Nöqsana yol verən 121 müəllim cəzalandırılıb

Nöqsana yol verən 121 müəllim cəzalandırılıb
  16 Noyabr 2016    Oxunub:1963
Dövlət İmtahan Mərkəzi buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına, ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi – buraxılış imtahanlarına orta ümumtəhsil müəssisələrindən nəzarətçi qismində cəlb edilmiş müəllimlərin fəaliyyəti, hər il, imtahanlar başa çatdıqdan sonra qiymətləndirilir. Bu zaman aşağıdakı parametrlər əsasında araşdırma aparılır: imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı və s.

Bu araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi, onlarla təşkil ediləcək seminar-məşğələlərin məzmununun və metodunun yenidən işlənməsi, növbəti imtahanlar üçün nəzarətçi seçimi meyarlarının korrektə edilməsi, respublika üzrə orta ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, 2016-cı ildə keçirilən test imtahanlarına nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 13966 nəfərdən ibarət olub. Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 8853, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına 5012 , orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 3676 nəzarətçi cəlb edilib.

Bu il qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 854 nəzarətçi-müəllimə təşəkkür elan edilibr. Köçürməyə və digər qayda pozuntularına yol verən 121 nəzarətçi bazadan xaric edilib.

Xatırladaq ki, indiyə qədər DİM tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2713 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 273 müəllim fəxri fərmanla təltif edilib. Fəaliyyəti nümunəvi qiymətləndirilən müəllimlər siyahısında Bakı şəhərinin 5, 13, 100, 150, 191, 258, 263, 271, 283, 285 saylı məktəblərinin nəzarətçi-müəllimləri xüsusi olaraq seçilirlər. Regionlar üzrə isə Gəncə şəhəri 6 və 28 saylı, Şəki şəhəri 11 və 18 saylı, Naxçıvan şəhəri 14 saylı, Şərur şəhəri 2 saylı, Göyçay şəhəri 7 saylı; Xaçmaz şəhəri 9 saylı, Lənkəran şəhəri xarici dil təmayüllü internat tam orta məktəbi və 3 saylı məktəblərinin nəzarətçi-müəllimləri, fərqlənir.

Qeyd edək ki, DİM tərəfindən aparılan araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti