Saytın qonağı |`Nə oldu, deyirlər Mossad edib... ` - Yevda Abramov | VİDEO (DAVAMI)

Saytın qonağı |`Nə oldu, deyirlər Mossad edib... ` - Yevda Abramov | VİDEO (DAVAMI)
  28 Oktyabr 2014    Oxunub:17128
AzVision.az saytının qonağı, 53 saylı Quba-Qusar seçki dairəsindən deputat Yevda Abramov oxucularımızın suallarına cavab verir. Cavabların birinci hissəsini buradan oxumaq olar.

Vahid:

- Sizin bir yəhudi kimi yox, bir insan kimi Fələstində körpə uşaqların qətliamından heç urəyiniz ağrıyırmı? O körpə qızcığazın dağıntı altında “Ya rəbbim” qışqırığına, bir daha onun körpə olduğunun sübutu olaraq dağıntı altında qumla oynamağına heç ürəyinizi ağrıyırımı? O vidieoya baxanda heç nəvələriniz gözünüzün qabağına gəldimi? Bəs iki yəhudi əsgərin o kiçik fələstinli uşağı elə vurmağı sizə təsir etdimi? Yoxsa bunların heç birindən xəbəriniz yoxdur?
Əgər problem HƏMAS-dırsa, onu zərərsizləşdirmək üçün İsrail kimi hər cür döyüş-kəşfiyyat texnikası, peykləri, radarlar olan bir ölkə başqa üsullarla onlarla mübarizə apara bilməzmi? Mütləq mülki əhali yaşayan yerləri raketlərlə bombalamalıdır? Yoxsa məqsəd insanların bu ərazidə yaşamasını dözülməz etmək, onları sıxışdırmaq, qorxu altında yaşatmaq və son nəticədə həmin ərazilərdən çıxıb getmələrinə gətirib çıxarmaqdır?




- Vahid qardaşım, mən bu məsələni xaricdə də ən yüksək tribunalarda demişəm. Hələ dünyada hansısa millət olmayıb ki, körpənin faciəsinə gülsün, ondan həzz alsın... Dünyada elə bir xalq, millət olmayıb, yəhudilər də həmçinin. Tövratda yazılır ki, əgər böyük bir imarət tikərsənsə və o imarətdə bir uşaq bədbəxt olursa, onu dağırtmaq lazımdır. Necə ola bilər ki, yəhudilər fələstinlilərin hələ yeriyə bilməyən, bağçaya gedən uşağını öldürsün?

O videonu yayan adam bilmir ki, HƏMAS-ın raketləri, silahları uşaq bağçasının damındadır. Oradan İsraili vurur. Bu gün İsrailin silahları 1 sm dəqiqliklə obyekti vurur. O, nə bilsin ki, atəş açılan yer bağçadır? HƏMAS İsrailə qarşı hansısa hərəkət edərkən məktəb binalarından, uşaq bağçalarından, məscid həyətlərindən istifadə edir ki, adekvat cavab verəndə İsrail fələstinlilərin nifrətini, dünyanın qəzəbini qazansın.

Vahid qardaşımız bilmir ki, həmin yaralı uşaqlar bu gün İsrail xəstəxanalarında müalicə olunur. Vahid qardaşımız bilmir ki, İsrail vurduğu məscidləri bərpa edir, məktəblər tikir. Dünyada elə bir ölkə varmı ki, bir ölkəyə ziyan vurur, onun xəstəsinin qanını, canını, təqaüdünü, ayağı üçün ortopedik ayaq, qol verir? Ermənistan bunu elədimi? Amma Vahid qardaşımız onu bilmir.

O körpələrə mənim də yazığım gəlir. Amma bu, müharibədir, toy deyil. İsrailin fələstinlilərlə heç bir problemi yoxdur.

Bəzən üsul tapılmır, başa düşürsünüzmü, bunlar elə gizli yerlərdə olurlar ki... Bakının metrosu qədər onlarda tunellər var. Bu tunellərdə gizlənirlər və top mərmilərini açıq binaların üstündə qoyurlar. Mən də bilirəm ki, cavab atəşilə həmin bina vurulanda uşaqlar dərsdə olurlar. Bilirsinizmi, ya gərək onu məhv edəsən, ya da o raketin atəşinə məruz qalasan.

Müharibənin də qanunları var. Heç bir uşağı israillilər öldürmürlər. Əksinə, İsrail əsgərləri bir ərəb uşağı mənim gözümün qabağında ölümdən qurtarmaq üçün onu qucaqlayıb, gülləni özünə qəbul edib. Azərbaycan vətəndaşı, oxucusu bunu dərk etməlidir. Bunu bilməlidir. Köhnə lentləri fırlatmaq ilə ikrah yaratmaq lazım deyil. İsrail bu gün Azərbaycana lazımdır. Strateji partnyorumuzdur. Sabah Yevda müəllim müəyyən problemlərin həlli üçün orada qapıları açmalıdır.

Onu da deyim ki, İsrail elitası Azərbaycan mediasından narazıdır. Çünki Bakı şəhərində tozanaq olanda da bunu “Mossad”ın adına yazırlar, işıqlar kəsiləndə az qalır desinlər ki, transformatoru “Mossad” partaldıb, Lənkaranda ev dağılıbsa, bunu İsrail edib... Olmaz belə şeylər...


Yusif:

- Yevda müəllim, yəhudilər hansı dinə qulluq edir? Bir də, sizin dində uşaq öldürmək varmı? Bağışlayın sualıma görə, axı yəhudilər dinsizdir...




- Biz iudaizim dininə xidmət edirik. Dünyanın ən qədim dinidir. İlahi kitabımız Allahın Musaya nazil etdiyi Tövratdır. İlk səmavi kitabdır. Bütün peyğəmbərlərimiz islam dinini qəbul edir.

Bizim dinə görə nəinki uşağı, heç bir canlını öldürmək olmaz. Allah buyurur ki, mənim yaratdıqlarıma yerdəkilərin heç biri qarışa bilməz. Mənim yaratdıqlarımı hamı qəbul etməlidir. Kiminsə həyatına xitam vermək də mənim ixtiyarımdadır. Ona görə də nəinki, uşağı, heç bir canlını öldürmək olmaz.

Rafiq:

- Mirmahmud Mirəlioğlu ilə münasibətiniz necədir?




Mirmahmud Mirəlioğlu Azərbaycan vətəndaşıdır, mənim onunla heç bir şəxsi münasibətim, görüşüm və ya debatım olmayıb.

Elvira:

- Yevda müəllim, sizcə, Avropada neft sənayesi üzrə master-klass keçib, miqrant kimi yüksək maaşla işləmək yaxşıdır, ya Azərbaycandakı neft şirkətlərində az maaşla işləmək? Avropadan əlavə, Amerika və Avstraliyadan da mənə təkliflər gəlib elmi işçi kimi onlarla işləməklə bağlı. Amerika həmişəlik qəbul edir, Avstraliya üçün isə Xəzərin hüquqi statusuna aid research etməliyəm...




- Mən bunu Amerikada oxuyan tələbələrə də məsləhət vermişəm. Ulu Öndərimiz Heydər Əliyev deyirdi ki, bizim xaricdə nə qədər kadrlarımız, mütəxəssislərimiz olarsa, bunun heç bir ziyanı yoxdur. Əksinə, xarici ölkələrdəki hər bir Azərbaycan vətəndaşı bizim üçün bir səfirdir. Ona görə, əgər ona yüksək maaş verirlərsə, Avstraliyada, Yeni Zelandiyada və ya ərəb, neft ölkələrində işləməsinin heç bir ziyanı yoxdur. Əksinə, bizim orada bir dostumuz, yaxın silahdaşımız, vətəndaşımız olacaq.

Bizim üçün diasporumuzla iş aparacaq gözəl kadrlar var. Məsələn, İngiltərədə Taleh Heydərov, Amerikada Anar Məmmədov böyük işlər aparır. Sabah Elvira xanım da xarici ölkələrdən birində Azərbaycan üçün çalışacaq.

Onsuz da Elvira xanım bir gün vətənə qayıdacaq, həmin ölkənin yüksək mədəniyyətini, mentalitetini, yüksək mütəxəssislik bacarığını bura gətirəcək. Əgər o sənətə burada ehtiyac varsa, mənə elə gəlir, vətənin 500 manatı oranın 1500 manatından daha yaxşıdır, çünki Vətən onsuz keçinə bilməz. Deyək ki, gözəl bir cərrah açıq ürək əməliyyatı aparır, biz xaricdən çox baha qiymətə gətiririk, amma bizim mütəxəssisimiz çox az bir qiymətlə Türkiyədə işləyir. Ona görə də, onun bura gəlməsi daha yaxşıdır.

Vasif:
- Quba üçün hansı planlarınız var?




- Millət vəkili seçildiyi rayonlar üçün planlar cızmır. O, seçildiyi rayonun problemlərini parlamentdə qaldırır, qanunvericilik mətbəxində işləyir. Qanunlara münasibətini bildirir, baxır, həmin qanunlara istinad edərək icra orqanları, başçıları nazirlər bu işlə məşğul olurlar. Millətin vəkilinin rayon barədə planları olmur. Amma rayonun iqtisadi məsələləri müzakirə olunanda iştirak edir, təkliflərini verir. Bunların icra edilməsi üçün başçıya yaxından köməklik göstərir.

İlyas:
- Parlamentdə olan və olmayan müxalifət partiyalarının durumu necədir sizcə?




- Demokratik cəmiyyətdə müxalifətin olması zəruridir. Müxalifət nə qədərgüclü olarsa, bu, ölkənin demokratik dəyərlərini daha da gücləndirir, iqtidar özü də güclənir. Çünki döşək üstünə güclü adamla çıxanda sən də güclü olmalısan.

Müxalifətə münasibətim normaldır. Çünki müxalifəti öz güzgüm hesab edirəm. Məndə olan çatışmazlıqları müxalifətin güzgüsündə görürəm. Cəmiyyətdə müxalifətin olması məni qıcıqlandırmır, daha da güc verir, bilmədiklərimi daha da çox öyrənirəm, fəaliyyətimi korrektə edirəm. Müxalifətin də enən və ya hakimiyyətdə olan vaxtları olub. Xalq özü bunu bilir, Azərbaycan xalqı ağı qaradan seçir. Biz vaxtilə YAP yarananda müxalifətdə olmuşuq. Biz müxalifətdə olmağın dadını da bilirik, hakimiyyətdə olmağın ləzətini də. Onlar da bunu görüblər.


Vaqif:
- Niyə son 25 peyğəmbərdən 24-ü yəhudi olduğu halda, Quranda İsrail övladlarına lənət oxunur?




- Quranda İsrail övladlarına lənət sözü yoxdur. Xahiş edirəm, həmin adam Quranın hansı ayəsində olduğunu desin. Görünür, həmin şəxs nə iudaizmin tarixini yaxşı bilir, nə də ki İslamın. Biz bir atanın iki övrətdən doğulan övladlarıyıq. İbrahim peyğəmbərin övladlarıyıq. Birimiz İshaqın, o birimiz İsmayılın övladlarıyıq. Ona görə də, qardaş qardaşı lənətləyə bilməz. Mən Quranda oxucunun dediyi elə bir söz tapa bilməmişəm.


Bəhram:
- Niyə Moskvadakı yəhudilər azərbaycanlılara hörmət etmir? Əksinə, incidirlər...




- Bu sualı verən getsin “Sadovod”, “Lüblino” bazarlarına, “Lotos”a, orada milli tərkibə görə işçilərin sayını öyrənsin və bilsin. Mən dəqiq deyə bilərəm, orada satıcıların, obyekt sahiblərinin 70%-i azərbaycanlılardır. 25%-i isə digər millətlərdir, içində də yəhudilər. Onların başçıları yəhudilərdir, amma minlərlə azərbaycanlılarımız Gəncəbasar, Talış zonası, qız-qadın, uşaq, əli iş tutan oradan çörək yeyir.


Azər:
- Tankı, təyyarəsi, gəmisi olmayan Fələstinlə bacara bilməyən İsrail kimi superdövlət İranla müharibə etsə, iki gündən artıq davam gətirə bilərmi?




- İsrail superdövlət deyil. Kiçik bir dövlətdir. Uzun illərdir İsraili sevməyən dövlətlərin əhatəsindədir. Buna baxmayaraq, İsrail özünü qoruya bilib. 6 milyon yarımlıq yəhudi, 100 milyonluq ərəb dövlətlərinin əhatəsindədir. Bu günə qədər tab gətirib və bundan sonra da özünün apardığı düzgün siyasət nəticəsində Yaxın Şərqdə aparıcı, güclü ölkələrdən biri olar. Kimin kimi məhv etməsi isə düzgün yanaşma deyil. Nə İran İsraili, nə də İsrail İranı iki günə məhv edə bilər.


Fərid Azəri:

- Vaxtilə Fələstinin tarixi torpaqlarında məskunlaşaraq İsrail dövlətini yaratmış yəhudilər indi fələstinlilərə qarşı elə öz əzəli vətənlərində soyqırım törədir. İsrail 14 May 1948-ci ildə Fələstinin parçalanması ilə müstəqil oldu. Fələstin isə hazırda öz mövcudluğunu muxtariyyət statusunda davam etdirir. Bu kontekstdə ölkəmizdə yaşayan yəhudilərin gələcəkdə İsrail dövlətinin də dəstəyilə Azərbaycan hökumətindən muxtariyyət tələb etməsi, itaətsizlik aksiyaları keçirməsi ehtimalı nə dərəcədə real görünür?




- Bu şəxs Yaxın Şərqin tarixini bilmir. İsrail dövləti Fələstinin ərazisində yaranmayıb. İsrailin tarixi 5775 ildir. Musa öz qövmünü Misirdən çıxarıb ora gətirəndə həmin ərazilərdə çobanlar, tərəkəmələr yaşayırdı. Dövlət adında bir şey yox idi. Fərid bəy Abdıyevin “Yaxın Şərq Tarixi”ni oxusun. Fələstin dövləti İsraildən çox sonra yaranıb.

İsrail dövləti Romanın, yunanların, Osmanlının işğalına məruz qalıb, sonra ingilis mandatına keçib, 14 may 1948-ci ildə isə həmin ərazidə iki dövlətin yaradılmasına icazə verildi. İsrail yaradılmadı, yenidən bərpa olundu. Lakin təəssüflər olsun ki, əks tərəf razılaşmadı. Bu gün də məsələ gündəmdədir, müharibələr gedir... Fələstinə həmişə terrorçu təşkilatlar başçılıq ediblər, burada bir dövlətin yaranmasına imkan vermirlər. Bu iki dövlət orada qardaş kimi yaşaya bilər, bu gün də imkanlar var.



- Azərbaycanda yəhudilərin aksiyalar, etirazlar keçirilməsinə gəlincə isə, qətiyyən mümkün deyil. Yəhudilər Tövratın yolu ilə gedirlər, dünyada İsrailə tarixi dövlətləri kimi qiymət verirlər, hansı ölkənin ərazisində yaşamalarından asılı olmayaraq, heç bir dövlətdən muxtariyyət tələb etmirlər. Rusiyada yaradılan yəhudi vilayəti isə Rusiya dövlətinin təkidi ilə olub. İsrail-Rusiya münasibətlərinin yaxşılaşdırılması üçün Rusiya tərəfindən İsrailə olan müsbət jestin nəticəsi olaraq bu vilayət Uzaq Şərqdə, tayqada yaradılıb. Amerikada 6 milyon yəhudi yaşayır. Onlar heç vaxt bunu istəməyiblər. Bizə muxtariyyət lazım deyil.


Vüqar:
- Sizcə parlamentdəki ən aktiv deputat kimdir?




- Mən heç kimin adını çəkmək istəmirəm. Hər kəs öz bacarığına görə aktivdir. Aktiv olmayan, savadsız adam deputat ola bilmir. Bu, küçə söhbətləridir ki, deyirlər ki, kimsə kiməsə pul verdi, dayısı deputat gətirib qoydu. İki çağırış deputat olmuşam, YAP-a və onun sədrinə minnətdaram. Parlamentə təsadüfü düşən adam yoxdur.


Mikayıl:
- Süleyman məbədi yenidən tikiləcəkmi? Bunun tikilməsi imanımızı necə gücləndirəcək? Və Kabbala-nın imanımızdakı yeri necədir?




- Məbəd tikiləcək, çünki Azərbaycanda, İslam dinində Mehdinin zühuru versiyası var ki, bizdə də belə bir inam var. Maşiyah gələcək və Süleyman məbədi tikiləcək. Amma nə vaxt gələcək? O vaxt gələcək ki, insanlarda bir-birinə qarşı sevgi, ədalət olsun, ağsaqqala hörmət olsun. Belə bir dövr olanda Maşiyah zühur edəcək, məbəd tikiləcək.

Kabbala çox dərin bir elmdir. Kabbaladan danışmaq məsuliyyətini üzərimə götürməzdim. Ondan danışan adam özü kabbalist olmalıdır.

Kabbalada azərbaycanlıların inam yeri harada olacaq - mən onu deyə bilmərəm. Savadım və dinə bağlılığım o dərəcədə deyil. Kabbala çox mücərrəd elmdir, onunla uzağı İsraildə 10 nəfər məşğul olur, ya yox.

Xuraman Qarayeva:
- Salam, hörmətli deputatımız Yevda müəllim, sizin televiziyada çıxışlarınızı izləmişəm. Və çox da bəyənmişəm. Sizə sualım var. Mənim övladım idmançıdır. Onun xarici dövlətdə bir yarışda iştirak etməyinə maddi dəstək göstərə bilərsinizmi?




- Bəzən insanlar düşünür ki, deputata zəng edim, görüm uşağımın sponsoru ola bilərmi, xəstəmin böyrəyini dəyişdirtdirə bilərmi... Mən bilmirəm, bu mentalitet haradan gəlib. Deputat nə ürək, nə də böyrək dəyişəndir, nə də kiminsə arxasında dəstək olmalıdır.

Düzdür, mən şuşalı bir qızın müalicəsi üçün 30 min dollar dəyərində dəstək olmuşam. 14 yaşlı qız idi, yeriyə bilmirdi. Şəkər xəstəsi olub ki, ona da eyni cür kömək etmişəm. Amma bu, insanın ömründə 2-3 dəfə olar. Axı biz aldığımız maaşla bütün bu məsələləri həll edə bilmirik. Bunu elə bir adam edə bilər ki, böyük şirkət sahibi, zavod direktoru olsun, əllərində iqtisadi riçaqları olsun.

Mən elə bir deputatam ki, ailəmin dolanışığı, seçicilərimin xırda problemləri bankomatdan çıxardığım maaşla həll olunur. Ona görə heç kimə söz verə bilmirəm ki, onun oğlunun idman sahəsində inkişafına sponsorluq edə bilərəm. Müəyyən yerlərdə, müəyyən ölkələrdə dostların köməyi ilə mənəvi dəstək verə bilərəm.


Məhəmməd Həsən:
- Yevda müəllim, İsraildən hansısa maddi dəstək olurmu? Səmimi cavabınız seziləcək.




- İsraildən bir qəpik də olsun, maddi dəstək almıram. İsrail dövləti də heç kimə maliyyə dəstəyi göstərmir. Yəhudilər pulun qədrini bilirlər, hər yerə pul xərcləmirlər.


Gülbala:
- Bir tarixçi kimi, sizcə, Azərbaycanın ən böyük sərkərdəsi kimdir?




- Azərbaycanın böyük sərkərdələri olub. Lap qədim dövrdən Tomris, Babək, Cavidan çox böyük sərkərdələrdir. Həmçinin, Şah İsmayılı mən çox böyük sərkərdə hesab edirəm.

Sənan:
- Bir azərbaycanlı deputat olaraq Azərbaycan üçün nə etmisiniz?




- Mən əsas fəaliyyətimi xaricdə lobbiçiliyin güclənməsində göstərirəm. Bir neçə dəfə erməni “soyqırımı”nın Knessetdən çıxarılmasına nail olmuşam. Elə vaxt olub ki, az qala qəbul olunacaqdı, mən onu çıxartdıra bilmişəm. Buna görə erməni saytlarında təhqir də olunmuşam.

Bir deputatın ona verilmiş səlahiyyətləri həddində doğma Azərbaycanım üçün çalışıram. Baxmayaraq ki, övladlarım xarici ölkələrdə yaşayır, mən Azərbaycanı heç vaxt tərk etməmişəm, etmək fikrində də deyiləm. Yəni imkanlarım dairəsində nə mümkündürsə, xalqım üçün etmişəm. Avropa ölkələrində, Türkiyədə, İsraildə, ABŞ-da gücüm çatan qədər, səlahiyyətim daxilində bacardıqlarımı etmişəm.Deputat nə etməlidir, Azərbaycan üçün böyük bir stadion tikməli deyil ki. Şükürlər olsun, Azərbaycan dövləti elə bir dövlətdir ki, özü hər şey edə bilir.

Sahib:
- Parlamentin üzvi kimi ölkədəki 10 siyasi partiyanin adını çəkə bilərsiniz?




- Çəkə bilərəm, niyə çəkmirəm? Elə 4-5 partiyanın təmsilçisi bizim millət vəkilidir. Lap 10-dan da çox ad çəkə bilərəm. Bu gün Azərbaycanda 50-yə yaxın partiya qeydiyyatdan keçib. Mən tarixçiyəm, yaddaşım da gözəldir. Həmin partiyaların üzvlərinin çoxu ilə dostluq edirəm.


Kənan M-Lee:
- Salam, milliyyətcə yəhudi olub, fars dilini öyrənməyinizin əsas məqsədi nə olub? Kəşfiyyatçı olmaq istəyirdiniz əvvəl?




- Mənim kəşfiyyatçı olmağım artıq gecdir. Mən bu dili xüsusi öyrənməmişəm, oxuduğum tarix fakültəsində keçmişəm. Ali məktəbdə yaxşı oxuduğuma görə fars dilini öyrənməyə məcbur olmuşam.
Ancaq sualı verən bilirmi ki, yəhudilər vaxtilə İrandan köçmələr olduqları üçün dağ yəhudilərinin dilinin 65% -i fars sözləridir?

Tamerlan:
- Niyə İsraildə Azərbaycan səfirliyi yoxdur?




- Doğrudur, Azərbaycanda İsrail səfirliyi fəaliyyət göstərir, amma İsraildə Azərbaycan səfirliyi yoxdur. Buna görə də “niyə yoxdur?” sualı ilə mənə dünyanın hər yerindən müraciət edirlər. Millət vəkili səfir seçmir. Bu, mənim səlahiyyətim deyil. Bu, cənab Prezidentin səlahiyyətində olan bir məsələdir. Hər kəs öz sferasını bilməlidir. Amma hər kəs xatircəm olsun, bir gün televiziyada eşidəcəklər ki, filankəs İsraildə Azərbaycanın səlahiyyətli səfiri təyin olunub. Belə bir gün olacaq.

Sözsüz:

- Bu sualımla elmi-tədqiqi bir məsələni ayırd etmək istəyirəm və xahiş edirəm, heç bir siyasi fon verilməsin. Deməli, araşdırmalarım bunu deməyə əsas verir ki, Yəhudilik bir din olaraq Musa peyğəmbərlə Tövratla insanlara, o cümlədən, azərbaycanlıların da ulu əcdadları tatlara - tat etnosuna nazil olmuş və Sinaqoq da bir ibadət evi kimi bu dinin atributlarından biridir. Ancaq mənə məlumdur ki, Cənubi-şimali-qərbi Azərbaycanda yaşayan, sonradan Osmanlı və digər imperiyaların təsiriylə assimliyasiyaya uğramış, qismən türkdilliləşdirilmiş aborigen tatlar- tat etnosu Yəhudi dininə sitayiş etmişdir.
Sözsüz ki, ta qədimdən əsas dinlərə azərbaycanlılarin ulu əcdadları sitayiş ediblər və bu ənənə - tolerantlıq bu gün də Azərbaycanda hökm sürür.
Sual olunur:
1) Hazırda İsraildə yaşayan aborigen əhali olan – “yəhudi” adlandırılan etnosun milli mənsubluğu hansı millətə məxsusdur və necə adlanır?
2) Hazırda Azərbaycanda yaşayan yəhudilərin milli mənsubluğu - etnosu hansı millətə məxsusdur və necə adlanır?
3) Hazırda ABŞ-da, Avropada və digər dünya dövlətlərində yaşayan yəhudilərin milli mənsubluğu - etnosu hansı millətə məxsusdur və necə adlanır?
Çünki danılmaz faktdır ki, tatlar - tat etnosuna aid olan azərbaycanlılar da dağ yəhudiləridirlər və əcdadlarımızın da dağ yəhudisi olmağına kifayət qədər dini-tarixi sübutlar vardır.
Xahiş edirəm, sualımı dərc edəsiniz və hörmətli millət vəkili, Azərbaycan yəhudisi olan Yevda müəllim bu sualımı elimi-dini-tarixi nöqteyi-nəzərdən ətraflı cavablandırsın. Əvvəlcədən veriləcək dolğun cavaba görə öz minnətdarlığımı bildirirəm.




- Heç bir siyasi rəng vermədən, yəhudi və vətəndaş kimi suallarına cavab verirəm.
Sual verən məsələləri bir az qarışdırıb. Tat yəhudi deyil. Tatlar və yəhudilər uzun illər fars imperiyasında bir yerdə yaşayıblar. Və Sasanilər dövründə eramızın 4-cü əsrində müəyyən vasitələrlə İrandan Azərbaycana gəliblər.

Tat yəhudi deyil, yəhudi olmaq başqa şeydir. Düzdür, dinşünas alimlər tatların 3 növünü göstərir. Xristian tatlar, iudaist tatlar, bir də islamçı tatlar. Bunu sadəcə olaraq, din alimləri məsələnin mahiyyətinə varmadan işi tez başa vurmaqdan ötürü belə müəyyənləşdiriblər.

Bizim əslimiz və kökümüz ora gedib çıxır ki, eramızdan əvvəl 586-cı ildə Assuriya çarı Navuxadanasorun dövründə müqəddəs divarlar, Yerusəlim darmadağın edilərkən ulu babalarımız qul kimi İraqa, Suriyaya, İrana gətiriliblər. Biz tat sayılmırıq, sadəcə olaraq, yaşadığımız ölkələrdə yerli xalqların dillərini, adətlərini almışıq.

Biz İrana gələndə fars dilini qızlarımızın namusunu qorumaqdan, qızlarımızı digərlərinə ərə verməməkdən ötrü öyrənmişik. Yəhudiliyimizi, bütövlüyümüzü qoruyub saxlamaqdan ötrü bu dildə danışmağa məcbur olmuşuq. Biz dil anlayışında tatlara yaxınıq. Amma nə tatlar iudaizmə xidmət edirlər, nə də bizlər islama. Əgər bizi Xəzərlər ilə eyniləşdirsə, onun mövqeyini qəbul edərdim. Amma tatlarla eyniləşdirmək düzgün deyil. Bu barədə Tarix İnstitutu mükəmməl işləyib və eyni olmadığımız sübut olunub.

Tatlar yaşadıqları yerlərdə xristianlığa meyl ediblər. Belə hadisələr çox olub. Nadir şahın dövründə yəhudilər öz ailə namusunu qorumaqdan ötrü islamı qılıncla qəbul edib. Deyiblər ki, ananın, qızın qeyrəti, isməti yəhudiliyə xidmətdən daha üstündür. Amma ürəyində bir yəhudi təəssübkeşliyi olub. Tövratı gizlədib saxlayıb. Bir sözlə, biz ayrı-ayrı qövmlər, millətlər hesab olunuruq.

Azərbaycanda biz özümüzü aborigen hesab edirik. 2500 ildir burada yaşayırıqsa, biz artıq gəlmə hesab olunmuruq. O ki, qaldı Avropada yaşayan yəhudilərə, onlar dağ yəhudisi yox, Avropa yəhudiləridirlər, İsraildən köçmələrdir. Onlara Avropa mənşəli, bizə isə dağ və ya Asiya mənşəli yəhudilər deyirlər. Onlar da öz ölkələrində aborigen xalqdır, yaşadıqları ölkələrin siyasətində iştirak edirlər.

Bir sözlə, bu məsələlər elmlə sübut olunub. Dünyanı salamat görmək istəyirlərsə, əslində dinlərə barışıq gətirmək lazımdır. Əgər qövmlər bir–birini başa düşsələr, başlarını qaldırıb tək allaha sitayiş etsələr, dünyada bu bəlalar olmaz.

Şahanə Rəhimli
Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti