“Əli Kərimli «fədakar-qəhrəman» obrazı yaradıb”

 “Əli Kərimli  «fədakar-qəhrəman» obrazı  yaradıb”
  17 Avqust 2013    Oxunub:1079
Ümid Partiyasının səri İqbal Ağazadə “Susun bəylər, danışmayın” adlı məqalə yazıb. Yazıda AXCP sədri Əli Kərimliyə qarşı sərt ittihamlar səsləndirilib. AzVision.az həmin məqaləni təqdim edir:

Əgər 30 dekabr 2011-ci ildə, İctimai Palata çərçivəsində vahid namizəd müəyyən olunmuş olsaydı, bizim təklifimiz rədd edilməsəydi, proseslər tamam fərqli istiqamətdə getmiş olardı və həm də uğurlu məcraya yön alardı

Cənab Əli Kərimlinin "Obyektiv TV"yə müsahibəsi məni çox ciddi şəkildə düşünməyə vadar etdi. Bu yerdə ilk ağlıma gələn 2003-cü ilin hadisələri oldu. Həmin ilin avqust ayının əvvəlində cənab İlham Əliyev baş nazir təyin olunanda İsa Qəmbər, Sərdar Cəlaloğlu, Pənah Hüseyn və mən İsa Qəmbərin evində bir toplantı keçirdik və müxalif liderlərin hamısı ilə telefon əlaqəsi saxlayaraq gərəkən addımların atılması ilə bağlı müzakirələr apardıq.

Çox təəssüflər olsun ki, razılığa gələ bilmədik. Millət vəkilləri ilə qərara gəldik ki, ertəsi gün səhər saat 9-da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında toplaşaq. O cümlədən Əli Kərimli də həmin dövrün millət vəkili olaraq verdiyimiz qərarı dəstəklədi.

Səhər saat 9-da VHP sədri Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Yurddaş Partiyasının sədri Mais Səfərli və mən deyilən ünvanda olduq. Səhv etmirəmsə, saat 10-a təxminən 10 dəqiqə işləmişdi, Mais Səfərli Əli Kərimliyə zəng etdi, o isə yolda olduğunu bildirdi. Təxminən 20 dəqiqə işləmiş zəng etdik, telefonunu götürmədi. 10 dəqiqə sonra isə artıq Əli Kərimlinin telefonu qapalı idi, ona zəng çatmırdı.

Beləliklə, biz Milli Məclisin müxalif kəsimi olaraq baş verən məlum hadisəyə qiymət verə bilmədik. Maraqlıdır ki, həmin görüşə gəlməyən, telefonuna zəng çatmayan Əli Kərimli, sonradan, mən həbsdə olarkən 2004-ci ildə «Xural» qəzetinə verdiyi müsahibəsində bildirdi ki, guya o, müxalifəti zorla, İlham Əliyevin baş nazir təyin edilməsi məsələsinə münasibətin bildirilməsi üçün, yalnız saat 4-də toplaya bilib. Buna cavab olaraq mən böyük bir məqalə yazdım və «Xural» qəzetində də dərc olundu. Məqaləmdə qeyd etdim ki, hadisələrin üstündən bir il keçəndən sonra baş verənləri təhrif edib, ictimaiyyətdə yanlış təəssürat yaratmaq, seçiciyə çatdırmaq heç də doğru deyil.

***

Əli Kərimli indi də anoloji bir halı yaratmaqdadır. Sanki o, vahid namizəd ideyasını təklif edib, bizlər isə bu ideyanın gerçəkləşdirilməsinə maneçilik törətmişik, bunun qarşısını almışıq, Əli Kərimlinin təbirincə desək, pozuculuq fəaliyyətiylə məşğul olmuşuq. Yəni bu müstəvidəki polemikalarda Əli Kərimli özü barəsində bir «fədakar-qəhrəman» obrazı da yaradıb.

Hadisələri olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm. 30 dekabr 2011-ci il tarixində Müsavat Partiyasının qərargahında Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü ilə bağlı təşkil olunan toplantının ardından Müsavat başqanı İsa Qəmbərin kabinetində bir araya gəldik. Orda mənim də nümayəndəsi olduğum «Qarabağ» blokuna - ADP sədri Sərdar Cəlaloğluna və mənə təklif olundu ki, biz İctimai Palataya daxil olaq. Etiraz etmədik, əksinə, müzakirələrin ardından İctimai Palataya daxil olmağımızda problem görmədiyimizi bildirdik və bu barədə müsbət qərarımızı açıqladıq.

Lakin bizim də təkliflərimiz oldu. Təkliflərimiz isə vahid namizədin müəyyən olunmasından və seçki konsepsiyamızın hazırlanaraq ortaya qoyulmasından ibarət idi. Və mən həmin toplantıda çox açıq şəkildə bildirdim ki, əgər burdakı 4 partiya bu razılığa gələ bilərsə, mən yerdə qalan digər partiyaların da qapısını döyüb, onları vahid namizəd məsələsinə razı salaram. Daha doğrusu, belə bir razılığın əldə olunması mümkündür. Eyni zamanda bildirdim ki, burada proseslərə təsir imkanı olan geniş ziyalı kontingentinin də təmsilçiliyinə ehtiyac var. Və orada «Qarabağ» bloku adından onu da əlavə etdim ki, təmsilçisi olduğum blok qarşıdan gələn prezident seçkilərində mənim namizədliyimi irəli sürür və dəstəkləyir. Əgər vahid namizəd məsələsində razılığa gəlinirsə, mən namizədliyimdən də imtina etməyə hazıram.

Əli Kərimli bu açıqlamamdan sonra mənə «bunu söz xatirinə demirsiniz ki», - deyə müraciət etdi. Mən də cavabımda «təbii ki, yox, əgər istəyirsinizsə, vahid namizədi bu dəqiqə müəyyən edib, elan edək», - cavabını verdim. Daha sonra həm ona və həm də İsa Qəmbərə dedim ki, ikinizsiniz burada - Sərdar Cəlaloğlu da, mən də namizədliyimizi vermirik, ikinizin aranızdan vahid namizədi müəyyənləşdirin, proseslərə də bu şəkildə gedək. Biriniz baş nazir, biriniz də prezident olun - püşkatma yolu ilə müəyyənləşdirib, qərarınızı verin.

Diqqət edin, mənim və Sərdar Cəlaloğlunun bu səmimiyyətinin qarşısında israrla bildirdilər ki, bu, iqtidarın projesidir. Çünki iqtidar istəyir ki, müxalifət hədəfindən - parlament seçkilərinin yenidən keçirilməsi hədəfindən yayınsın. Dedilər ki, bizim əsas tələbimiz budur və biz buna nail olacağıq. Yəni vahid namizəd ideyası sanki İctimai Palatanı bu hədəfindən sapdıracaqmış...

Mən isə israrla İctimai Palatanın hədəf kimi müəyyənləşdirdiyi məsələnin - Milli Məclisin buraxılmasının, seçkilərin yenidən keçirilməsinin hüquqi baxımdan qeyri-mümkün olduğunu onların diqqətinə çatdırdım. Çox təəssüf ki, qanun buna şərait yaratmır.

Təbii ki, belə bir axarda olan danışıq nəticəsiz qaldı. Çünki bu təklifimizlə razılaşmamaqla yanaşı, həm də şərt qoyuldu. İctimai Palataya üzv olmaq üçün, sən demə, mən də parlamentdən imtina etməliymişəm. Və bu proses dayandı.

Amma biz vahid namizədin müəyyənləşdirilməsi prosesini dayandırmadıq.

Bundan bir müddət keçəndən sonra, 2012-ci ilin mart ayında biz «Qarabağ» bloku olaraq, Sərdar Cəlaloğlu və mənim imzamla siyasi partiyalara müraciət göndərdik ki, qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirak etməyimiz üçün bir araya gəlməliyik. Həmin ərəfədə Müsavat başqanı İsa Qəmbərlə «Azadlıq» radiosunda debatda olduq və onda da belə bir fikir yürütdülər ki, vahid namizəd ideyası müzakirəyə çıxarılmalı deyil, çünki hədəfdə olan parlament seçkilərinin nəticələrinin ləğvidir.

Nəhayət, mətbuatda, bir sıra çevrələrdə müzakirələrdən sonra məşhur «Asiman görüşü» baş tutdu. «Asiman» restoranında baş tutan görüşdə Müsavat başqanı İsa Qəmbər xaric, 8 partiya və Ziyalılar Forumu iştirak edirdi. Təklif açıq idi: Prezident seçkilərinə vahid namizədlə getməliyik, yoxsa getməli deyilik... Və sualın cavabı bu oldu ki, biz getməliyik. Hamı bu cavabı verdi. Həmçinin AXCP sədri Əli Kərimli.

İkinci sualımız bu oldu: Biz vahid namizədi müəyyən etməliyik, ya yox? Əli Kərimli, Əvəz Temirxan və başqaları, o cümlədən Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası belə bir məsələ qoydular ki, əvvəlcə demokratik seçki mühitinə, demokratik ruhlu seçki məcəlləsinə nail olmalıyıq, sonra vahid namizədi müəyyənləşdirərik. Biz əks arqumentimizi qoyduq: əgər ölkədə demokratik şərait varsa, bu kimi demokratik tələblərin - seçki məcəlləsinin demokratikləşdirilməsinin, seçki mühitinin demokratikləşdirilməsinin icrasına nail ola biliriksə, o zaman vahid namizədə nə ehtiyac var? Hər kəs seçkiyə getsin və kim qalib gəlirsə, o da prezident olsun.

Həmin iclasda hörmətli ziyalımız Rafiq Əliyevin, KXCP sədri Mirmahmud Mirəlioğlunun və başqalarının israrları ilə vahid namizəd məsələsinin müzakirə edilməsi barədə qərara gəldik. Və onu da qərarlaşdırdıq ki, 2013-cü ilin yanvar ayında növbəti görüşümüz olsun və görüşün təşkilatçılığı məsuliyyətini də Yusif Bağırzadə öz üzərinə götürdü. Eyni zamanda anlaşdıq ki, həmin görüşə Müsavat Partiyasının da qatılmasını təmin edirik.

Şərt qoyduq ki, vahid namizədi müəyyənləşdiririk və öz aramızdan seçirik. Əli Kərimli isə sual verdi ki, biz vahid namizədi hansı yolla müəyyən edəcəyik. Biz isə bildirdik ki, burda oturanlardan namizədliyindən imtina edənlər var. Yerdə qalanlar da öz aralarında razılaşacaqlar. Razılığa gəlinməsə, püşkatma olacaq. Bunun başqa bir yolu yoxdur.

Bundan sonra Əli Kərimli praymerizlə vahid namizədin müəyyənləşdirilməsini təklif etdi. Mən o zaman söylədim ki, əgər bizim praymerizin baş tutması üçün rayonlardan, ölkənin ayrı-ayrı bölgələrindən insanları Bakıya gətirməyə imkanımız varsa, bu sayda tərəfdarımız varsa, ondansa mitinqlərə başlayaq, bu yolla demokratikləşməyə nail olaq. Yəni gücümüz varsa, onu nümayiş etdirək. Digər tərəfdən, bildirdim ki, Əli Kərimlinin təklifi məsələnin ən ağır həlli yoludur. Ən azından burada oturan ağıllı adamlar öz aralarında müəyyən edə bilərlər ki, kim vahid namizəddir. Məsələn, mən namizədliyimi vermirəm, Sərdar Cəlaloğlu - namizədliyini vermir, Rafiq Əliyev Ziyalılar Forumu adından bəyan etdi ki, namizəd vermirlər, iddialı deyillər. Və mən təklif etdik ki, Rəsul Quliyevin üzərində də dayana bilmərik. Deməli, yerdə maksimum 2-3 iddialı qalırdı. Yəni bu 2-3 nəfərin arasından vahid namizəd müəyyənləşməli idi.

Bu zaman Əli Kərimlinin yeni şərti o oldu ki, onda bu toplantıda müxaliflərdən başqa ictimai-siyasi statusu olan şəxslər də iştirak etsinlər. Biz «kimlər» deyə sual edəndə, özünə yaxın olan şəxslərin adlarını çəkdi. Biz də bildirdik ki, bizim də eyni dərəcədə bizə yaxın olan, ictimai-siyasi çəkisi onlar qədərində olan samballı, nüfuzlu tanıdıqlarımız var, onları da cəlb edək. Biz də onları dəvət edək və hər kəs istədiyini dəvət etsin. Bunun da nəticəsində dava düşsün. Çünki hər kəs öz istədiyini demək, istədiyini yeritmək üçün sırasını genişləndirməyə çalışacaq. Bu şəraitdə vahid qərarın verilməsi daha da çətinləşəcək.

Bundan sonra Əli Kərimli bildirdi ki, yox, biz ümumiyyətlə, may ayından tez vahid namizədi müəyyən edə bilmərik. May ayına qədər biz demokratikləşmə uğrunda birgə mübarizə aparmalıyıq. Bu da Əli Kərimlinin sözü oldu.

***

Çox təəssüf ki, bütün bu baş verənlərdən sonra Əli Kərimlinin ortaya çıxıb «mən vahid namizədin müəyyən olunması üçün bir il əvvəldən çalışmışam, bu ideyanı bir il əvvəldən ortaya atmışam» deməsi ən azından mövqelərə həqarətdir, cəmiyyətin çaşdırılması hesabına məsuliyyətin başqalarının üzərinə yıxılması cəhdidir.

Amma mən tam məsuliyyətimlə bəyan edirəm. Azərbaycan müxalifətinin vahid namizədinin müəyyən olunması prosesinin qarşısında bir nömrəli maneə hər zaman Əli Kərimli olub və bu ideyanın baş tutmamasında ən çox rolu olan da Əli Kərimlidir.

Əgər 30 dekabr 2011-ci ildə, İctimai Palata çərçivəsində vahid namizəd müəyyən olunmuş olsaydı, bizim təklifimiz rədd edilməsəydi, proseslər tamam fərqli istiqamətdə getmiş olardı və həm də uğurlu məcraya yön alardı.

Əli Kərimli qeyd edir ki, "mən İqbal Ağazadənin bu təklifini eşitməmişəm". Bu təklifi mən qeyd etdiyim kimi, bizi İctimai Palataya dəvət edəndə irəli sürmüşəm. İkinci dəfə isə "Asiman" restoranında 8 partiyanın və Ziyalılar Forumunun iştirakı ilə baş tutan görüşümüzdə təklif etmişəm.

Və bu gün bizim səmimi mövqeyimizi «kimdənsə tapşırıq alıb», «hökumətin sifarişidir» şəklində təqdim etmək, çirkin ifadələrlə dəyərləndirmək, əslində bu sözləri leksikonuna daxil edən şəxsin özünün iç dünyasının problemli vəziyyətini izahlamaqdadır. Buna təəssüf edirəm.

***

Bəli, mən məsləhətləşmişəm. «Qarabağ» blokunda mənim namizədliyim müzakirə olunanda blokun üzvü Həsrət Rustəmov mənə sual etdi ki, əgər müxalifətin vahid namizəd konsepsiyası olsa, o zaman sizin buna münasibətiniz necə olacaq. Mən isə cavabımda bildirdim ki, namizədliyimdən, iddialarımdan imtina edəcəm. Eyni zamanda bu məsələni Ümid Partiyasının Rəyasət Heyətində müzakirə etmişik. Və bu danışıqlarda, bu müzakirələrdə sağlam mövqenin tərəfdarı olmuşuq.

Bu gün də biz eyni mövqedəyik. Yəni müxalifətin birliyinin yanındayıq. Təəssüflər olsun ki, tək bizim çabamızla yetərli və mümkün deyil. Biz çalışdıq. Alınmadı. Amma yenə də yolumuza və prinsiplərimizə sadiqik. Daha başqaları kimi bugünkü uğursuz mənzərədə suçlu görünməmə naminə bir il əvvəl barədə yalan uydurmalarla cəmiyyəti çaşdırmırıq. Nəyi necə var, elə də təqdim edirik. Bunun da tərəfdarıyıq.

Bəli, ortada bir uğursuzluq mənzərəsi var. Bu faktdır. Fakt odur ki, 2013-cü il seçkilərində birliyə nail ola bilmədik. Və bu uğursuzluğun memarları var ki, onlar da danışırlar. Həqiqəti yox, öz həqiqətlərini. Normalda isə susmaları lazım idi. Ən azından unudulmaları üçün. Onlar üçün yeganə çıxış yolu unudulmalarıdır. Danışdıqca xatırlanacaqlar. Və öz yalanlarının girovuna çevrildiklərindən yalançı dünyalarının, təxəyyüllərində yaratdıqları dünyanın qurbanları olacaqlar.

Susun, bəylər, danışmayın...

AzVision.az



Teqlər:  





Xəbər lenti