Masallıda `ASAN festival` keçirildi - Fotolar+Video (YENİLƏNİB)

Masallıda `ASAN festival` keçirildi - Fotolar+Video (YENİLƏNİB)
  17 Sentyabr 2016    Oxunub:10928
AzVision.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların intellektual inkişaf, savad və dünyagörüşlərinin artırılmasına kömək göstərməkdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin kompleksin “ASAN xidmət” mərkəzindəki büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.



“ASAN festival”ın açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “ASAN xidmət” ailəsini salamlayaraq bildirib ki, bu gün rayonun tarixində əlamətdar bir hadisədir. Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Masallı rayonuna növbəti səfəri zamanı “ASAN həyat” kompleksinin açılışında iştirak edib.
“ASAN festival”ın kompleksdə keçirilən ilk tədbir olduğunu vurğulayan R.Hüseynov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, kollektivə ən xoş arzularını çatdırıb.



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov tədbir iştirakçılarını festivalın keçirilməsi münasibətilə təbrik edərək “ASAN həyat” kompleksinin Masallıda istifadəyə verilməsini ölkə başçısının rayon sakinlərinə böyük töhfəsi kimi dəyərləndirib. Qeyd olunub ki, “ASAN həyat” kompleksi təkcə xidmət obyekti deyil, eyni zamanda, gənclərin istirahət və mədəniyyət mərkəzidir.



Diqqətə çatdırılıb ki, “ASAN həyat” kompleksi sentyabrın 20-də fəaliyyətə başlayacaq. Azərbaycan Prezidentinin 2013-cü ildə “ASAN xidmət” könüllüləri ilə görüşdüyünü, 2014-cü ildə isə Sabirabad şəhərində Könüllülərin Birinci Ümumrespublika Forumunun keçirildiyini bildirən İ.Kərimov ölkəmizdə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində 8 mindən çox könüllünün olduğunu, Masallıda isə 60 nəfər könüllünün çalışdığını vurğulayıb.



Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov çıxışında qeyd edib ki, nazirlik bir çox sahələrdə “ASAN xidmət” mərkəzi ilə sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Təhsilin İnkişafı Strategiyasında gənc nəslin dünyagörüşünün formalaşmasının, onların intellekt səviyyəsinin yüksəldilməsinin qarşıya qoyulan mühüm vəzifələrdən olduğunu qeyd edən V.Məmmədov “ASAN xidmət” mərkəzlərinin onların həyatında əhəmiyyətli rol oynadığını bildirib.



Əfqanıstan İslam Respublikasında fəaliyyət göstərəcək “ASAN xidmət” mərkəzinin direktoru Şahzad Ayrobi çıxışında qeyd edib ki, ölkəsi ilə Azərbaycan dövləti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən tezliklə Əfqanıstan vətəndaşları da dünyada Azərbaycan brendi olan bu xidmətdən yararlanacaqlar. 2015-ci ildə BMT tərəfindən “ASAN xidmət”in mükafatlandırılmasını təqdirəlayiq hal hesab edən əfqanıstanlı qonaq Masallı sakinlərini təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlar “ASAN həyat” kompleksində yaradılan şəraitlə tanış olublar.



Festival çərçivəsində “Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyinin təşkilatı dəstəyi ilə “ASAN intellektual” inkişaf mərkəzində Masallı şəhəri, Təzə Alvadı, Xıl, Çaxırlı, Şərəfə, Hişkədərə və Mahmudavar kəndlərindən olan 60-a yaxın məktəblinin iştirakı ilə “Masallı ASAN İntellektual Kuboku” uğrunda bilik yarışı keçirilib. Yarışın yekun nəticələrinə görə Şərəfə kənd tam orta məktəbinin şagirdləri birinci yeri tutaraq kubok və medallarla mükafatlandırılıblar. Sonra kompleksdəki Heydər Əliyev İncəsənət Məktəbində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Bakıdakı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Mərkəzin nümayəndəsi Məhəbbət Mehdiyevanın mövzuyla bağlı məruzəsi dinlənilib.



Tədbirdə respublikanın tanınmış teatrşünası Məryəm Əlizadə Ulu Öndərin Azərbaycan teatrı, tarzən, Xalq Artisti Zamiq Əliyev böyük rəhbərin Azərbaycan musiqisinin inkişafındakı xidmətləri barədə çıxış ediblər. Xalq Artisti Simarə İmanova ümummilli lider Heydər Əliyevin sevdiyi musiqi nömrələrini ifa edib. Kompleksdəki kinoklubda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş Böyük Vətən müharibəsinin 70 illiyinə həsr olunan “Hədəf Bakıdır” filmi nümayiş etdirilib. Festival yerli və respublikanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.













AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti