12 yaşlı qız, erotika, intihar... - Uşaqları məhv edən səbəb

12 yaşlı qız, erotika, intihar... - Uşaqları məhv edən səbəb
  28 Noyabr 2016    Oxunub:29205
Bu gün ölkədə serial bazarı sürətlə inkişaf edir. Yeni çəkilən seriallar cəmiyyətin diqqətini çəkməyə başlayıb. Lakin serialların inkişafına diqqət yetirilərkən bir məqam unudulur. Sujet xəttində zorakılıq, hədə-qorxu, intihar hallarının açıq-aşkar təqdim edilməsi uşaqların psixologiyasına mənfi təsir göstərir.

Seriallardakı həyat tərzini, intihar edərək diqqəti özünə çəkmək fikrini uşaqlar, yeniyetmələr öz üzərlərində tətbiq edirlər. Nəticədə bu yaxınlarda 12 yaşlı qızın nənəsinin dərmanlarını içib intihar etməsi kimi hallar yaşanır. Hansı ki,həmin qız intihar etməmişdən qabaq nənəsinə deyib ki, çoxlu dərman içmək və xəstəxanada ayılmaq, hamının da ona diqqət göstərməsini istəyir.

Narınc Uşaq Psixologiya Mərkəzinin Gənclik filialının baş psixoloqu Aygül Xəlilova AzVision.az-a bildirib ki, televiziya proqramlarının göstərilmə vaxtları fərqlidir. Bu səbəbdən efirə gedən kadrlara görə yaş həddi qoyulur.

Onun sözlərinə görə, verilişlərin və ya serialların yaş kateqoriyalarına ilk öncə valideynlər nəzarət etməlidir: “Əgər uşağın 6 yaşı varsa və göstərilən film 10 yaşdan yuxarı nəzərdə tutulubsa, valideyn şərait yaratmalıdır ki, övladı həmin filmə baxmasın. Bizdə seriallar erkən saatlarda başlayır. Seriallar saat 10-dan sonra göstərilsəydi, daha məqsədə uyğun olardı. Həm də uşaqların yuxu vaxtına təsadüf edərdi. Bundan əlavə, əgər uşaq intihardan istifadə edirsə və bildirirsə ki, “diqqətiniz məndə olsun deyə edirəm” demək bu uşaqda isterik fon var, həm də diqqət mərkəzdə olmağı daha çox istəyir. Həmin uşaq ailədə sevgi doyumsuzluğu yaşayır. İnsanlar düşünür ki, “mən uşağa hər şey alıram, mağazaya aparıram və mənim uşağım necə sevgi doyumsuzluğu yaşaya bilər. Onlar mənəvi cəhətdən sevgiyə acdırlar, mənəvi cəhətdən diqqət qayğı gözləyirlər”.



Psixoloq hesab edir ki, əgər mənəvi cəhətdən sevgimizi, diqqətimizi azaldırıqsa, bu zaman uşaqlar nəinki seriallarda gördüklərini, eyni zamanda cizgi filmlərində gördüklərini öz üzərlərində tətbiq edirlər. “Məsələn, Spaydermenə baxırlar və ya şiddətə meyilli oyun oynayırlar və nəticədə oyunda, cizgi filmində nə görürlərsə, bunu öz həyatlarında tətbiq etməyə başlayırlar. Divanın üstündən çıxıb tullanırlar, qılınc çəkirlər, maşınlarını oyunlardakı kimi sürməyə başlayırlar. Yeniyetməlik yaşlarında olan qızlarımız belə seriallara baxdıqdan sonra evi tərk etmə halları baş verir və serialdakı həyatı yaşamaq istəyirlər. Belə insanlar daha çox real həyat və xəyali dünya arasında gedib gəlirlər. Onlar daha çox xəyal qurmağı sevirlər və reallıqları qəbul etmək istəmirlər. Düşünürlər ki, “onda mən də serialdakı qız kimi evdən qaçaram, onun kimi mənim də həyatım yaxşı ola bilər”. Bir tərəfdən də evdə validenylər övladlarını qapadıqca, qadağaları artırdıqca, onlarda bu tipdə meyillilik yarana bilər”.

A.Xəlilova valideynlərə öz tövsiyyətləini verib: “Validenylərə məsləhətim odur ki, övladlarının problemlərini və yanlışlıqlarını qəbul etsinlər, onlara daha çox vaxt ayırsınlar. Övladının səhvini valideyn görmədiyi təqdirdə onun övladı daha çox səhv etmiş olur. Əgər valideyn övladında evdən qaçma, intihara meyilliyi bir dəfə müşahidə edirsə, onun dəstəyi şərtdir. Yox, əgər çarəni döyməkdə və şantaj etməkdə tapacaqlarsa, bu zaman heç bir nəticə əldə etməyəcəklər. Bundan əlavə onlar övladları ilə maraqlanmalıdırlar. Səhvini başa vurmaq və ya döymək əvəzinə yanlışını başa salmaq lazımdır ki, öz səvhlərini görsünlər. Əks təqdirdə övladlarına heç bir dəstək ola bilməzlər və bu problemin önünə keçə bilmərik”.



Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, uşaqların və yektinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən, qulpsuz yayımlanan, erotika və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar qəbul olunub. “Qaydalarının 3-cü bəndində 9 hal sadalanar ki, bu hallar efir saatında, yəni səhər 7-dən axşam 23:00-a qədər uşaqların baxa biləcəyi vaxtlarda verilə bilməz. Əgər hər hansı serialda bu səhnələr mövcuddursa, həmin serialdan çıxarılmalı və ya üstü qapadılmalıdır. Daimi olaraq efirin monitorinqləri həyata keçirilir. Belə məqamlarla rastlaşmamışıq. Həmçinin indiyə qədər axşam saat 11-ə qədər olan efir vaxtından hər hansı şikayət daxil olmayıb. Əgər belə fakt olarsa, araşdırılacaq ki, bu səhnə uşağa mənfi təsir göstərə bilər, ya yox?”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti