`2017-ci il uğurlu olacaq` - İlham Əliyev

`2017-ci il uğurlu olacaq` - İlham Əliyev
  08 Oktyabr 2016    Oxunub:2279
Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq, 2017-ci il də uğurlu olacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Biz bu ilin sonuna qədər qalan bütün vəzifələri icra etməliyik, xüsusilə investisiya layihələri ilə bağlı işlər getməlidir. Dövlət investisiya proqramı icra edilməlidir. Bəzi istiqamətlər üzrə ləngimələr var, bəzi infrastruktur layihələri tam həcmdə icra edilməyib. Ona görə, - ilin sonuna qədər az vaxt qalsa da, - bu məsələlərə çox ciddi diqqət göstərilməlidir.

Mən qeyd etdim ki, biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir. İdarəetmə istiqamətində, digər sahələrdə, ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün bir çox önəmli qərar və sərəncamlar qəbul edildi, imzalandı. Beləliklə, əminəm ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq".

İlham Əliyev vurğulayıb ki, apardığımız islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir: "Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdür. Keçən il biz 40-cı yerdə idik, o da çox gözəl göstəricidir. Baxmayaraq ki, bu il dünyada böhran yaşanır və bizdən də yan keçməyib, Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. Otuz yeddinci yerdə olmaq dünya miqyasında çox böyük və hesab edirəm ki, tarixi göstəricidir. MDB məkanında biz həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq.

Gələn ilin dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azaldılmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır. Biz əvvəlki illərdə dövlət investisiyalarına daha çox üstünlük verirdik. Bu da təbiidir, çünki biz bir çox layihələri, xüsusilə infrastruktur layihələrini icra etməli idik. Əgər biz onları icra etməsəydik, bu gün, ümumiyyətlə, inkişafdan söhbət belə gedə bilməzdi. Nə kənd təsərrüfatı, nə turizm, nə digər sahələr inkişaf edə bilməzdi. Ona görə, dövlət investisiya qoyuluşu xüsusi əhəmiyyət daşıyırdı və biz son illər ərzində bu layihələrin bir çoxunu artıq icra etmişik. Təbii ki, 2017-ci ilin dövlət investisiya proqramı indi hazırlanır və yaxın vaxtlarda mənə təqdim ediləcək. Ancaq biz özəl sektorun investisiyalarını daha da böyük həcmdə cəlb etməliyik".

Prezident bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb: "Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq.

O ki qaldı dövlət investisiya layihələrinə, onlar da nəzərdə tutulur və hesab edirəm ki, bu məqsədlər üçün kifayət qədər vəsait təmin edilməlidir. Yenə də qeyd etməliyəm ki, elektrik enerjisi, qazlaşdırma ilə bağlı əsas infrastruktur layihələri artıq icra edilib. Bir çox kənd yolları, içməli su və kanalizasiya layihələri icra edilib və edilir. Əlbəttə ki, biz həmişə olduğu kimi, sosial infrastruktur layihələrinə böyük diqqət göstərməliyik. 2017-ci ildə biz makroiqtisadi sabitliyə ciddi fikir verməliyik. İnflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz bunu təmin edəcəyik".

Dövlətimizin başçısı əlavə edib: "Bir sözlə, artıq 2016-cı il sona yaxınlaşır. Qeyd etdiyim kimi, bu il dünya iqtisadiyyatı üçün, dünya üçün ağır il olmuşdur. Ancaq əminəm ki, Azərbaycan son üç ay ərzində görüləcək işlər nəticəsində 2016-cı ili də uğurla başa vuracaq. 2017-ci il də uğurlu olacaq. Əminəm ki, qarşıya qoyulan bütün vəzifələri icra etmək üçün bizdə kifayət qədər iradə, güc var. Xalq bizim siyasətimizi dəstəkləyir, referendumun nəticələri bunu bir daha təsdiqləyir. Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik".

AzVision.az


Teqlər:  





Xəbər lenti