Pambıqçı qadınlar:`Ağ qızıl`ın vətənindən Reportaj (Fotolar)

  05 Oktyabr 2016    Oxunub : 13590
Pambıqçı qadınlar:`Ağ qızıl`ın vətənindən Reportaj (Fotolar)
Son vaxtlar Azərbaycanda pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir. Dövlət səviyyəsində bu sahənin dirçəldilməsi üçün mühüm addımlar atılır. Ölkə başçısının bölgələrə səfəri zamanı pambıq sahələrinə baş çəkməsi, zəhmətkeş pambıqçılarla görüşü və çıxışlarında səslədirdiyi fikirlər yaxın illərdə pambıqçılığın sürətli inkişafından xəbər verir.

Ekspertlər hesab edirlər ki, “ağ qızıl” ölkəmizə milyonlarla manat qazanc gətirəcək.



Çoxumuz qızıl qədər qiymətli olan pambığın hansı əziyyətlə əkib-becərilməsindən xəbərsizik.

AzVision.az-ın əməkdaşları “ağ qızıl”ı ilə məşhur olan Saatlıya gedərək pambıqçı qadınlardan reportaj hazırlayıb.



Mirzəfətəli Axundov adına kəndinin qadınlarının əksəriyyəti pambıqçılıqla məşğul olur. Pambıq sahələri kənddən 8-9 kilometr aralıda yerləşir. Onlar hər gün səhər saat 7-də işə yollanır, axşam saat 7-8 radələrinə qədər işləyirlər. Kənardan asan görünsə də, pambıqçılıq çox çətin sahədir.

“İllərdir bu işlə məşğulam. Gözümü açandan qohumlarım pambıqçılıqla məşğul olur. İşimiz gördüyünüz kimi çox çətindir. Həm ailə, həm də isti havada işləmək hər qadının işi deyil. Saatlının qadınları zəhmətə öyrəşib. Əbəs yerə deməyiblər, iş insanın cövhəridir. Bizim işimiz pabmıq yığmaqdır. Prezidentimizin pambıqçılığın inkişafına maraq göstərməsi bizi sevindirir. İnanırıq ki, əziyyətimizin bəhrəsini görəcəyik”, - deyə Gülbəz xala deyib.



Özlərinin dediyi kimi, hər qadın pambıqçı ola bilməz. Bunun üçün dözüm və cəldlik lazımdır. Pambıqçı qadınlar gündəlik gördükləri işə görə maaş alırlar. Onlar gün ərzində adambaşına 100-120 kq pambıq yığmalı olurlarr. “Kim çox işləsə, çox qazanacaq” pambıqçıların həyat devizinə çevrilib.



“İşimizdən narazı deyilik. Alın təri ilə evə halal pul aparırıq. Çalışırıq çox pambıq yığaq ki, maaşımız da çox olsun”,-deyən Simuzər Cəbiyeva pambığın hər kiloqramına görə 10 qəpik aldığını bildirib.



“Günü sonunda yığılan pambıq tərəzidə çəkilib, iş icraçısına təhvil verilir. Sonra yük maşınına yığılıb, “Saatlı Pambıq” zavoduna aparılır. Zavodun pambığı alma qiyməti 51 qəpikdir”.



Pambıqçı qadınlar həvəslə nahara hazırlaşırlar. Kimi nahara kartof soyutması, kimisi də pendir-çörək gətirib. Zarafatla, deyə-gülə nahar edən qadınlar “ağ qızıl”la ölkəmizə milyonlar qazandıracaqlarını deyiblər.



























Elvin Abdulla
AzVision.az

Foto


Teqlər: