Baş nazirin müavini səfirlə görüşüb

  28 Oktyabr 2016    Oxunub : 1168
Baş nazirin müavini səfirlə görüşüb
Oktyabrın 28-də Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov İsveçrənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Filip Stalderi Nazirlər Kabinetində qəbul edib.

AzVision.az-ın məlumatına görə, Baş nazirin müavini Əli Əhmədov ölkəmizin İsveçrə Konfederasiyası ilə ikitərəfli əlaqələrinin bütün sahələr üzrə dərinləşməsində maraqlı olduğunu bildirib və bu əlaqələrin qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası və nümunəviliyi ilə seçilən tərəfdaşlıq münasibətləri kimi səciyyələndirildiyini qeyd edib.

Əli Əhmədov ölkələrimiz arasında iqtisadi, humanitar sahələrdə əsaslı iş birliyinin mövcudluğunu vurğulayıb, ticari-iqtisadi münasibətlərin yüksək templə inkişafından məmnunluğunu ifadə edib və bu əlaqələrin durmadan inkişaf etdirilməsinin əməkdaşlığımıza xüsusi töhfə verdiyini diqqətə çatdırıb.

Ölkəmizin inkişafının onda yaxşı təəssürat yaratdığını qeyd edən səfir F.Stalder dövlətlərimiz arasında əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirdiyini, ikitərəfli əlaqələrin dostluq xarakteri daşıdığını, intensiv olduğunu və gələcəkdə daha da dinamik ola biləcəyini vurğulayıb. Qonaq enerji sahəsi ilə yanaşı, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyət göstərən İsveçrə şirkətləri üçün yaradılan əlverişli şəraitin bu münasibətləri yeni müstəviyə çatdırdığını bildirib.

Səfir F.Stalder yüksək səviyyəli siyasi təmasların həyata keçirilməsində Davos İqtisadi Forumunun vacib platforma kimi xüsusi rolunu vurğulayaraq, bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin isveçrəli rəsmilərlə keçirdiyi mütəmadi ikitərəfli görüşlərin ölkələrimiz arasındakı siyasi dialoqun davamlılığı və fəallığı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi də aparılıb.

AzVision.az

Teqlər: