Azərbaycanda nə qədər narkoman var?

Azərbaycanda nə qədər narkoman var?
  23 İyun 2016    Oxunub:2309
“Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfrans və sərgi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına daxil olan təşkilatların səlahiyyətli nümayəndələri, Bakı şəhər rayon komissiyalarının sədrləri, millət vəkilləri və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, tədbir “26 iyun – Narkotik maddələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə günü”nün qeyd edilməsi məqsədilə Nazirlik tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Prezidenti yanında Gənclər Fondu ilə birgə təşkil olunub.

Nazir müavini qeyd edib ki, gənclərin sağlamlığının qorunması daim dövlətin diqqətindədir: "Azərbaycanda bu günə qədər qəbul olunan sənədlərdə gənclərin sağlamlığı ilə bağlı xüsusi müddəalar yer alıb. Sağlam həyat tərzinin düzgün şəkildə qurulması üçün düzgün təbliğat işləri aparılmalıdır".

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev vurğulayıb ki, bu gün dünyada narkomaniya əsas bəlalardan biridir: "Təəssüfedici məqam odur ki, narkomaniyaya düçar olanların yaşı gəncləşir. Bu gün Azərbaycanda ən gənc istifadəçi qızın yaşı 13-dür. Fərdi layihələrin maliyyələşdirilməsində məhz bu mövzunu işləməyə üstünlük verdik ki, bu sahədə olan problemləri gündəmə gətirək. 200-ə yaxın layihə narkomaniyaya həsr olunub. Bu problemin mövcud olduğu regionlarda layihələrin icra olunmasının tərəfdarı olduq. Məqsədimiz gəncləri sağlam həyata sövq etməkdir".

Tədbirdə o da bildirilib ki, bu ilin ilk 5 ayı ərzində Daxili İşlər Nazirliyi narkotik vasitələrlə bağlı 1 389 fakt üzrə 486 kq 646, 695 qr, Dövlət Gömrük Komitəsi 39 fakt üzrə 999 kq 968,663 qr, Dövlət Təhlükəsizlik Xidməti 7 fakt üzrə 16 kq 215,95 qr, Dövlət Sərhəd Xidməti 4 fakt üzrə 17 kq 187,189 qr, Ədliyyə Nazirliyi 17 fakt üzrə 50,943 qr narkotik vasitələr və psixotrop maddələri qanunsuz dövriyyədən çıxarıb.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov deyib ki, keçən ilə olan məlumatına əsasən, mərkəzdə 28 555 nəfər qeydiyyatda olub: "Onlardan 23 153 nəfəri dispanser, 5 402 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 592 nəfəri qadın, 158 nəfəri toksikoman, 20 036 nəfəri (437 qadın) inyekson narkotik istifadəçilərdir. Narkotik istifadəçilərinin 5220-dən çoxu gənclərdir. Təxmimən ümumi sayın 18-19 faizini təşkil edir.

Keçən il 2 017 nəfər yeni qeydiyyata götürülüb, 2 118 nəfər isə qeydiyyatdan çıxarılıb. Mərkəzə müalicə üçün 2 833 nəfər könüllü müraciət edib. İl ərzində 48 məntəqəyə könüllü müraciət edənlərin sayı 44 278 nəfər təşkil edib. Sərxoşluq hallarının bütün növləri ilə bağlı 30 655 müayinədən keçib. Narkomaniya xroniki xəstəlikdir və sağalması uzun vaxt alır".

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti