17 yaşlı Günayın qətlinin səbəbi: `Qardaşı onu oğlanla tutub`

17 yaşlı Günayın qətlinin səbəbi: `Qardaşı onu oğlanla tutub`
  23 İyun 2016    Oxunub:24802
Xəbər verdiyimiz kimi, iyunun 19-da Əsrik çayının Tovuzun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan 17 yaşlı Günay Gülməmmədovanın qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub.
Aşağı Quşçu kənd sakini 22 yaşlı Ruslan Gülməmmədov bacısını bıçaqla boğazını kəsərək öldürüb, çayın üzərindəki körpünün altına atıb.

Faktla bağlı Ruslan Gülməmmədov saxlanılıb.

Qohumlarının AzVision.az–a bildirdiyinə görə, Günay Gülməmmədovanın atası və ögey anası onun qardaşı tərəfindən öldürüldüyünü bilibmiş. R. Gülməmmədovun həbs edilməməsi üçün cinayət işi ailə tərəfindən gizli saxlanılıb.

“Günayı doğma qardaşı Ruslan qətlə yetirib. Qardaşı onun başını kəsəndən sonra evə gəlib. O, özünü heç nə olmamış kimi aparırdı. Günayın meyiti tapılandan sonra Ruslan atasına qətl törətdiyini etiraf edib. Ailəsi onun tutulmaması üçün cinayəti ört-basdır etməyə çalışıb. Günayın atası kənddə bildirirdi ki, qızını sevdiyi oğlan öldürüb”.

Qohumlarının sözlərinə görə, R.Gülməmmədov bacısını oğlanla telefonda danışdığına və görüşdüyünə görə öldürüb: “Ruslan Günayı oğlanla görüşəndə tutub. O, bacısının telefonunda oğlana yazdığı mesajları görüb. Bundan sonra Ruslan bacısını öldürərək namusunu təmizləməyə çalışıb. Ruslan bacısının danışdığı oğlanı da öldürmək istəyirmiş. Həmin oğlan bunu biləndən sonra yoxa çıxıb”.

Əmisi Natiq Gülmməmədov isə dünənədək cinayətin Ruslan tərəfindən törədilməsindən xəbərsiz olduğunu deyib: “Polis əməkdaşları Ruslanı dindirəndə ondan şübhələniblər. Rusların sözləri bir-birinə uyğun gəlməyib. Sonda Günayı öldürdüyünü etiraf edib. Biz bunu biləndə dəhşətə gəldik. Ruslan bacısının ölümünə görə ağlayırdı, bütün günü qəm içində idi. Biz elə bilirdik ki, Günay danışdığı oğlan öldürüb”.

Qeyd edək ki, 17 yaşlı Günay Gülməmmədova orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Anası bir müddət əvvəl vəfat edib, taksi sürücüsü olan atası isə başqa qadınla ailə qurub.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti