`Sarı Gəlin` qalmaqalı böyüdü - Deputatlar nazirliyi ittiham edir

`Sarı Gəlin` qalmaqalı böyüdü - Deputatlar nazirliyi ittiham edir
  26 Oktyabr 2016    Oxunub:12061
Gənclər və İdman Nazirliyinin millət vəkili Aydın Mirzəzadənin “Sarı Gəlin” mahnısı ilə bağlı iradlarına verdiyi cavab onun deputat həmkarı Hikmət Babaoğlunun kəskin etirazına səbəb olub.
Hikmət Babaoğlunun AzVision.az-ın redaksiyasına göndərdiyi məktubu olduğu kimi təqdim edirik:

-Mətbuatda “Sarı Gəlin” mahnısının tarixi ilə bağlı Gənclər və İdman nazirliyinin xüsusi layihə həyata keçirdiyini öyrəndim və buna çox sevindim. Ancaq eyni zamanda çox təəssüf etdim ki, bu mahnının tarixi yenidən təhrif edilib, tarixi müqayisə düzgün aparılmayıb, mövzu akademik tədqiqat predimetinə çevrilməyib, üstəlik də “Apardı Sellər Saranı” mahnısıdakı sujetlə eyniləşdirilib. Adıçəkilən nazirliyin rəsmisi isə açıqlama yayıb ki, ““Sarı gəlin” layihəsini biz tək hazırlamamışıq. Bu mövzu çox həssasdır və layihə işlənərkən tarixçiləri, mövzu ilə bağlı biliciləri dəvət etmişik. Onlar ssenari yazılarkən tarixi baxımından faktların düzgün qeyd edilməsinə nəzarət ediblər”.

Düşünürəm ki, bu belə deyil. Əgər doğurdan da mövzunu onu bilənlərlə müzakirə etsəydilər nə hansısa yunan qızı, nə də hansısa uydurma Xaqan sujeti ortaya çıxmazdı. Mahnının həqiqi qəhrəmanları olan müsəlman gənc Sinanın və onun həmkəndlisi xristiyan qıpçaq qızının nakam eşq heykayələrinin düzgün tarixi təsvir olunardı.

Mən “Axdamardan Sarı gəlinədək erməni yalanı” adlı məqaləmdə bu mövzunu araşdırmışam və ayrıca kitab şəklində, eyni zamanda dövri mətbuatda çap etdirmişəm. (“Bir mahnının üç sirri...” Yeni Azərbaycan qəzeti. 08 yanvar 2011 ci il)

R.Altunay mahnının mövzusu haqqında belə bir hekayə nəql edir. Bir türk gənci kəndində yaşayan bir xristian qızı sevir. Səhərlər tarlaya gedərkən arxasından onu izləyir, axşamlar sürülər ağıllarına dönərkən sevgilisinin gözəlliyini seyr edərək ruhunun atəşini təsəlli etməyə çalışır. Fikrən, hissən qıza o dərəcədə aşiq olur ki, bir bazar günü əlinə bir xaç alaraq səhər xristianlarla bərabər kilsəyə gedir. Bir küncdə durub sevgilisinin və onun dinindən olanların ibadətini seyr edir. Sonra isə yanıqlı və həzin səslə aşağıdakı mahnını oxumağa başlayır:

Vardım kilsəsinə baxdım xaçına
Mail oldum bölük-bölük saçına
Qız seni götürəm İslam içinə
Vay Sinan ölsün Sarı Gəlin
Ah, seni vermem dünya malına


Təəssüf ki, R.Altunay mahnının yalnız bir bəndini verir. Ancaq elə bu bir bənddəcə olduqca maraqlı informasiya var. Birincisi, mahnının tarixçəsindən bəlli olur ki, bir türk gənci öz kəndində yaşayan xristian sevgilisi üçün bu mahnını yazıb. İkincisi və ən önəmlisi odur ki, mahnının müəllifinin adı Sinandır. Üçüncüsü isə odur ki, xristianlar və müsəlman türklər eyni kənddə bərabər yaşayırlar. Bu nə deməkdir? Bu suala bir az sonra cavab verəcəyik. İndi isə biz artıq bilirik ki, mahnının müəllifi Sinan adlı bir müsəlman türkdür

“Sarı Gəlin”in Ukrayna, yaxud Dəsti-Qıpçaq versiyası

Yenidən qıpçaqlara və xristian qıpçaqlar arasında, özü də Azov dənizinin şimali-qərb sahillərində yaşayan xristian qıpçaqlar içərisində mövcud olan “Sarı Gəlin” mahnısının indiyə qədər bizə məlum olmayan versiyasını öyrənməyə çalışaq.

Adını bilərəkdən yazmadığımız müəllifin çox çətinliklə əldə etdiyimiz məxfi qrif adı altında qorunan əsərində mahnının orijinalı belədi:

Axız, satın örmezler
Seni, bana bermezlər.
Tel, alayım, xaçayım
Xaranqılıx körmezler.
Axız, satın setiz xat
Tes birisin, bizqe sat
Anen-baben xail olsa
Tel böqeje bizqe yat.


İndi isə doğmaca dilimizdə olan bu kiçik şeiri hazırkı ədəbi dilimizə uyğun şəkildə təqdim edək və sonra təhlilə başlayaq. Şeir belə səslənir.

Ay qız, saçın hörməzlər
Səni mənə verməzlər.
Gəl, alayım, qaçayım
Qaranlıqdır görməzlər.

Ay qız saçın səkkiz qat,
Kəs birisin bizə sat
Anan-baban razı isə
Gəl bu gecə bizdə yat.

F.A.Nikolayevin acı və çarəsiz etirafı

Əvvəla, onu qeyd edək ki, “Sarı Gəlin” mahnısının qıpçaq versiyası 1800-cü illərin sonunda Ukraynada yaşayan F.A.Nikolayev adlı xristian qıpçağın dilindən qeydə alınıb. Eyni zamanda, həmin vaxt F.A.Nikolayevin kifayət qədər yaşlı olduğu məlum olur və o da məlum olur ki, F.A.Nikolayev ondan sonra kimlərinsə bu dildə (“öz tilimiz” adlandırdığı qıpçaq dilində) danışacağına ümidini itirdiyini bildirir. Deməli, mahnının tarixi bir az daha uzaqlara gedib çıxır. O vaxtlara ki, Qafqaz qıpçaqları ilə Dəsti-qıpçaq qıpçaqları arasında sıx mədəni, mənəvi, sosial-iqtisadi və s. əlaqələr mövcud idi. Yəni, Cənubi Qafqazda danışılan bir hekayət, yaxud oxunan bir nəğmə şifahi şəkildə yayılaraq Ukraynaya, Dnepr sahillərinə, hətta bəlkə Dunay sahillərinə qədər yayıla bilirdi. Əks halda bu mahnının sözlərinin Azov ətrafında yaşaması mümkün olmazdı. Beləliklə, ortada isbata ehtiyacı olmayan bir həqiqət, aksioma var. “Sarı Gəlin” bir qıpçaq türküsüdür!

Bu parçalar həmin məqalədəndir. Mahnının tarixi ilə həqiqətən maraqlananlara kitabımı hədiyyə edə bilərəm, o cümlədən Tarix İnstituna və Gənclər və İdman nazirliyinə.

***



Qeyd edək ki, deputat Aydın Mirzəzadə “Facebook” səhifəsində ona Gənclər və İdman Nazirliyi tərəfindən gələn dəvətnaməyə əlavə edilən annotasiyada qeyd edilən fikirlərə iradını bildirib. Qeyd edib ki, dəvətnaməyə əlavə edilən annotasiyada guya Trabzonda Flavian adlı bir yunan qızının özünü çaya atması nəticəsində "Sarı gəlin" Azərbaycan mahnısının yarandığı iddia edilir. “Musiqiçi olmasam da, mahnının Azərbaycan mahnısı olması barədə məlumata malikəm. Eyni zamanda ermənilərin də vaxtaşırı bu manını özününküləşdirmək cəhdindən də xəbərdaram. Amma Azərbaycan daxilində kiminsə mahnını başqa bir xalqa aid etmək cəhdini başa düşə bilmirəm”.

Gənclər və İdman Nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AzVision.az-a bildirib ki, “Sarı gəlin” layihəsini biz tək hazırlamamışıq. Bu mövzu çox həssasdır və layihə işlənərkən tarixçiləri, mövzu ilə bağlı biliciləri dəvət etmişik. Onlar ssenari yazılarkən tarixi baxımından faktların düzgün qeyd edilməsinə nəzarət ediblər.



S.Məmmədova qeyd edib ki, “Sarı gəlin” layihəsinin elmi rəhbəri AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Yaqub Mahmudovdur.

“Bu, çox həssas mövzudur. Aydın müəllimin qeyd etdiyi kimi biz bu işi özümüz tək etməmişik. Burada tarixçilər və nüfuzlu tarixçi Yaqub Mahmudov olub və o, elmi rəhbərdir. Hər bir işə nəzarət olunub. Yaqub Mahmudovun dedikləri üzərində işlər aparılıb, ssenari yazılıb və film çəkilib. Eyni zamanda layihənin təqdimatı zamanı 10 dəqiqəlik filmdə Yaqub Mahmudovun və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülzar Abdullazadənin mahnının yaranma tarixi haqda təqdim etdikləri faktlar müsahibələr şəklində nümayiş olunacaq”.

S.Məmmədova, həmçinin mahnının tarixçəsi haqqında da danışıb. “Mahnın tarixçəsi belədir ki, Oğuz igidlərin biri olan Xaqan adlı gənc Flavian adlı bir yunan gözəlinə vurulur. Yunan gözəlini qaçırdır. Lakin Flavianın atası onu Lakabos adında yunan sərgərdəsinə vermək istəyir. Nəticədə qız özünü Arpa çayına atır. Bununla da Azərbaycan incisi olan “Apardı sellər Saranı” mahnısı yaranır. Biz hətta göstərmək istəyirik ki, “Apardı sellər Saranı”, eyni zamanda “Sarı Gəlin” bir adama həsr olunmuş mahnıdır”.





Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti