Əli Kərimli 3 min dollara arayış satır: Mühacir biznesinin “boz kardinalı”

Əli Kərimli 3 min dollara arayış satır: Mühacir biznesinin “boz kardinalı”
  03 Oktyabr 2016    Oxunub:5362
Əli Kərimli ifşa olunduğunu görüb indi də hədəf yayındırmağa çalışır. Amma artıq bütün ictimaiyyət Əli Kərimlinin müxalifət adı altında hansı işlərdən çıxdığını bilir.
Mühacir biznesini əlində saxlamaq üçün təşkil etdiyi mitinqlər belə etirazla qarşılandı. Hətta “Yurd” liderinə yaxın olan araşdırmaçı-yazar Xədicə İsmayıl və Milli Şuranın üzvü Eldəniz Quliyev də Əli Kərimlini keçirdiyi mitinqlərə görə tənqid etdilər. Məsələ burasındadır ki, protest elektoratının aktivləşdiyi bir vaxtda “Yurd” lideri qəfildən aksiyaları dayandırdı. Bununla o, həm hakimiyyətin “əlinə oynadı”, həm özünü Qərbə müxalifətdə söz sahibi kimi təqdim etdi. Əli Kərimli kütləvi aksiyalarda söz sahibi olduğunu göstərməklə Cəmil Həsənliyə, Xədicə İsmayıla “bu işlərdə söz sahibi mənəm, Avropaya mühacirətə də yalnız mən göndərə bilərəm” mesajını vermiş oldu.

3 min dolların səsi Avropadan gəldi

Əli Kərimlinin uzun illərdir mühacir biznesini əlində saxlaması və gənclərə müəyyən məbləğ qarşılığında “müxalifətçi” arayışları verməsi zaman-zaman medianın gündəmində yer alıb. Bir müddət öncə hətta bununla bağlı audio (səs yazısı) da yayılmışdı. Hətta Avropaya mühacirət qapısını açan “mitinqlərdə fəal iştirak etmiş müxalifətçi” arayışını “Yurd” liderinin 3 min dollara satdığı haqda məlumatlar vardı. Ancaq bütün bunlara baxmayaraq, Əli Kərimli sudan quru çıxmağa çalışır.

Mitinqə çıxanlara arayış vədi

“Yurd” sədrinin biznesi çökməsin deyə təşkil olunan mitinqlərin etirazla qarşılanması da təsadüfi deyil. Mitinqə gələnlərlə söhbət etsəniz, siz də bunun şahidi olarsınız. Mitinqə çağrılan adamların böyük bir hissəsi məhz mühacirətə getmək üçün gəldiklərini, bununla bağlı onlara Əli Kərimli tərəfindən təminat verildiyini bildirirlər. Təsadüfi deyil ki, aksiyalar keçirildiyi dövrdə bir çoxları tezliklə mühacirətə gedəcəkləri haqqında əminliklə danışırdılar. Əli Kərimli isə mühacir biznesinin “boz kardinalı”dır. Monopoliya altına alınan bu biznesə nəzarət isə ənənəvi müxalifət liderləri, birbaşa olaraq Əli Kərimli nəzarət edir. Bu biznesin çiçəklənməsində maraqlı olan da elə Əli Kərimlidir. Çünki onun şəxsi büdcəsinin bir hissəsi də məhz bu biznesdən gələn gəlirlər hesabına dolur.

Arayış biznesi əldən çıxır

Mediada, sosial şəbəkələrdə yayılan səs yazıları, sənədlərdən sonra Əli Kərimlinin bu işlə məşğul olmasına heç bir şübhə yeri qalmadı. Ancaq Əli Kərimli bütün bu sübutları təkzib edir. Qeyd edək ki, həmin səs yazısında Türkel adlı şəxs açıq şəkildə “müştərilə” söhbət edir və müəyyən məbləğ qarşılığında onun mühacir olacağını əminliklə bildirir. Həmin səs yazısında Türkel həmsöhbətinin inandırmaq üçün uzun illərdir bu işlə məşğul olduğunu xüsusi vurğulayır. Bu cür məlumatlardan aydın olur ki, Əli Kərimli böyük məbləğlər qarşılığında Avropaya miqrant göndərir. Bu biznesi əlindən verməmək üçün uzun zamandır müxalifətçilik oynayan “Yurd” sədrinin oyunu pozulmaq üzrədir. Bu da onu çox narahat edir.

Əli Kərimli indi də, özünün guya heç nədən xəbərsiz kimi göstərmək üçün zamanında onun apardığı siyasətə etiraz edərək AXCP-ni Rəsulzadə-Elçibəy ideya-siyasi xəttinə qaytaranları, Elçibəyçilik ideologiyası əsasında yenidən quranları ittiham edir. Ancaq hər kəs bilir ki, bu günə qədər mühacirətə gedənlərin sənədlərində məhz Əli Kərimlinin imzası var. Mühacirətə gedənlər arasında ödəmələri vaxtında etmədikləri üçün Əli Kərimlinin ərizəsinə əsasən geri qaytarılanların da sayı kifayət qədərdir. Bütün bunlara rəğmən sübutları, faktları təkzib etmək bir yana, özlərinə həyasızcasına bəraət verməyə çalışırlar. “Yurd” sədri bundan reklam kimi istifadə edir. Çünki zaman-zaman bu məsələ elə Kərimlinin öz media quruluşları vasitəsilə gündəmə gətirilir. Nəticədə isə tənqid olunan da yenə Əli Kərimli olur. Çünki özləri də bilir ki, xalqı aldatmaq mümkün deyil. Əli Kərimli və ətrafındakı zombi dəstəsi, mənfəətbaz qaragüruhçular bilməlidirlər ki, xalqı bir dəfə, iki dəfə aldatmaq olar. Ancaq üçüncü dəfə xalq üzünüzə tüpürəcək. Necə ki, indi edirlər. Xalq artıq sizi qəbul etmir. Çünki bu günə qədər Azərbaycan xalqı üçün, dövlət üçün heç bir iş görməmisiniz. Gördüyünüz işlər ancaq öz maraqlarını təmin etmək, büdcənizi doldurmaq, özünüzə oliqarxlarsayağı firəvan, rahat həyat yaşamaq olub. Amma daha xalq sizə inanmır... (Cəbhə.info)

AzVision.az


Teqlər:





Xəbər lenti