Əli Kərimli Müsavatın təklifini rədd edir

Əli Kərimli Müsavatın təklifini rədd edir
  19 Sentyabr 2016    Oxunub:16089
Müsavat Partiyası Milli Şuranın 24 sentyabrda keçiriləcək mitinqinə dəstək verməklə bağlı qərar qəbul edib. Bu barədə partiya başqanı Arif Hacılı məlumat verib.
“Qərara aldıq ki, sentyabrın 24-ə təyin olunan mitinqimizi keçirməyək. Eyni gündə Milli Şura və bizim mitinqimizə icazə verilməyə bilər. Ona görə Milli Şuranın mitinqinə dəstək verməklə bağlı qərar verdik”-deyə A.Hacılı dünənki mitinqdə bildirib.

Milli Şura Müsavatın təklifinə necə reaksiya verəcək?

Məlumat üçün bildirək ki, Arif Hacılı bundan öncə bir neçə dəfə Milli Şuraya birgə mitinq keçirməklə bağlı təklif irəli sürüb. Qarşı tərəf Müsavatın bu təklifini rədd edərək, yalnız Milli Şura üzvlərinin iştirakı ilə mitnq keçirəcəklərini bəyan edib. Arif Hacılının rədd cavabı olmasına rəğmən yenidən bu quruma üz tutması, çox güman ki, ötən gün keçirilən biabırçı mitinqlə əlaqədardır. Cəmi 500 nəfəri “Məhsul” stadionuna toplaya bilən Müsavat Milli Şuranın yanında olmaqla say hesabını çoxaltmaq niyyətindədir. Qarşı tərəfin bu təklifə necə reaksiya verəcəyi hələ sual altındadır

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev AzVision.az-a bildirib ki, Müsavatın təklifi sentyabrın 21-də müzakirəyə çıxarılacaq. O, hələlik bu barədə müsbət fikir bildirməyin mümkün olmadığını deyib: “Müsavatın qərarı Koordinasiya Mərkəzinin iclasında müzakirə olunacaq. Ondan sonra dəstəyin qəbul edilib-edilməyəcəyi barədə qərar verəcəyik”.

Eldəniz Quliyev 24 sentyabrda keçirilməsi planlaşdırılan mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmədiyin vurğulayıb.

AXCP-nin sədr müavinləri Nurəddin Məmmədli və Gözəl Bayramlı da Müsavatın təklifi haqda danışmaq istəmədiklərini bildiriblər.

Müxalifətdaxili prosesləri diqqətlə analiz etdikdə Milli Şura ilə Müsavat arasında bağların çoxdan qırıldığını, hətta bu təşkilatlar arasında liderlik mübarizəsinin pik həddə olduğunu demək olar. Bu baxımdan Əli Kərimlinin Müsavata “hə” cavabı verməsi gözlənilmir. Ehtimal ki, Bakı meriyası icazə verərsə, MŞ Arif Hacılının təklifini növbəti dəfə rədd edərək təkbaşına mitinqə gedəcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti