu böyük layihənin təməl daşını qoymuşduq. O vaxt demişdim ki, biz bu layihənin istifadəyə verilməsini bərabər qeyd edəcəyik. Çünki ölkəmizin inkişafı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün içməli su məsələləri, əlbəttə ki, ən vacib yer tutur`.

`Bu gün Qaxda, eyni zamanda, Heydər Əliyev Mərkəzinin açılışını da qeyd edəcəyik. Bu da çox önəmli hadisədir. Əvvəlki illərdə burada olarkən biz Qaxın müasirləşməsi və eyni zamanda, qədim tarixin qorunması layihələrini də müzakirə etmişik. İçəribazar küçəsi gözəl küçədir və həm rayon sakinləri, həm qonaqlar üçün çox böyük maraq kəsb edən bir layihədir. O vaxt mən tövsiyə etmişdim ki, bizim qədim şəhərlərimizdə qədim tarixi bərpa etmək üçün təşəbbüslər irəli sürülsün. İçəribazar layihəsi o təşəbbüslərin sırasındadır. Çünki tarixdə belə yerlər olub və o küçə boyu yerləşən binalar qədim binalardır. Onlar qorunur, bərpa olunur, turistlər üçün maraq doğurur`, deyə o əlavə edib.

Prezident həmçinin, vurğulayıb ki, rayon mərkəzinin abadlaşması prosesi də çox uğurla gedir.

`Mən xatırlayıram, ilk dəfə Qaxda olarkən mənzərə tam başqa idi. Son dəfə olanda gördüm ki, hər yerdə abadlıq, quruculuq işləri gedir, ağaclar əkilir, yollar genişlənir, binalar bərpa olunur. Bu məni çox sevindirir və əminəm ki, sizi də. Çünki siz burada yaşayırsınız və sizin həyatınız burada keçir. Mən çox istəyirəm ki, Azərbaycan vətəndaşları yaşadıqları yerlərdən asılı olmayaraq, rahat yaşasınlar, xoşbəxt olsunlar. Bütün lazımi şərait olsun. Çalışırıq ki, bunları yaradaq. Yollar, su xətləri, qazlaşdırma, sosial obyektlər, məktəblər.

Azərbaycan dövləti daim öz vətəndaşının maraqlarının keşiyindədir. Bunu həyat göstərir. Eyni zamanda, üzləşdiyimiz təbii fəlakətlər də göstərir ki, fəlakətlər baş verdikdə Azərbaycan dövləti öz vətəndaşını darda qoymur, onun problemlərini həll edir. Deyə bilərəm, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, vətəndaşlar üçün dövlət hesabına evlər tikir. Zəlzələ zamanı, zəlzələdən sonra burada olarkən mən demişdim ki, dövlət daha yaxşı evlər, binalar tikəcəkdir və belə də oldu. Bax, bu zonada - Zaqatalada, Qaxda, Balakəndə, Şəkidə zəlzələyə məruz qalmış evlər təmir olunur. Demək olar ki, onların mütləq əksəriyyəti artıq yenidən tikilmişdir. Bu da Azərbaycan reallıqlarıdır`.

İlham Əliyev sonda qeyd edib ki, Azərbaycan müasir dövlətdir, iqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Amma, eyni zamanda, biz sosial dövlətik. Sosial dövlət o deməkdir ki, insan amili, Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir. Belə gözəl obyektlərin tikintisi də bu məqsədi güdür. Əminəm ki, bu Olimpiya Mərkəzi qaxlıların xidmətində olacaqdır`.

AzVision.az


Teqlər:  





Xəbər lenti