`Real` adlı mifin iflası

`Real` adlı mifin iflası
  22 Sentyabr 2016    Oxunub:3828
Tural İsmayılov

REAL Hərəkatı adlanan qurum yeni yarandığı dövrlərdə ənənəvi müxalifəti tənqid edir və insanları özünün tamamilə fərqli bir startegiya yürütdüyünə inandırmağa çalışırdı. Amma nə oldu? REAL Hərəkatı ənənəvi müxalifətdən fərqli heç nə demədi, Azərbaycanda mövcud olan siyasi müxalifət bozluğunda qeyb oldu və intellektual gənclərin yığıldığı bir klub kimi ciddi qarşılana bilmə ehtimalını da birdəfəlik itirdi.


Az sayılı narazı kəsim REAL-ın atdığı addımlardan sonra ondan uzaqlaşdı və ictimai şüurda mövcud olan alternativsiz iqtidar gerçəkliyini gücləndirdi.

Ümumiyyətlə, REAL-ın rəhbər heyətində təmsil olunan insanların çoxu demək olar ki, qurum yarandığı gündən sərt “tənqidçilik” üslubunu mənimsədilər. Və baxın, bir neçə gün öncə klubun rəhbərlərindən biri Erkin Qədirli verdiyi müsahibədə etiraf etdi ki, onlar yeni yarananda insanların diqqətini cəlb etmək üçün tənqid yolunu tuturdular. Sağdan da, soldan da tənqid etdikləri Müsavat Partiyası ilə sonradan apardıqları danışıqlar da klubun siyasətdə naşı olduğunu ortaya qoyur.

Fərqli və yenilikçi olduğunu iddia edən REAL üzvlərinin danışıqları belə, çox bəsitdir. Daha öncə sədrləri İlqar Məmmədov ifrat sərt üslubda Qərb dairələrində diqqət oyandırmağa cəhd edirdi. Onun təhqirə varan yazıları yəqin ki, xatirimizdədir. Natiq Cəfərlinin Altay Göyüşovun guya ironik dilləri də səliqəsizdir. “Ala”, “Ay Brat” və sair kimi ifadələrlə “layk” qazanmağa çalışmaq ciddi siyasətçiyə yaraşan iş deyil.

Azər Qasımlı seçkilərdə hazırladığı video roliklər və selfilər ilə guya silahdaşlarından fərqləndiyini göstərməyə çalışsa da, əslində onun leksikonu da gənc, yenilikçi və fərqliliyə iddia edən bir siyasi portret üçün məqbul deyil. Filosoflardan, politoloqlardan, siyasətçilərdən sitatalar söyləsələr də, köhnəlmiş ənənəvi müxalifətdən heç bir fərqlərinin olmadığını ortaya qoyurlar və belə bir siyasi təşkilatın indi partiyaya çevrilmək cəhdləri sadəcə, təəccüblüdür.

REAL partiyaya çevrilsə, onun hansı siyasi-ictimai çəkisi ola bilər? Ümumiyyətlə, partiya kimi formalaşmaq və siyasi postlara namizədlər irəli sürmək üçün lazım olan bir çox önəmli nüanslar onlarda mövcud deyil:

1) REAL-da komanda ruhu yoxdur. Təşkilatın üzvləri vahid qərarlar ətrafında fərqli fikirlər söyləmirlər, hərəsi bir söz danışır. Belə olmasa idi, təşkilat üzvlərindən heç biri fərqli rakursdan danışmaz və REAL Erkin Qədirliyə bir müddət öncə danışmaq qadağası qoymazdı.

2) Nizamnamə və ümumi qəbul edilən qərarlardan çıxış edə bilmirlər. Erkin bəy keçən müsahibələrindən birində açıqladı ki, “sağ avtoritarizm” istəyir. Demokratiyadan bütün günü ağız dolusu danışan bir qurumun səlahiyyətli üzvü deyir bunu. Sonra fikrinə görə qınanılanacağını anladığı üçün tez də düzəliş edir ki, o, sağ avtoritarizmi bəyənir, amma bu, təşkilatın mövqeyi deyil. Yaxşı, əgər sən sağ avtoritarizmi dəstəkləyirsənsə, niyə sənin ideyanı dəstəkləməyən bir qurumun rəhbərliyindəsən? Yaxud, bu, nə qədər ciddi qarşılanar ki, öz ideyası olduğunu söyləyən təşkilatın rəhbərlərindən biri ümumi iddia etdiyi prinsiplərə zidd danışır?

3) Nəzəri “iddia”larını praktik tətbiq etməkdən məhrumdurlar. “Sabah nə olacağını bilə bilmərik” deyib, ona inanan azsayılı insanların etimadını itirməklə, hansı partiyadan danışmaq olar?

REAL-ın iqtisadçılarından Natiq Cəfərli hər dəfə özünü məşğul olduğu sahəni yaxşı bilməyən adam kimi göstərir. Son günlərdə Azərbaycan Dəmir Yolları QSC bir bəyanat yayaraq, bildirdi ki, ölkəmiz üçün hazırda prioritet olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Beynəlxalq Şimal-Cənub Nəqliyyat dəhlizi ilə yanaşı, Cənub-Qərb və Vikinq layihələrinin işləməsi üçün səylər göstərilir. Amma “iqtisadçı” bu fakta diqqət etmədən, statistik məlumatları öz bildiyi kimi yarımçıq şərh edir. O, şərhində ancaq bu hissəni qeyd edir: dəmir yolları ilə yükdaşımalar bu aylar ərzində keçən ilin eyni dövrünə görə 18,5% azalıb, cəmi 700 min ton yük daşınıb. Lakin qurumun açıqlamasında daha ciddi rəqəmlər var və nədənsə qeyri-obyektiv iqtisadçı bu hissəyə heç toxunmur: TBNM vasitəsilə yükdaşımaları 12 gün ərzində həyata keçirilir və multi-modal daşımanı bu marşrut üzrə əlverişli edir. Artıq TBNM vasitəsi ilə 3 yük qatarı Çindən Avropa istiqamətində nəql edilib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdırılandan sonra, minimum gündə 1 qatarın bu marşrutla nəql edilməsi planlaşdırılır.

Mən ironik olmayan və guya məsxərə dili ilə tənqid etdiyini düşünən bu iqtisadçının oxucuların heç biri tərəfindən ciddi qəbul olunmadığını gözəl anlayıram. O, istinad etdiyi və tənqid etməyə çalışdığı rəqəmləri doğru-dürüst oxumur. Çünki açıqlamada qeyd olunur: 2016-cı ilin 7 ayı ərzində təkcə dəmir yolu vasitəsi ilə 9 mln. tona yaxın yük daşınıb, ilin sonuna qədər bu rəqəm 16 milyon tona çatacaq. 2014-cü ildə isə Azərbaycanda dəmir yolu vasitəsi ilə 21 milyon tona yaxın yük nəql edilib. Reallaşdırılan nəqliyyat dəhlizləri, tikintisi başa çatan nəqliyyat qovşaqları, yaradılan hablar tam fəaliyyətə başladıqdan sonra isə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi ildə 50 milyon tona çata bilər. Burada həm Azərbaycan Dəmir Yolları, həm Azərbaycan Dəniz Gəmiçiliyinin, həm Bakı Beynəlxalq Dəniz Ticarət Limanıın və tranzit yükdaşımalarda xidmət göstərən digər dövlət qurumlarının ümumi gəlirlərini hesablayanda Azərbaycan dövlətinin görəcək faydasını görmək çətin deyil. Beləliklə, görünür ki, burada təkcə dəmir yolu ilə yük daşımalarından bəhs olunmur. Və sonda qurumu insanları aldatmaqda ittiham edən iqtisadçının özündən soruşmaq lazımdır: bəs siz kimi aldadırsınız?

Azərbaycan ən yeni siyasi tarixində daha bir “yenilikçi” fəaliyyət özünü süquta məruz qoyur. REAL mifi yaradıcıları tərəfindən nöqtələnir.


Teqlər:





Xəbər lenti