`XİN-də imtahandan başı uca çıxdım` - Səfirlə MÜSAHİBƏ

`XİN-də imtahandan başı uca çıxdım` - Səfirlə MÜSAHİBƏ
  28 Oktyabr 2016    Oxunub:16926
“Mənim ailəmdə vətənə, dövlətə və xalqa sədaqət dəyəri ən ali idealdır”

“Baş nazir İlham Əliyevi özünə dost hesab edir”


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov AzVision.az -ın suallarını cavablandırıb. Səfirlə müsahibəni təqdim edirik:

-Əvvəlcə fəaliyyətinizdən danışaq. İşləriniz necə gedir?

-İlk növbədə, ölkəmizin həm daxilində, həm də kənarında kifayət qədər geniş oxucu kütləsinə malik və xəbərləri maraqla izlənilən “Azvision” saytının rəhbərliyi başda olmaqla, bütün kollektivini salamlayır və səmərəli fəaliyyətində davamlı uğurlar arzu edirəm. Eyni zamanda, bu gözəl təşəbbüsünüzü alqışlayır və yüksək təqdir edirəm.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, 2016-cı ilin 12 yanvar tarixindən etibarən dost Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin olunmuşam. Bu qısa müddət ərzində ikitərəfli əlaqələrin inkişafı baxımından ən əlamətdar hadisə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəridir. Cari ilin 1-2 fevral tarixlərində həyata keçirilən bu mühüm səfər çərçivəsində Prezident cənab İlham Əliyev Əbu Dabi Əmirliyinin vəliəhdi, Silahlı Qüvvələri Ali Baş Komandanın müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, ölkənin vitse-prezidenti, Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktum ilə qarşılıqlı əməkdaşlığın artması kontekstində olduqca faydalı görüşlər keçirib. Bu səfər ölkənin aparıcı mətbuat orqanlarında əhatəli işıqlandırılıb ki, bu da öz növbəsində, Səfirliyin gündəlik təbliğat işinə müstəsna töhfəsini verib və əminəm ki, yerli vətəndaşların Azərbaycana marağının daha da artmasına təkan verib.

Birləşmiş Ərəb Əmirliklərinin cəmiyyətində ölkəmiz haqqında ümumi məlumatlar kifayət qədər geniş yayılıb. Lakin son vaxtlar ərzində yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlıq dinamikasının böyük dərəcədə aktivləşdirilməsi ilə yanaşı, Prezident cənab İlham Əliyevin 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarına ölkəmizin beynəlxalq statuslu hava limanlarında viza almaq hüququ ilə təmin olunmasına dair qərarı gündəlik təbliğat işimizə böyük müsbət təsiri olub. Belə ki, bilik dairələrinin artırılması məqsədilə potensial turistlərin Səfirliyə müraciətləri əhəmiyyətli dərəcədə artıb. Maarifləndirmə prosesində işğalçı Ermənistana qarşı əks-təbliğat qısa və dolğun şəkildə aparılır. Bununla yanaşı, BƏƏ-li turistlərin internet vasitəsilə Azərbaycan həqiqətləri ilə bağlı ərəb dilindəki materiallarla tanış olmaları təmin olunur.

Digər tərəfdən, Azərbaycan həqiqətlərinin yerli KİV-ləri vasitəsilə geniş publikaya çatdırılmasına yönəlik fəaliyyətimiz çərçivəsində ölkədə tanınmış “Əl-İttihad”, “Əl-Bəyan”, “Əl-Fəcr” kimi qəzetlərdə və “Əl-Mənərə” jurnalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, eləcə də ölkəmiz, xalqımız, mədəni irsimiz, ölkəmizin turizm imkanları haqqında müfəssəl məlumatlar dərc olunub. Misal olaraq, qeyd etmək olar ki, bu yaxınlarda baş ofisi Əbu-Dabi şəhərində yerləşən və eyni zamanda, Səudiyyə Ərəbistanı, Küveyt, Misir, Tunis, Livan və digər ərəb ölkələrində yayılan “Əl-Mənərə” jurnalında Mehriban xanım Əliyevaya, Əbu-Dabinin hökumət qəzeti olan “Əl-İttihad”da Naxçıvan Muxtar Respublikasına həsr olunmuş geniş məqalələr işıq üzü görüb. Səfirliyin dəstəyi ilə, cari ilin 4-9 oktyabr tarixlərində “Əl-Fəcr” qəzetinin baş redaktoru ölkəmizə və Naxçıvan Muxtar Respublikasında səfərləri təşkil olunub. Yaxın vaxtlarda həmin qəzetdə silsilə məqalələrin davamı nəşr olunacaq.

Digər tərəfdən, Səfirliyin təkliflərinə əsasən, Azərbaycanın həm hökumət, həm də özəl sektorları Ərəb Əmirliklərində turizm, inşaat, hərbi, incəsənət, daşınmaz əmlak və s. sahələrdə keçirilən beynəlxalq sərgilərdə fəal iştirak edir.

-Pakistandan sonra Birləşmiş Ərəb Əmirliklərində çalışmaq sizin üçün çətin deyilmi?

-Pakistan İslam Respublikası və Birləşmiş Ərəb Əmirlikləri İslam mədəniyyətinə mənsub olsalar da, hər iki ölkənin xalqları etnik mənsubiyyətinə, mədəni və sosial quruluşuna, o cümlədən ənənəvi təfəkkürünə görə biri-birindən fərqlənirlər. Bu fərq həm də iş üslubunda özünü göstərir.

Bu dövlətlər Azərbaycanın xarici siyasətində özünəməxsus yer tutur. Hamıya məlumdur ki, işğalçı Ermənistanı dövlət olaraq tanımayan Pakistan müsəlman dünyasının ən güclü ölkələrindən biridir, eyni zamanda, yeganə müsəlman nüvə dövlətidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin təməli qoyduğu Pakistanla ikitərəfli əlaqələr illər boyunca strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatıb. İki ölkə arasında xüsusən də humanitar, siyasi, hərbi sahədə fəal əməkdaşlıq həyata keçirilir. Heydər Əliyev Fondunun xətti ilə bu ölkədə çoxsaylı humanitar layihə və aksiyalar həyata keçirilir. Bunlardan ümummilli lider Heydər Əliyevin adını daşıyan su təchizat sistemini, Xeybər Paktunva əyalətində hepatit B virusina qarşı peyvənd keçirilmə aksiyasını, göz əməliyyatlarını, qurban bayramında yüzlərlə iribuynuzlu qurbanlıqların kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılmasını, ramazan ayında iftar süfrələrinin təşkili, açıq ürəkdə cərrahiyyə əməliyyatları, kimsısizlər və ahıllar evlərində müxtəlif humanitar tədbirlərin keçirilmısi və bu kimi digər tədbirləri misal çəkmək olar. Məlum olduğu kimi 2012-ci ilin fevral ayında Pakistan Senatı Xocalı soyqırımını rəsmən tanıyan və Xocalı soyqrımı haqqında qətnamə qəbul edən ilk xarici dövlətlərdən biridir. Dost və qardaş Pakistanla əlaqələrimiz bu gün də uğurla inkişaf edir və əminəm ki, inkişaf edəcəkdir.

Çox yaxşı bilirik ki, Birləşmiş Ərəb Əmirlikləri dünyada ən zəngin ölkələrdən biridir. 1971-ci ildə mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyan tərəfindən federasiya kimi formalaşdırılan bu ölkə ötən illər ərzində böyük iqtisadi və sosial uğurlara imza atıb və bu gün müdrik və balanslı xarici siyasəti hesabına regionda maliyyə, siyasi və təhlükəsizlik baxımından ən əmin-aman ölkələrdəndir.

Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi Azərbaycanla ikitərəfli əlaqələri və qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək marağındadır. Buna son 1.5 ilin statistik məlumatlar dəlalət edir. Belə ki, həmin müddətdə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ölkəmizə rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ölkədə rəsmi səfərdə olub. Nazirlərin səfər mübadilələri baş verib. Bu yaxınlarda Ələtdə Azad Ticarət Zonasının inkişafı məqsədilə Azərbaycanın İqtisadiyyat Nazirliyi və Dubay “DP World” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Məlumat üçün bildirim ki, cari ilin 28-29 noyabr tarixlərində paytaxt Əbu-Dabi şəhərində 2008-ci ildə yaradılan AR Hökuməti və BƏƏ Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçiriləcək.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, burada Ərəb Əmirlikləri BMT, İƏT kimi nüfuzlu beynəlxalq təsisatlarda haqq işimizi birmənalı şəkildə dəstəkləyir.

Bütünlüklə deyə bilərəm ki, istər Pakistan İslam Respublikası, istərsə də Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan üçün önəmli ölkələrdir. Eyni dini və mənəvi dəyələri bölüşdüyümüz hər iki ölkədə səfir vəzifəsində çalışmaq şərəfli işdir və hər iki təyinata görə cənab Prezidentimizə sonsuz təşəkkürümü bildirirəm.



-Səfir olmaq həm şərəfli, böyük məsuliyyətli işdir. Yəqin ki, sizin də bu kürsüyə gəlməyiniz heç də asan başa gəlməyib?

-Son dərəcə yerinə düşən sualdır. Bildiyiniz kimi, fövqəladə və səlahiyyətli səfir vəzifəsi şərəfli və eyni zamanda, böyük məsuliyyət tələb edən ali diplomatik statusdur. Çünki səfir onu təyin edən dövlət başçısının ali etimadını doğrultmalı, qarşısına qoyduğu tapşırıqları yüksək səviyyədə yerinə yetirməli və ölkəsini və xalqını xaricdə layiqli təmsil etməlidir.

Hər bir sənətin öz üstünlükləri, çətinlikləri və məsuliyyət həddi var. Səfir sənəti olduqca maraqlı işdir. Belə ki, o, təmsil etdiyi ölkənin xarici siyasətinin müəyyənləşdirdiyi milli maraqları və dövlətinin başçısının qarşısına qoyduğu vəzifələri həyata keçirir və qoruyur. Bundan savayı, səfir öz xalqının mədəniyyətini, adət-ənənələrini və digər milli dəyərlərini, eləcə də ölkəsinin malik olduğu iqtisadi, turizm və başqa imkanlarını akkreditə olduğu ölkədə geniş şəkildə təbliğ etməli, ölkəsinin üzləşdiyi münaqişə barəsində yerli cəmiyyətə dürüst və dolğun informasiya çatdırmalıdır.

Məlumdur ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev qan bahasına yenicə müstəqilliyini bərpa edən xalqımızın israrlı tələbi ilə hakimiyyətə döndü. Çox yaxşı xatirəmdədir ki, o ağır illərdə sabaha ümid yarandı və xalq öz vətənpərvərliyini qətiyyətlə ortaya qoyaraq, bütünlüklə Heydər Əliyevin ətrafında toplaşdı.

Mənim ailəmdə Vətənə, dövlətə və xalqa sədaqət dəyəri ən ali idealdır. Bu ruhda valideynlərimdən tərbiyə almışam və müdrik Heydər Əliyevin rəhbərliyi altında yenicə bərpa etdiyimiz müstəqilliyin qorunması və möhkəmləndirilməsi naminə öz kiçicik də olsa, töhfəmi vermək arzusunda idim və o dövrdə bu işdə böyük məsuliyyət payı daşıyan Xarici İşlər Nazirliyinə qəbul olunmaq qərarına gəldim.

Valideynlərimin xeyir-duası ilə 1997-ci ildə Xarici İşlər Nazirliyinə tələb olunan sənədləri təqdim etdim və təşkil olunan qəbul imtahanından başı uca çıxdım. Nazirlikdə çalışdığım 20 ilə yaxın müddət ərzində müxtəlif idarə və ölkələrdə fərqli diplomatik vəzifələrdə çalışdım, təcrübəli diplomatlardan müəyyən təcrübə əldə etdim. Və nəhayət, əzmli diplomatik fəaliyyət illəri keçdikcə möhtərəm Prezident cənab İlham Əliyevin yüksək etimadına layiq görüldüm və 2011-ci il 15 mart tarixində dövlətimizin xarici siyasi xəttində strateji əhəmiyyət kəsb edən Pakistan İslam Respublikasına fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin olundum. Düşünürəm ki, 2016-cı ilin yanvar ayında dost və qardaş ölkə hesab etdiyimiz növbəti ölkəyə - Birləşmiş Ərəb Əmirliklərinə təyinatım möhtərəm dövlətimizin başçısının ali etimadından irəli gəlir. Bu mənim üçün böyük şərəfdir. Əminəm ki möhtərəm cənab Prezidentin yüksək etimadını doğruldacam.

-Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla diplomatik əlaqlərini necə qiymətləndirirsiniz? Ərəb ölkəsində bizə qarşı münasibət necədir?

-Öncə qeyd etdiyim ki, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi Azərbaycanla ikitərəfli əlaqələri və qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək marağındadır. Məhz bu nöqteyi-nəzərdən, eləcə də qonaqpərvər, tolerant, digərlərinə qarşı ehtiramla yanaşan xalq olmağımız burada bizə qarşı xoş münasibət formalaşdırıb. Bunu bu və ya digər münasibətlərdə təmasda olduğumuz dövlət və özəl sektorun nümayəndələrindən eşidirik. Təbii ki, bu, çox qürurverici haldır. Nəzərə alsaq ki, dünyada, xüsusən də Yaxın Şərq regionunda tolerantlıq və digərlərinə qarşı dözümlük məsələlərində dərin böhran yaşanır.

-Maraq məqam odur ki, siz uzun müddətdir ki, ancaq müsəlman ölkələrində çalışırsınız. Niyə məhz müsəlman ölkələri?

-Hazırda dünyanı bürüyən dini ayrı-seçkilik fonunda tolerant müsəlman cəmiyyətində fəaliyyət göstərmək rahat görünür. Xəbərlərdən izlədiyimiz kimi, əvvəllər çalışdığım Pakistanda məzhəb zəminində qarşıdurmalar, o cümlədən qonşu dövlətlərlə müəyyən siyasi çətinliklər ucbatından xoşagəlməz hadisələr vaqe olur ki, bununla da orada təhlükəsizlik problemləri kəskin şəkildə özünü büruzə verir. Belə olan halda, fiziki təhlükəsizlik gündəlik diplomatik fəaliyyətini formalaşdıran prioritet məsələlərin önündə gedir. Lakin buna baxmayaraq, dövlətin ali məramları naminə böyük risklərlə qarşı-qarşıya olmuşuq. Məsələn, Səfirliyin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Pakistanın Xayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan ərazisinin (ona tayfalar ərazisi deyilir) 100 mindən çox sakini olan 32 kənddən ibarət Tank bölgəsində yüz illərlə mövcud olmayan su təchizat sisteminin quraşdırılması həyata keçirilib və 2014-cü ildə “Heydər Əliyev Su Təchizat Sistemi”nin rəsmi açılışı baş tutub. Bu layihənin icrasına bilavasitə nəzarət məqsədilə həmin bölgəyə səfərlər etməli idim. Paytaxt İslamabaddan Tank bölgəsinə uzanan 300 km-lik yol bu gün də böyük risklərlə doludur. Ancaq amacın ali olmasının və Azərbaycan dövlətinin xeyirxah işlərinin Pakistanın müxtəlif regionlarında geniş tanıdılmasının qarşısında həmin risklər kiçik gəlirdi. Ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanlarının xəbərdarlıqlarına baxmayaraq, həmin bölgə camaatının ənənəvi libasında öz yerli sürücümlə bərabər ora dəfələrlə səfər etdim. Məhz buna görə də, hər bir diplomat dövlətin ali məramlarını tam vicdanla həyata keçirməlidir.

Birləşmiş Ərəb Əmirliklərində, məlum olduğu kimi, əmin-amanlıq hökm sürür. Burada 200-dan artıq milliyyət mənsubu sərbəst və azad formada yaşayır, fəaliyyət göstərir və öz dini ayinlərini yerinə yetirir. Burada məscidlərlə yanaşı, kilsələr və digər ibadət evləri vardır.

Çətinliklərə gəlincə, tam səmimi deyim ki, həm Pakistanda, həm də Ərəb Əmirliklərində istər dövlət rəsmiləri, istərsə də qeyri-hökumət sektor təmsilçiləri ilə ilk gündən dostluq üzərində qurulan səmimi münasibətlər qurmağa müvəffəq olmuşam. Səfirliyin tam heyəti istədiyi vaxt dövlət orqanlarında görüş ala bilir, öz vəzifə dairəsində olan təcili məsələləri telefon vasitəsilə müzakirə edə bilirlər.

-Söhbətimizi bizim ən ağrılı yerimiz olan Qarabağla davam etdirmək istərdik. Diplomat kimi necə düşünürsünüz Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində daha hansı işlər görülməlidir və sizin bu istiqamətdə fəaliyyətiniz nədən ibarətdir?

-Tarazlı xarici siyasi kurs yeridən Birləşmiş Ərəb Əmirliklərinin spesifik ölkə olduğunu nəzərə alaraq, yerli KİV-lərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialların nəşrində böyük həssaslıq vardır. Hərçənd ki, bu ölkə haqq işimizi istər BMT, istərsə də İƏT kimi nüfuzlu beynəlxalq təşkilatlarda daim dəstəkləyir. Lakin bu reallığa rəğmən ölkəmizlə bağlı məqalələrdə münaqişə ilə bağlı fikirlər KİV-də öz əksini tapır. Bununla yanaşı, Səfirliyin təşkil etdiyi bütün tədbirlərdə, eləcə də bu yaxınlarda Səfirliyin nəzdində fəaliyyətə başlayan “Bazar günü məktəbi”ndə də münaqişə ilə bağlı soydaşlarımızın övladlarına həqiqətlər çatdırılır. Hətta “Bazar günü məktəbi”nin şagirdləri təhsil aldıqları məktəblərdə dərs vaxtı müxtəlif mövzular üzrə aparılan söhbətlərdə münaqişə ilə bağlı əldə etdikləri bilikləri mövzuya uyğun paylaşırlar. Paralel olaraq, fəallıq nümayiş etdirən diplomatlarımızın həyat yoldaşları da təbliğat işində yaxından iştirak edirlər. Bir sözlə, Səfirlik malik olduğu bütün imkanlardan istifadə edərək, yaralı yerimiz olan Qarabağ həqiqətlərini geniş yaymağa çalışır.



-Dubay, Bakı, İslamabad. Bu 3 şəhər arasında fərq və oxşarlıqlar nədən ibarətdir?

-Bakı, Dubay və İslamabad şəhərləri fərqli xüsusiyyətlərinə görə bir-birindən xeyli fərqlənir. Ənənəvi olaraq, gözəl Bakımızdan başlamaq istərdim. Belə ki, paytaxtımızda hər fəslin gözəlliklərini və hava şəraitini müşahidə etmək olur. Bununla yanaşı, son 10 il ərzində şəhərin görkəmi inanılmaz dərəcədə dəyişərək, Avropanın əsas paytaxtları ilə müqayisə predmetinə çevrilib. Bakının doğmalığı, dənizkənarı milli parkı, çağdaşla qədimliyin sintezi, təkrarolunmaz görkəmi və əsasən də dögma əhalisi mənim üçün çox əzizdir.

İslamabad şəhəri Himalay dağının ətəyində yerləşdiyi üçün burada sıx yaşıllıq nəzərə çarpır. Eyni zamanda, orada əsas etibarı ilə yay və payız fəsilləri üstünlük təşkil edir. Yayda havalar isti olsa da, payızda mülayimlik özünü göstərir. Paytaxtın görünüşü özünəməxsus Şərq ənənəviliyi qoruyub saxlaya bilib. Paytaxtda əldə etdiyim xoş xatirələri əziz tuturam.

Regionun turizm qıbləsinə çevrilmiş Dubay şəhəri deyərdim ki, dünyada ən müasir tikililər və dəbdəbəli həyat tərzi şəhəridir. Burada müxtəlif tipdə göydələnlərə, ticarət mərkəzlərinə və bahalı sürətli avtomobillərə rast gəlmək olar. Şəhərdə iqlim şəraitini 2 fəslə - mülayim payız və isti yaya bölmək olar. Dubay kəlməsi eşidiləndə, insanın gözlərinin önünə günəş, isti səhra qumu, səliqəli çimərliklər, alış-veriş, yaxta ilə gəzinti gəlir. Oktyabr ayının sonlarından başlayaraq ta may ayının sonunadək havalar sərinləyir və küçələrdə rahat gəzişmək olur. Dubayda ən çox sosial münasibətlərdə müxtəlif təbəqə insanları arasında qarşılıq ehtiramı və sadəliyi bəyənirəm.

-Dünyanın ən gözəl və bahalı şəhəri kimi təqdim olunan Dubayda yerli insanların həyat tərzi necədir, orada yenəmi dörd arvadlılıq ənənəsi davam edir?

-Dubay həqiqətən də dünyanın ən bahalı şəhərlərindən biridir. Dünya şöhrətli mehmanxana, geyim, avtomobil brendləri, habelə tanınmış xəbər agentliklərinin, transmilli şirkətlərin regional ofisləri burada vardır. Bu da öz növbəsində, şəhərin imicini yüksəldir, burada təqdim edilən xidmətlərin qiymətlərinə təsir göstərir. Dubaylıların bir neçə həyata yoldaşının olması barədə stereotip gənc nəslin dünya baxışları ilə tədricən öz aktuallığını itirir. Ənənəvi dindar ailələrdə bu adət hələ də davam edir. Ancaq bayaq qeyd etdiyim ki, yetişən nəslin dünyagörüşü bu stereotipi get-gedə heçə endirir. Hazırda bir xanımlı kişilərin sayı üstündür. Yeri gəlmişkən, BƏƏ cəmiyyətində mötəbər vəzifələrdə çalışan xanımlar var və işgüzar qadın obrazının coğrafiyası ilbəil genişlənir. Məsələn, nazirlər kabinetinin ən gənc üzvü olan Gənclərlə iş üzrə dövlət nazirinin 22 yaşı var.

- Ərəblərlə dostluq edirsinizmi?

-Səfir vəzifəsi ilk növbədə, əhatəyə yeni xarici dostların cəlb edilməsi anlamını daşıyır. Hər zaman bu prinsipə riayət edirəm. Ona görə ki, etibarlı dostlarsız mümkün deyil. Fəaliyyət göstərdiyim müddət ərzində istər Əbu-Dabi, istər Dubay, istərsə də Şarca Əmirliklərindən kifayət qədər dost qazanmışam. Həmçinin Pakistanda çalışdığım dövrdə ərəb səfirləri ilə sıx təmaslarım var idi və bu təmaslar bu gün də davam edir.


-Bu il Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana turist axını baş verdi. Birdən-birə ərəblərin ölkəmizə axınına səbəb nə idi?

-İlk öncə diqqətinizə çatdırım ki, özünəməxsus mental xüsusiyyətlərinə görə, BƏƏ xalqı tamam fərqlidir. Belə ki, BƏƏ-lilər növbələr sevməyən, lazım olan işin anda həllinin tərəfdarlarıdır. Eyni zamanda, yerli dostlarımız hər zaman Azərbaycanda əmin-amanlığın hökm sürməsinin, qida məhsullarının halal olmasının və məsafənin yaxın olmasının BƏƏ turistləri üçün müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayırlar.

Bütün bu amillər, xüsusən də iki ölkə rəhbərləri əla siyasi əlaqələr və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə digər sahələrdə olduğu kimi, turizm sektorunun da inkişafı istiqamətində atdığı önəmli və gələcəyə hesablanmış addımlar çərçivəsində 2015-ci ilin noyabrın ayından etibarən BƏƏ vətəndaşlarının 20 ABŞ dolları miqdarında dövlət rüsumunun qarşılığında ölkənin beynəlxalq statuslu hava limanlarında bir aylıq viza almaq iqtidarında olmaları haqqında Nazirlər Kabinetinin qərarı BƏƏ-dən turist axının artmasına səbəb olub. Gedən turistlərlə söhbət əsnasında Prezidentimiz cınab İlham Əliyevin bu qərarını, eləcə də ölkəmizin turizm sektorunda görülən işləri və əsasən də xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndirirlər. Bundan əlavə Azərbaycana səfər edən turistlərin bəziləri Səfirliyə müraciət edərək ölkəmizdə torpaq və daşınmaz əmlak haqqında qanun və qaydalarla maraqlanırlar.

Yeri gəlmişkən, diqqətinizə çatdırım ki, tələbatın çoxalması səbəbindən “Azal” və “Fly Dubai” aviaşirkətlərinin Dubay-Bakı və əks istiqamətlərdə uçuşları 3 dəfəyə qədər artaraq 25-ə çatıb. Paralel olaraq, Ərəb Əmirliklərindən turist axınının artırılması amacı ilə 2017-ci ilin mart ayından başlayaraq, Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkəti Bakıya müntəzəm uçuşlara start verəcəkdir. Bununla yanaşı, iki paytaxt arasında birbaşa uçuşların təşkili məqsədilə Əbu-Dabi hökumətinə məxsus “Etihad” aviaşirkəti ilə danışıqlar aparırıq.

-Yerli mətbuatda tez-tez ərəb şeyxlərinin ölkəmizə ova gəlməsi haqda xəbərlər yayılır. Bu səfərlər sırf ovla bağlıdır, yoxsa başqa məqsədlər var? Bu haqda fikirlərinizi bilmək istərdik.

-Həqiqətən də, Birləşmiş Ərəb Əmirliklərinin hakim ailələrinin nüfuzlu şeyxləri ölkəmizə tez-tez səfər edirlər, ova gəlirlər. Hətta bu istiqamətdə ölkənin müvafiq qurumu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək niyyətindədir. Şeyxlərə təqlid xüsusiyyətinin güclü inkişaf etdiyindən şeyxlərin ardınca nisbətən aşağı və eyni zamanda, zəngin təbəqə nümayəndələri də ölkəmizə ova gəlirlər.

-Bəs siz asudə vaxtlarınızı necə keçirirsiniz?

-İşlərdən kənarda vaxtımın əsas hissəsini öz ailəmə həsr edirəm. Ölkə ilə yaxından tanışlıq hədəfi ilə müxtəlif Əmirliklərə səfər edirik, orada olan özünəməxsus xüsusiyyətlər ilə tanış oluruq. Bəzi hallarda dostluq etdiyim həmkarlarım və yerli və qeyri-yerli ərəb dostlarımla ailəvi görüşürük. Burada asudə vaxtının mədəni zənginləşdirilmə baxımından maraqlı keçirilməsi üçün hər cür şərait var və bundan yararlanmağı Səfirliyin kollektivinə də tövsiyə edirəm.

-Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun və Şahzadə oğlu Hamdan bin Muhammed bin Rasid el Maktoumla görüşünüz olubmu?

-Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Raşid Əl Maktumla görüşüm rəsmi şəraitdə baş tutub. Əlahəzrət Şeyx Məhəmməd bin Raşid son dərəcə zəkalı və pozitiv enerji ilə dolu bir şəxsiyyətdir. O, qısa müddət ərzində böyük iiqtisadi və sosial nailiyyətlər əldə edən dost Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirmək əhəmiyyətini hər zaman ortaya qoyur, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi özünə dost hesab edir və ölkəmizin təbii gözəlliyinə, milli mətbəximizin zənginliyi və ləzizliyinə heyran olduğunu etiraf edir. Baxın görün, Əlahəzrət Şeyx Məhəmməd bin Raşidin kreativliyi sayəsində bu günlərdə Dubay Əmirliyi dünyada regional maliyyə, turizm və kommersiya mərkəzi kimi tanınır ki, bu da öz növbəsində, ölkənin müsbət beynəlxalq imicinə öz töhfəsini əlavə edir və Qafqaz regionunda hər cəhətdən lider mövqelərində olan respublikamız üçün faydalı təcrübələr verə bilər.

Dubay Əmirliyinin vəliəhdi Şeyx Həmdan bin Məhəmməd bin Raşid Əl Maktumla görüşümə gəlincə, ilk növbədə diqqətinizə çatdırım ki, ənənəvi ərəb cəmiyyətlərində vəliəhd gələcək hakim deməkdir. Yəni ki, artıq bəri başdan Dubay Əmirliyinin gələcək hakimi bəllidir. Bu nöqteyi-nəzərdən Şeyx Həmdan bin Məhəmməd Əmirliyin bütün işlərindən xəbərdar olmalı və bu məqsədlə hakimi müxtəlif yerli və beynəlxalq əhəmiyyətli görüş və tədbirlərdə müşayiət etməlidir. Məhz bu səbəbə görə, gələcək hakimlə rəsmi görüş “gözləmə siyahısı”ndadır. Amma müxtəlif tədbirlərdə qeyri-rəsmi görüşümüz olub. Söhbətlərimizin birində vəliəhd ölkəmizə ilk səfərindən ətraflı bəhs edib, qısa vaxt kəsimində dayanaqlı inkişafa, müasir görkəmə yiyələn dövlətimizin xalqının qonaqpərvərliyinə və qonaqlara, ələlxüsus da BƏƏ-li ərəblərə olan isti münasibətə vurulduğunu dilə gətirib.

-Orada yerli sakinlərin Azərbaycanla bağlı düşüncələri nədən ibarətdir?

-Ənənəvi və dünyəvi təfəkkür üslublarının sintezindən ibarət BƏƏ cəmiyyətində Azərbaycan çağdaş, dünyəvi, çoxmillətli və tolerant ölkə olaraq qəbul olunur. Belə təəssüratın formalaşması Səfirliyin apardığı gündəlik təbliğatla yanaşı, respublikamıza gediş-gəlişin inanılmaz səviyyədə artması yerli vətəndaşlarda ölkəmiz haqqında bilik dairəsinin genişlənməsinə səbəb olur. Bunu həm Səfirliyimizə müraciət edən, həm də fərqli şəraitdə üzləşdiyimiz yerli vətəndaşlarla təmaslarımızda görürük.

- Bir qədər öncə qeyd etdiyimiz kimi fərqli ölkədə, fərqli mühitdə yaşamaq o qədər asan olmur. Ümumilikdə, ərəblərin həyat tərzi maraq kəsb edir. Siz necə, oranın mühitinə uyğunlaşa bilirsinizmi?

-Körfəz, xüsusən də BƏƏ-li ərəblərin həyat tərzi barəsində dəfələrlə eşitmişəm və çox da yaxından tanışlığım olmayıb. Lakin bu ölkəyə təyinat alandan sonra yerli ərəblərin həyat tərzini müşahidə aparmağa başladım. Deyə bilərəm ki, BƏƏ-lilər mütaliəni sevən, xüsusən də istər televiziya, istər ağıllı telefonlar, istərsə də qəzetlər vasitəsilə gündəlik əsasda olduqca həssas regional və dünya gündəmini izləyən xalqdır. Onlar asudə vaxtlarını qohumlarını, qonşularını ziyarət etmək, balıq ovu, yaxta sürmək, ailəvi və ya fərdi, eləcə də dostlar qrupu şəklində sinemada film izləmək və ya səhrada sərgüzəştlər, o cümlədən öz övlad və ya kiçiklərini əyləncə mərkəzlərinə aparmaqla ilə keçirirlər. BƏƏ-li xanımlar da qohum və qonşularını ziyarət etməklə bərabər, öz yerli, ya da ki əcnəbi rəfiqələri ilə görüşürlər.

Bəzi nüanslar çıxmaqla, sadaladığım bütün asudə adətlərinin xalqımıza uyğun olduğunu nəzərə alaraq, yerli həyat tərzinə uyğunlaşmaq asan keçib.

-Təkcə ərəblər Azərbaycana deyil, ölkəmizdən də ərəb ölkələrinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə səfər edənlərin sayı kiyafət qədər çoxdur. Əlaqələri genişləndirmək üçün qarşıda hansı planlar durur?

-Şərq ölkələrində, ələlxüsus da ərəb ölkələrində iki ölkə arasında əlaqələr rəhbərlərin birləşdirən siyasi əlaqələrin, yəni ki, şəxsi əlaqələrin səviyyəsindən asılıdır. Bu gün Azərbaycan-Ərəb Əmirlikləri siyasi əlaqələrinin səviyyəsi xeyli yüksəkdir. Misal olaraq, qeyd edim ki, 2012-ci ildə Bakıda Dubay Ticarət və Sənaye Palatasının xaricdə açılan ilk regional nümayəndəliyi açılıb. Hərçənd ki, namizədlər sırasında Rusiya, Qazaxıstan kimi ölkələr olub.

Qarşılıqlı münasibətlərin daha da yaxşılaşması üçün mövcud əməkdaşlıq əlaqələrinin həcmi daha da artmalıdır Diqqətinizə çatdırım ki, son vaxtlar kənd təsərrüfatı, azad iqtisadi zonaların fəaliyyəti sahəsində yaxşı əməkdaşlıq aparılır ki, bu da gələcəkdə yeni potensial imkanların üzə çıxarılması və yararlanması yönündə münbit zəmin yaradır.

- Son illər Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində ciddi addımlar atılır. Sizcə, bizim bu sahədə hansı çatışmazlıqlarımız var və bunun qarşısını almaq üçün hansı addımlar atılmaldır?

-Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi, turizm sektorunun inkişafı ilə bağlı qəbul etdiyi strateji qərarlar, habelə bu sektorda təklif olunan xidmətlər cəhətdən əldə edilən nailiyyətlər yüksək keyfiyyətli turistik xidmətlər mühitində yaşayan BƏƏ-lilər üçün gözlənilməz olmayıb. Rayonlarımızda yaradılan turizm infrastrukturu və təqdim edilən xidmətlər onları yaxşı mənada xeyli təəccübləndirib. Viza üçün bir dəfədən artıq Səfirliyimizə müraciət edən yerli vətəndaşlar bizə etiraf edirlər ki, Qəbələ, Quba, Qusar, Naxçıvan kimi regionlarımızda turistlər üçün yaradılan şərait onları yenidən Azərbaycana qayıtmağa məcbur edir.

Digər tərəfdən, BƏƏ-lilərin yeganə giley predmeti – dil problemidir. Belə ki, onlar cəmiyyətimizdə ingilis dili deyil, rus və türk dillərinin geniş yayıldığını əsas tutaraq, ictimai mühitdə sərbəst ünsiyyət qurmaqda aciz olduqlarını, ancaq ərəbdilli bələdçilərin mövcudluğu işlərini tam asanlaşdırdığını vurğulayırlar.

-Azərbaycan üçün darıxırsınızmı?

-Zənnimcə, bu və ya digər səbəbə görə ölkəsinin hüdudlarından kənarda yaşayan hər bir vətənpərvər vətəndaş öz doğma torpağı - Vətəni üçün hər an darıxmalıdır. Çünki Vətəni ilk növbədə onun əcdadlarının torpağı və onun bioloji, fiziki və zehni quruluşuna iz qoyan təbii amildir. Öz Vətəninin dəyərini bilməyən, nə xalqının, nə də ki dövlətinin qədrini bilər. Ona görə də tarixən dövlətləri quranlar həmişə Vətənlərinə və xalqlarına sadiq şəxsiyyətlər olublar.

Bildirim ki, dövlətimizin başçısının qarşıma qoyduğu tapşırıqların yerinə yetirilməsi daimi işgüzar mühitdə olmağımı tələb edir. Ölkəmizə səfər edən nümayəndə heyətlərinin müşayiəti zəruri olduğu təqdirdə, Bakıya səfərlər edirəm. Və, ildə bir dəfə məzuniyyətə çıxmaq hüququmdan faydalanır və həmin müddət ərzində qohum-əqrəbəmi, dost-tanışlarımı ziyarət edir, ölkəmizin təkrarolunmaz səfalı yerlərində ailəm və valideynlərimlə birlikdə istirahət edirəm.

-Sonda şəxsi həyatınızla bağlı sual vermək istərdim. Daşqın Şikarov necə ailə başçısıdır? Ata övladınI necə tərbiyyə etməlidir?

-Bildiyiniz kimi, hər bir övladın tərbiyələndirilmə prosesində valideynlərin böyük rolu və xüsusi çəkisi danılmazdır. Amma maləsəf, bəzən görürsən ki, alicənab ailənin övladı bu ailənin dəyərlərini özündə ehtiva edə bilməyib. Buna səbəb isə həmin uşağın düşdüyü çevrənin formalaşdırdığı qeyri-sağlam mühitdir.

Uşaqlıq yaşlarımdan valideynlərimdən, eləcə də ağsaqqal və ağbirçək qohumlarımdan ailə dəyərləri anlayışına dair yanaşmanın ciddiliyini və xüsusiliyini görmüş, özündən böyüyə və kiçiyə ehtiram və diqqət prinsiplərini onlardan mənimsəmişəm. Bundan savayı, onlar mənə həmişə Vətənə və xalqa əvəzsiz sevgi hisslərini aşılamış, torpağa və bu torpağın yetişdirdiyi böyük şəxsiyyətlərə dərin ehtiramla yanaşmağı öyrətmişlər.

Bu günlərdə həmin dayaqlar üzərində qurulan dünya baxışımı öz 3 oğul övladıma aşılayıram. Bu işdə ailə başçısı kimi mənə ailənin möhkəm dayağı sayılan həyat yoldaşım daim yardım edir.

Buradakı ailə dəyərləri ənənəvi İslam və müasir düşüncə stereotipinin sintezinin nəticəsidir. Və deyərdim ki, bu sintez heç də uğursuz deyil.

Hafiz Əhmədov

AzVision.az


Teqlər:  





Xəbər lenti